İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqabət Məcəlləsi ilə bağlı dinləmə keçirilib - FOTOLAR

Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləməni komitənin sədri Tahir Mirkişili açaraq, əvvəlcə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri ilə bağlı təbriklərini çatdırıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət, şəhidlərin yaxınlarına başsağlığı, yaralılarımıza şəfa diləyib. O, antiterror tədbirlərində əldə edilmiş uğurun regionda sülhün və əməkdaşlığın, həmçinin ölkə iqtisadiyyatının gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.
Milli Məclisin komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. Tahir Mirkişili bu gün parlamentdə sənədin geniş ictimai dinləməsinin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bazar iqtisadiyyatına keçidin uğurla nəticələndiyini və ölkə iqtisadiyyatında əlavə dəyərin formalaşmasında özəl sektorun payının 83 faizdən çox olduğunu deyən komitə sədri son illərdə ölkədə aparılan iqtisadi islahatların, dövlətin bu istiqamətdə inzibati metodlardan daha çox tənzim metoduna keçməsinin sahibkarlar arasında ruh yüksəkliyi, eyni zamanda, iqtisadiyyatın inkişafında əsaslı fəallıq yaratdığını bildirib. O, yeni Rəqabət Məcəlləsinin qəbul olunmasının ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, sənədin ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, sənəd həm də istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, sənədin hazırlanması prosesi, beynəlxalq təcrübə, sənəddəki yeni anlayışlar barədə məlumat verib. Elnur Əliyev bildirib ki, sənədin qəbulu ilə iqtisadiyyatda özəl sektorun rolunun artırılması, bazar münasibətlərinin möhkəmləndirilməsi, müasir çağırışlara cavab verən azad, sağlam rəqabət mühitinin yaradılması təmin olunacaq. Həmçinin inhisarçılığa, sövdələşmələrə, o cümlədən digər bazar manipulyasiyalarına qarşı effektiv mübarizə aparılmasına əlverişli imkan yaranacaq.

Sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli yeni Rəqabət Məcəlləsinin təqdimatını edib. O, Məcəllənin hazırlanmasını zəruri edən amillərdən danışıb, bildirib ki, cənab Prezidentin fərman və sərəncamlarında qoyulan tapşırıqlara uyğun olaraq yeni iqtisadi və sosial çağırışlara hazır olmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək üçün Avropa İttifaqının, həmçinin Türkiyənin, Rusiyanın, Qazaxıstanın bu sahədəki təcrübələri araşdırılıb, müvafiq beynəlxalq tövsiyə sənədləri və məhkəmə təcrübəsi öyrənilib.

Sənədin ümumi prinsipləri, yanaşmaları və üstünlükləri barədə məlumat verən Məmməd Abbasbəyli bildirib ki, məcəllənin əsas üstünlüklərindən biri bazarın sərhədinin dəqiq müəyyən edilməsidir. O, qeyd edib ki, bu məcəllənin əsas məqsədləri inhisarçılığı, haqsız rəqabəti aradan qaldırmaq, ölkədə rəqabət əsasında dayanıqlı iqtisadi inkişafı təmin etməkdir. Xidmət rəisi sənəddə təsbit olunan rəqabətə dövlət nəzarətinin tənzimlənməsi, dövlətin rəqabətə təsir formaları, məsuliyyət tədbirlərinin tətbiqi və digər alətlər barədə məlumat verib.

Müzakirələr zamanı Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Etibar Əliyev, Vahid Əhmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər çıxış ediblər, layihə barədə fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Çıxışçılar yeni məcəllənin ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına böyük təsir göstərəcəyini qeyd ediblər. Onlar Rəqabət Məcəlləsinin tətbiqi zamanı keçid dövrünün və işləmə mexanizminin müəyyən olunmasının, maraqların toqquşmasının və manipulyasiyaların qarşısının alınmasının vacibliyini bildiriblər, həmçinin sənəddə əks olunan terminoloji yanaşmalar, dövlət nəzarəti orqanının müstəqilliyinin təmini, bazarda hökmran mövqeyin müəyyən olunması, təsərrüfat subyektlərinin davranışlarının qiymətləndirilməsi kimi məsələlərlə bağlı qeydlərini diqqətə çatdırıblar.

Sonda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dinləmədə qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Tədbirdə Milli Məclisin komitə sədrlərinin müavinləri Əli Məsimli, Tahir Kərimli, deputatlar Mahir Abbaszadə, İqbal Məmmədov, Nurlan Həsənov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Milli Məclisin müvafiq şöbələrinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, aidiyyatı institutların və təşkilatların nümayəndələri iştirak ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR