Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə olacaq.
O, Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır. Elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.
Musavat.com-un əməkdaşı Qarabağın ilk tələbəsi və onun atası Ehtiram Muradlı ilə söhbətləşib, onların xoş xəbərlə bağlı təəssüratlarını öyrənib.
-Ehtiram bəy, oğlunuz bütün ölkəyə səs-küy salıb. Bir valideyn olaraq, yəqin ki, möhtəşəm hisslər keçirirsiniz...
- Övladımın 30 illik həsrətə son qoyulmuş bir məmləkətdə, Qarabağın mərkəzində açılmış universitetin tələbəsi olması qürurverici hisslər yaradır. Oğlumun nailiyyətləri çox böyük olub. Bu günə kimi 6 dəfə məntiq, fizika, astronomiya üzrə fənn olimpiadalarında bürünc, gümüş və qızıl medallar qazanıb. Eyni zamanda Polşada beynəlxalq astrofizika olimpiadasında milli komandanın tərkibində iştirak edib. Həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.
- Atillanın uğurlarının arxasında valideynlərinin güclü dəstəyi, yoxsa övladınızın zəhmətkeş olması dayanır?
-Valideynlərin tərbiyəsinin, yön verməsinin böyük əhəmiyyəti var. Nəzarətsiz yerdə heç vaxt inkişaf ola bilməz. Atilla çalışqan uşaqdır. Onun özəlliklərindən biri də odur ki, bu qədər uğurun qarşılığında heç bir repetitor yanına getməyib. Sadəcə olaraq təhsil aldığı orta məktəbin fizika müəlliməsi Züleyxa Sultanlı təmənnasız olaraq 8-9 -cu siniflərdə ona çox böyük dəstək göstərdi, xüsusi məşğul oldu. Sonrakı nailiyyətlərində tanınmış fizikaçı Rəşadət Qədimalıyevin, eyni zamanda Xıdır, Abdulla, Famil, Vaqif müəllimin böyük əməyi var.
- Oğlunuzun Qarabağ Universitetində təhsil alması onun, yoxsa sizin seçiminiz idi?
- Uşaqlarımın heç bir seçiminə maneə yaratmıram. Onun 7-ci sinifdə oxuyan bacısı Tomris Muradlı biologiya üzrə respublika fənn müsabiqəsinin bu ilki finalında iştirakçı oldu. İnşallah o da Atillanın yolunu davam etdirər.
Ən kiçik oğlumun adı isə Metedir. Evimdə türk adını daşıyan 3 uşaq böyütmüşəm. Hər biri məktəbi əla qiymətlərlə oxuyur.
- Atilla, bir az da səninlə söhbətləşək. Bütün mətbuat səndən yazır? Belə nəticəni gözləyirdinmi?
- Özümlə qürur duydum. Adam zəhmətkeş olmasa, istedad dadına çatmır. İstedadı yalnız çox çalışmaqla üzə çıxarmaq olar. Qarabağın gözəlliyini, ab-havasını çox xoşlayıram. 30 ildən sonra bu torpaqda ilk universitetin tələbəsi olacağam. Bunu Ali Baş Komandana, qazilərimizə, şəhidlərimizə borcluyuq.
- Oxuyacağın universiteti gedib görmüsənmi?
-Hələ gedib görməmişəm. Səbirsizliklə, həyəcanla gözləyirəm. Qarabağın heç bir yerində olmamışam.
- Peşə seçimindən danış. Gələcəyini necə görürsən ?
-Qarabağ Universitetində 4 il bakalavr təhsili aldıqdan sonra xaricdə aerokosmik mühəndislik ixtisası üzrə təhsil almaq istəyirəm. Azərbaycanımızı inkişaf etdirəcək layihələrə imza atacağam.
Qeyd edək ki, i, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu olan A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərib. O, Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.
Xatırladaq ki, 2019-cu ildən beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.
Şahanə Rəhimli
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ