Onlayn ictimai-siyasi qəzet
Amerikada gənclər arasında santexnik, elektrik, kombi təmirçisi kimi peşələrə maraq artıbmış. Gellap İnstitutunun araşdırmalarına görə, artıq amerikalılar ali təhsilin, universitetlərin bir işə yaramadığı qənaətinə gəlməkdədir. Hazırda ABŞ universitetlərində oxuyan gənclərin sayı 2011-ci ildəkindən 3 milyon nəfər az imiş. Bunun çoxlu səbəbləri varmış: ali təhsillə iş tapmaq çətindir; yüksək maaşlı şirkətlərdə vakant yerlərə təcrübəli adam axtarırlar, lakin bu təcrübəni kim və harda yığmalıdır, məlum deyil; sadə peşələrdə çalışan elektriklər, santexniklər, qaynaqçılar və sairə qocalıb, onların yerinə gələn isə yoxdur, nəticədə əmək bazarında tələbat, uyğun olaraq maaşları artıb.
Açığı, ilk dəfə bu araşdırmanı oxuyanda yadıma saqqallı lətifə düşdü. Valideynlər yeniyetmədən soruşurlar hansı peşəni seçmək istəyir, uşaq deyir: “Santexnik, ya da pizza daşıyan olacağam”. Ata anaya pıçıldayır: “Sənə demişdim, videokaseti yaxşı yerdə gizlətməliydik”. Şübhəsiz, anlayanlar mövzunu anladı, anlamayanlara da salam olsun, əsl mentalitetimizə layiq, tərbiyəli yoldaşlardır.
Elə bizim də tema ciddidir, hırıldamağın qəti yeri yoxdur. Üstəlik, aktualdır. Bu saat təhsil ocaqlarımızda yeniyetmələrin ütülməsi dövrüdür. İmtahanlar qızışmışdır. Gah 9-cular, gah 11-cilər... Biz uşaq olanda, 1980-ci illərdə bir düşük hind filmi klublarda verilərdi. Filmdə azğın tələbələr gənc müəllimi döymək, şantaj eləmək istəyirdi, o da, deyəsən, karateçi çıxırdı. Əcəb dövrlər idi. Bu niyə yadıma düşdü, heç məlumatım yoxdur.
Keçən bazar Bakı məktəblərində 9-cuların imtahanını canlı müşahidə elədim. Millət yağışın, suyun içində qalmışdı. Məktəblərin ağzı probka, icazəsiz mitinq. Valideynlər dalaşır, sürücülər böyürüşür, məhəllə sakinləri dingildəşirdi. Görəsən, məktəblərin darvazasını açıb bu kütləni həyətə buraxmaq çətin işdirmi? Nəyə mane olur? Bu nə mənasız tıxacdır? Xalqa niyə əziyyət verirsiniz, üstəlik, müqəddəs aprel ayında?
Ümumiyyətlə, mənə imtahanların dərə-təpəyə salınmasının anlamı həmişə maraqlı gəlmişdir. Binəqədidə yaşayan uşaq gedir Nərimanova. Nərimanovdakı Qaraçuxura. Qaraçuxurdakı Qobustana. Qobustandakı Zəngəzura. Elə bil pişik balası azdırırlar. Bəyəm hər uşaq öz xarabasında imtahan versə, təhsil idarəmizin, imtahan komissarlarının üzüyünün qaşı düşər? Onsuz nəzarətçilər həmin məktəbdən olmur, video ilə nəzarət var, polis var, hətta yanğınsöndürən və təcili yardım əlavə edilir. Bu dördqat müdafiə səddini yarıb imtahanda şuluq salmaq imkansızdır. İcazə verin hər uşaq öz məktəbində imtahan versin. “Doğma divarlar” həm də uşaqlara psixoloji yardımçı olar, güvən verər. Sovet vaxtı hamı girmək istədiyi ali məktəbdə imtahan verirdi, valideynlər də həyətdə gözləyirdi. Nəsə problem yaranmırdı. Yox, əgər məqsəd xalqın uşaqlarını mələtmək, analarını ağlar qoymaqdırsa, mən pas. Davam edin indiki kimi.
Bir maraqlı təklifim də var, istəyirəm onu oxucularımızın ixtiyarına verim.
Bizdə Elm və Təhsil Nazirliyi var, qəbul edirik, yəqin dövlətə lazımdır. Lazım olmasa niyə nazirlik olsun? Eyni zamanda uşaqların kütləvi şəkildə repetitor yanına getdiyini hamımız bilirik. Siniflər boş qalır, müəllimlər ağlaşır, direktorlar qayıbları silmək üçün pullaşır, uşaqlar kursa getmək üçün yollaşır, jurnalistlər ulaşır və sairə (axırıncını qafiyə üçün yazdım - oxuculara mədəni xidmət göstəririk). Lakin bu boyda repetitor institutunun, quruluşunun bir idarəsi yoxdur! Məncə, biz Repetitor Nazirliyi qayırmalıyıq. Vaxtıdır. Hələ gecikirik. Necə olur ki, yüz minlərlə insanı (müəllim-valideyn-uşaq-şofer və sairə) əhatə edən bu fəaliyyət növünün rəsmi nazirliyi, ya da ən azından dövlət komitəsi olmasın? Hüquqi boşluqdur. Təcili tənzimlənməlidir. Məsələn, ilkin olaraq repetitor yanına gedən uşaqların ağ və qırmızı tuman geyməsi tələbi qoyulmalıdır. Məktəbə gedən uşaqlardan fərqləndirmək üçün.
Çox gülünc haldır ki, bizdə hava idarəsi var, siçan-pişik idarəsi var, pambıq, üzüm, quzu nazirliyi var, hətta mollaların idarəsi var, lakin repetitor kimi geniş yayılmış, faydalı peşəyə baxan (oxu: bakan) yoxdur.
İndi söz əlaqədar təşkilatlarındır, məni bazar günü məktəbin ağzında soyuq vurub, yazını bitirməyə məcburam. Faktiki, özümü elm və təhsil fədaisi kimi hiss edirəm.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ