İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejissorun filmindən yığılan pul kinoteatrın işıqpuluna ödənildi, səbəb...

“Təxminən bir il bundan əvvəl Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik”.

Musavat.com bildirir ki, bu sözləri rejissor Emil Quliyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, hələ də pulunu ala bilməyib:

“Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun”.

Məsələyə rejissor-prodüser Fehruz Şamıyev bu cür mövqe bildirib:

"Rejissor Emil Quliyev Nizami Kino mərkəzindən öz filminin nümayişindən gələn dost-doğma vəsaitini istəyib. Rejissorun dediyinə görə, Mərkəzdən bildiriblər ki, onun vəsaiti ilə kinoteatrın işıq borcunu ödəyiblər və o da bu cavaba görə utanıb.

Statusda yazıldığından fərqli olaraq mən statusda yazılan mənada utanmalı bir məsələ görmürəm. Nizami Kino Mərkəzi onsuz da hər gün hər rejissorun əvəzinə utanır, hər prodüserin əvəzinə əzilib sıxılır ki, onların vəsaitini qaytara bilmir.

Mərkəz rejissorun, prodüserin pulunu sağa-sola xərcləmir, sadəcə kino camiəsinin ticarət mərkəzlərində, hansısa dəxlisiz zallarda toplanmasına imkan verməmək üçün binanın fəaliyyətini davam etdirməsinə xərcləyir.

Nizami KM-də hər il dövlət idarələrinə məxsus onlarla tədbir, film təqdimatları keçirilir. Amma çoxlarının xəbəri yoxdur ki, bu tədbirlər üçün Nizami KM-ə heç bir manat da ödənilmir. Niyə? Ona görə ki, hörmətli Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi buna icazə vermir.

Nizami Kino Mərkəzi isə bu qarışıqlıqda Emilin dediyi kimi borc içində boğulur və problem neçə ildir davam edir. Bütün bunlardan sonra məncə utanmalı tərəfin Nizami Kino Mərkəzinin olduğunu düşünmürəm".

Məsələ ilə bağlı Nizami Kino Mərkəzindən qafqazinfo.az-a bildirilib ki, ödənişdə gecikmə olması doğrudur: “Bu o demək deyil ki, ödəniş olunmayacaq. Hər şey müqavilə əsasındadır. Sözsüz ki, ödəniş olunacaq. Bu, Emil Quliyevin Nizami Kino Mərkəzində yayımlanan ilk filmi deyil. Daha əvvəlki bütün filmlər üçün ödəniliş edilib. İşıqpulu məsələsinə gəldikdə isə, kommunal borclar hər yerdə olur. Bu o demək deyil ki, filmdən gələn pulu işıqpuluna xərcləmişik”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR