Onlayn ictimai-siyasi qəzet
Günel Səfərova: “Həm azərbaycanlılar, həm də erməni icması ilə iş üçün ciddi fəaliyyət planı hazırlanmalıdır”
Lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə həlledici zərbə vuruldu. Regionda yaşamaq istəyən ermənilərə öncədən təqdim edilən seçim yenidən xatırladıldı: Qarabağda yaşamaq istəyirsinizsə, Azərbaycan vətəndaşlığını qəbul etməlisiniz. Azərbaycan hökuməti paralel olaraq reinteqrasiya prosesinin sürətlənməsi üçün müvafiq tədbirləri görür.
Lakin reallıq budur ki, 30 il müharibə şəraitində yaşamış iki xalqın reinteqrasiyası üçün yalnız dövlət səviyyəsində görüləcək tədbirlər yetərli olmayacaq. Cəmiyyətlər prosesə hazırlanmalıdır. Bunun üçün də dövlət qurumları ilə yanaşı, vətəndaş institutları ilə birgə strategiya müəyyən edilməlidir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “İlk növbədə reinteqrasiya prosesinin nəyi ehtiva etdiyini tam aydınlaşdırmaq lazımdır. Elə bir təəssürat yaranır ki, söhbət yalnız Qarabağda yaşayan etnik ermənilərin Azərbaycana reinteqrasiyasından gedir. Bu, hərtərəfli məsələdir. Eyni zamanda söhbət həm də 30 il elindən, obasından didərgin salınan Azərbaycan xalqının reinteqrasiyasından gedir. Müharibə bizim üçün də itkilərlə yekunlaşdı. Şəhidlərimiz, qazilərimiz, yaralılarımız var. Bu baxımdan, məsələ həddən artıq həssasdır. Odur ki, rəsmilərin verdikləri mesajları dəstəkləyirəm. Azərbaycan reinteqrasiyaya hazırdır. Bu özünü məhv edilmiş infrastrukturun yenidən qurulması, etnik ermənilərə humanitar yardımın göstərilməsi şəklində göstərir. Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə yaşayış elə qurulub ki, insanlar bir-birini etnik mənşəyinə görə dəyərləndirmir, əksinə, gündəlik yaşayışda bu amil sorğulanmır. 44 günlük Vətən müharibəsində də etnik mənşəyindən asılı olmayaraq hər kəsin Vətən üçün şəhid olmağa hazır olduğunu gördük. Bu, Azərbaycanı unikal edən cəhətdir. Dünyada Azərbaycan kimi tolerant, multikultural yanaşma sərgiləyən ikinci dövlət çətin tapılar. Antiterror tədbirləri nəticəsində 192 hərbçi, 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılara şəfa diləyirəm. Reinteqrasiya prosesində həm həssas amillər, həm də sosial amillər nəzərə alınmalıdır”.
Günel Səfərova
G.Səfərova vətəndaş cəmiyyətinin rolundan da danışıb: “Vətəndaş cəmiyyətinin üzərinə böyük öhdəlik düşür. Reinteqrasiya prosesi ilə əlaqədar tədbirlər keçirilməli, məlumatlandırma kampaniyaları aparılmalıdır. Bu sahədə gənclərin üzərinə böyük yük düşür. Düşünürəm ki, xüsusilə qadınların bu prosesdə rolunu artırmaq lazımdır. Ermənilərlə dialoqa başlamalıyıq. Bunun üçün müəyyən zaman lazımdır. Cənubi Qafqaza nəhayət ki, sülhün gətirilməsi ilə Azərbaycan eyni zamanda dünyaya nümunə göstərməlidir. Azərbaycanlılarla ermənilərin birgəyaşayış dövrü olub. İki xalq arasında heç bir problem olmadığı halda birdən-birə münaqişə yarandı. Ermənilər anidən torpaqlarımıza iddia irəli sürməklə münaqişə yaratdılar. Bəzi məsələlərdə sıravi vətəndaşların heç bir günahı yoxdur. Bu baxımdan, hesab edirəm ki, həm azərbaycanlılar, həm də erməni icması ilə iş üçün ciddi fəaliyyət planı hazırlanmalıdır. Bu planın hazırlanmasının bir hissəsində vətəndaş cəmiyyəti institutları, QHT, təşəbbüs qruplarının üzərinə xeyli iş düşür. KİV-də "hate speech"dən (nifrət nitqi) uzaq durmalıyıq. Dünyada Azərbaycan kimliyinin ən gözəl cəhəti etnik kimliyindən asılı olmayaraq hər vətəndaşa gözəl münasibətin, birgəyaşayış konseptinin olmasıdır. Avropa və digər xarici institutlarda çalışan biri kimi deyə bilərəm ki, bizim üçün pafoslu səslənən fikirlər o toplumlarda asan qəbul edilmir. İnsan hüquqlarını öz plana çıxaran bir çox ölkələr birgəyaşayış konsepsiyasını qura bilməyib. Bu məişətdə də, idarəçilikdə də hissolunacaq dərəcədədir. Azərbaycanda isə belə problem yoxdur".
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, azərbaycanlıların ermənilərlə birgəyaşayışında heç bir problem olmayıb: “Sonradan separatçılar və eyni zamanda xaricdən dəstəkləyən bəzi qruplar azərbaycanlılarla ermənilər arasında düşmənçilik yayaraq münasibətləri pozmağa çalışdılar. Düşünürəm ki, reinteqrasiya prosesi müddətində atılan müvafiq addımlar nəticəsində gələcəkdə heç bir narahatlıq olmayacaq. Azərbaycan gəncliyi Vətənə, dövlətə bağlıdır. Hazırda Qarabağda geniş bərpa-quruculuq tədbirləri həyata keçirilir. Bu bizə proseslərin qısa zamanda həyata keçiriləcəyini deməyə əsas verir. Azərbaycan bütün məqsəd və hədəflərinə nail olacaq. Bunun üçün Azərbaycanın potensialı və imkanları var. Ermənilər də bu reallığı dərk etməlidirlər. Onlar anlamalıdırlar ki, başqa yol yoxdur. Əgər bir yerdə yaşamaq istəyiriksə, adekvat davranmaq lazımdır. Azərbaycan gəncliyi də prosesə tam hazırdır”.
HAZIRLADI: Nigar HƏSƏNLİ
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ