Onlayn ictimai-siyasi qəzet
“Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir”. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb: “Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdiddir. Regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbuledilməz olduğunu söylədik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”.
Üç ölkənin xəbərdarlığı onu göstərir ki, xüsusilə Azərbaycana və Gürcüstana xarici basqılar artmaqdadır. ABŞ və Fransa son zamanlar Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıb. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada və Bakı ilə İrəvan arasında israrlı vasitəçilik səylərində göstərir. Hazırkı ritorika əslində Qərbin məğlubiyyətini etiraf etməsinin təzahürüdür. Onlar başa düşürlər ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Bu isə Qərbin riyakarlığının, yalan və oyunlarının qarşısını alır.
Məlum olduğu kimi, həm rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu isə regiondakı gərginliyin davam etməsini və Rusiyanın ərazidəki təsir dairəsinin zəifləməsini tələb edir.
Ağ Ev və Yelisey Sarayı hər nə qədər sülh müqaviləsi haqqında danışsalar da, bu açıqlamalar boğazdan yuxarıdır. Çünki sülh müqaviləsi həm də regional əməkdaşlıq mühitinin təmin olunması deməkdir. Bu isə üçüncü güclərin, o cümlədən Qərbin proseslərə müdaxilə imkanını minimuma endirir.
Bəs bu müdaxilələr nə ilə nəticələnə bilər? ABŞ və Fransa Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu isə regiondakı gərginliyin davam etməsini və Rusiyanın ərazidəki təsir dairəsinin zəifləməsini tələb edir. Rusiyanın təsir dairəsini istədiyi səviyyəyə qədər zəiflədə biləcəklərmi?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müasavat”a bildirdi ki, Cənubi Qafqazda sülh münasibətlərinin normallaşması, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına əsas maneəni bu gün dünyada qlobal təhlükəsizliyə qarant rolunda çıxış etmək iddiasında olan güclər yaradırlar: “Xüsusilə də ABŞ və Fransa kimi BMT Təhlükəsizlik Şurasının üzvlərinin Cənubi Qafqazda münasibətlərə çox ciddi şəkildə mane olmağa cəhd etdiyini görürük. Ermənistanı təhrik etməklə sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışırlar. Burada təbii ki, kollektiv Qərbin neoimperialist maraqları başlıca rol oynayır. Çünki ABŞ və Fransa gözəl anlayır ki, Rusiyanın bölgəyə təsir imkanlarını qoruyub saxladığı indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması onların bölgəyə təsir imkanlarını genişləndirmək planlarına ciddi zərbələr vuracaq, hazırkı şərtlər daxilində bu sülh müqaviləsi daha çox Rusiyanın maraqlarına xidmət olacaq. Ona görə ki, Rusiyanın bölgəyə, əsasən də Ermənistana müxtəlif istiqamətli təsir imkanları hələ də mövcuddur. Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyətini davam etdirir, Ermənistanın bank-maliyyə sistemi, real iqtisadiyyatının böyük faizi Rusiyadan asılıdır, enerji təhlükəsizliyi, qaz təminatı Rusiya vasitəsilə həyata keçirilir. 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin tələbinə uyğun olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması reallığında bu müqavilənin əsas bəndlərindən biri olacaq Zəngəzur dəhlizi ilə yüklərin daşınmasını, təhlükəsizliyi Rusiya xüsusi xidmət orqanları təmin etmiş olacaq. Bu hal təbii ki, bölgəni nəzarətdə saxlamağa çalışan və bütün müxtəlif vasitələrdən istifadə etməklə Rusiyanı sıradan çıxarmaq istəyən ABŞ-ın maraqlarına qətiyyən uyğun olmaz. Belə şərtlər daxilində sülh müqaviləsinin imzalanmasını da ABŞ heç bir halda arzulamır və reallaşmasına da imkan verməyəcək. Ən azı əlaltısı Ermənistanı sülh prosesindən yayındırmağa çalışmaqla”.
Politoloqun sözlərinə görə, Qərbin Rusiyaya qarşı gərgin mübarizəsinin xüsusilə də Cənubi Qafqazda ciddi effektlər doğuracağını proqnozlaşdırmaq çox çətindir. Çünki Rusiyanın zəiflədilməsi yalnız bir güc olaraq Rusiyanın sıradan çıxması ilə yekunlaşmayacaq. Növbəti hədəf kimi Çin önə çıxarılmış olacaq. Bunu da çox yaxşı dərk eləyən Çin Rusiyanın tam olaraq sıradan çıxarılmasına, ayrı-ayrı bölgələrdə təsir imkanlarının zəiflədilməsinə imkan vermək istəmir: “Əsasən də Cənubi Qafazda təsir imkanlarının itirilməsinə imkan verməyəcək. Çünki Cənubi Qafqaz həm də Çin məhsullarının çox böyük bazar olan Avropa bazarlarına çatdırılmasında alternativ və ən uyğun yollardan biridir. İndiki halda Rusiyanın nəzarət edə biləcəyi Cənubi Qafqaz Çinin maraqlarına daha uyğundur, nəinki ABŞ-ın təsir imkanlarının genişləndiyi Cənubi Qafqaz. Ona görə də hesab etmirəm ki, yaxın illər ərzində Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını ABŞ ciddi şəkildə sarsıda biləcək və öz təsir imkanlarını daha da genişləndirə biləcək. Amma təbii ki, dünyanın bir çox bölgələrində olduğu kimi bu bölgədə də maraqlar uğrunda toqquşmalar davam edir. Bu toqquşmalar prosesində platsdarm olmamaq üçün güclü iradə və müstəqil mövqe sərgiləmək bacarığı və imkanları lazımdır. Bunun üçün isə dövlətlərə müstəqil iqtisadi güc və bu gücə əsaslanan xarici siyasətin reallaşması zəruridir. Təəssüf ki, indiki şəraitdə Ermənistanın müstəqil iqtisadi gücü və bu gücü idarə edə biləcək iradə mövcud deyil. Ona görə də böyük güclərin əlində alət olaraq manevr etmə imkanlarını genişləndirmək, mümkün olarsa öz maraqlarını təmin etməyə çalışırlar. İndiki reallıqlar şəraitində böyük güclərin oyunlarında belə manevrlər etməyə çalışmaqla Ermənistan nəinki öz maraqlarını təmin edə bilməyəcək, hətta çox ciddi zərbələrə məruz qalacaq. Bu da Ermənistanın bir dövlət olaraq tarixin səhnəsindən silinməsi ilə yekunlaşa bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ