Onlayn ictimai-siyasi qəzet
Deputat Razi Nurullayev parlamentin iclasında söz alaraq bazarlarda və marketlərdəki bahalığa diqqət çəkdi.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, bahalığın yaratdığı çətinlik xüsusən də əhalinin işsiz və aztəmiantlı təbəqəsi üçün acınacaqlıdır: “Özüm bazarlarda və marketlərdə tez-tez oluram. Mənə edilən müraciətlər əsasında bayram öncəsi market və bazarlarda oldum. Bəzi məhsulların üzərində yeni il öncəsi 50 faiz güzəşt yazılıb. 50 faiz güzəştli məhsulun qiyməti bir il yarım, iki il öncəki qiymətdən daha çoxdur”.
Deputat əhalinin qazanc səviyyəsinə baxmağı tövsiyə etdi: “Ən acınacaqlı təbəqə işsizlərdir ki, bir qəpik qazancları yoxdur. İşsiz adam necə dolana, ailəsini necə saxlaya, körpə uşaqlarının qayğısını necə çəkə bilər? Kiçik bir araşdırma da apardım və gördüm ki, boşanmaların sayının artmasında da işsizlik və pulsuzluq böyük rol oynayır. Düzdür, hökumət tərəfindən addımlar atılır, əhalinin yükünü azaltmaq üçün addımlar atıldığını deyirlər. Amma boynumuza alaq ki, əhaliyə sosial qayğı və əməkhaqqı artım tempi bahaçılıqla müqayisədə geridədir. Hər şey bahalaşır, hər məhsulun, xidmətin, materialın qiyməti durmadan artır, qazanc isə zəif. Rəqabətli iş yerləri də azdır. Normal əməkhaqqı təklif edən idarə və müəssisələr də azdır. Bir neçə araşdırma da apardım və gördüm ki, özəl sektor, xüsusən də qida, mühafizə, kənd təsərrüfatı sahələrində, rayon müəssisələrində çalışanlar üçün əməkhaqqı cüzi artır. Adam 3-4 il bundan öncə 500-600 manat alırdı, yenə də o qədər alır. O illərlə müqayisədə hesab edək ki, o cəmi indiki bahalaşma dövründə 200 manat alır. Bu şəxs necə normal yaşaya və ailə saxlaya bilər?”
R.Nurullayev bildirdi ki, bahalığı idarə etmək, bu sahələrdə ciddi monitorinq aparmaq və əhalinin yükünü azaltmaq üçün dövlət səviyyəsində müvəqqəti yardım proqramlarının hazırlanması vacibdir: “Ən vacibi isə uzunmüddətli həll üçün iş yerlərinin açılması mexanizmini yüngülləşdirmək, ən kütləvi iş yeri yaradan və inkişafa aparan tikinti sektorunda açılım etmək lazımdır. Tikinti ilə bağlı prosedurların sadələşdirilməsi, sahibkarın müraciətilə real işə başlamaq arasında olan dövrü iki-üç dəfə azaltmağa ehtiyac var. İstərdim ki, bu sahə və ona bitişik sahələrlə bağlı xüsusi bir dinləmə keçirilsin, rəhbər şəxslər dəvət olunsun və mən də iştirak edim. Xeyli suallarım var. Xanım sədr, çox sağ olun ki, bizim üçün həmişə bu şəraiti yaratmısınız və yaradırsınız”.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ