Onlayn ictimai-siyasi qəzet
Deputat Razi Nurullayev Milli Məclisin xüsusi iclasında çıxış edərkən öncə spikerə xitab etdi. “Hörmətli Sahibə xanım, çıxışınızda Prezident İlham Əliyevin 20 illik fəaliyyətini dolğun canlandıra bildiniz. Qısa zaman ərzində onillikləri bütöv və canlı cümlələrlə demək sizin bacarığınızdır”-deyə, deputat bildirdi.
Musavat.com-un məlumatına görə ardınca R.Nurullayev sual edib: “Bilirsiniz İlham Əliyevin ən böyük xidmətlərindən biri nədir? Dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq, erməni diasporunu zəiflətmək, onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirmək və mənəvi cəhətdən sındırmaq. Yoxsa, erməni separatizmi Türkiyədə, Gürcüstanda və Rusiyada da başlayacaqdı”.
Deputat bildirdi ki, məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir: “Xərçəng kimi yayılan “dənizdən-dənizə” erməni ideologiyası “dağ çayından su kanalına” səviyyəsinə endi. Bu yaxınlarda bir məclisdə “Azerenerji”nin rəhbəri Baba müəllimlə söhbətimiz oldu və o dedi ki, biz azad olunan torpaqları bütünlükdə gəzirik və qazanılan qələbənin həm çətinliyini, həm də möhtəşəmliyini görürük. Mümkün olmayan mümkün edilib, ona görə də gərək heç nə unudulmasın və yaddan çıxmadan yazılsın, çəkilsin, arxivləşdirilsin və elə bu gün, sabah da qiyməti verilsin. Parlament bütövlükdə və biz deputatlar bunu görür, deyirik, onlarla təkliflərimiz və çağırışlarımız olub, olur. Gərək hər kəs töhfəsini versin. Bir neçə təklifim var. Prezident İlham Əliyevin etdiklərini və apardığı davamlı, zəncir kimi bir-birinə bağlı proseslərdən ibarət, eyni zamanda bir-birini məntiqi sonluqla tamamlayan, amma mürəkkəb bir siyasətin şahmat fiqurları kimi gedişlərini dünyanın heç bir hərbi və diplomatik məktəblərində öyrənmək mümkün deyil”.
R.Nurullayev təkliflərini səsləndirdi: “Allah şahiddir ki, bunu bütün səmimiyyətimlə deyirəm. Ona görə də bu siyasəti, diplomatiyanı, regionda və dünyada gedən prosesləri öz xeyrinə həll etmə bacarığını ayrıca bir fakültə kimi, mərkəz kimi öyrənmək lazımdır. Çoxlu kitablar yazılır, məqalələr dərc edilir, jurnallar çıxarılır, amma ağrılı olsa da deyəcəm ki, hamısı az qala biri-birinin təkrarıdır. Öyrədici, faktlara və Prezidentin atdığı gedişlərə söykənən, bu gün yaşadığımız siyasi gerçəkliyi indiki və gələcək nəsillərə çatdırmaq üçün konkret kinolar, sənədli filmlər, vəsaitlər çəkmək və yazmaq lazımdır. Mən xeyli insanlar görmüşəm ki, onlar bunu etmək istəyir, söz olaraq deyir və vəsait istəyir. Zənnimcə, dəyərli, gərgin əməyin və araşdırmanın məhsulu olan ssenarilər, ideyalar ortaya qoyulsa, vəsait ayıranlar mütləq tapılar. Imkanlı şəxslərimiz çoxdur, onlar məmnuniyyətlə cənab Prezident haqqında dəyərli və standartlara cavab verən istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Təki layiqli təşəbbüslər olsun, konkret real ideyalar irəli sürülsün, köməklik mütləq olacaq”.
E.Paşasoy,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ