İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev hərbçilərlə bağlı DANIŞDI 

“Hərbi xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması hərbçilər arasında müəyyən narahatlıq yaradıb. Təklif edirəm ki, 5 il birdəfəyə tətbiq edilməsin. Ən azından yaşa görə əmək pensiyasına tətbiq edilən düstur tətbiq edilsin və bu müddət hər il 6 ay artırılmaqla həyata keçirilsin”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki müzakirələr zamanı deputat Razi Nurullayev söyləyib.

Onun sözlərinə görə, hərbçilərin köhnədən qalan problemləri var:

“Müharibə dövründə qismən səfərbəriklə döyüşmək üçün orduya çağırılmış əsgər və zabitlərimiz müharibədən sonrakı aylarda da, hətta mart ayına qədər xidmətlərini davam etdirib, işğaldan azad edilmiş ərazilərimizdə antiterror tədbirlərinə cəlb edilib, bəzi rayonların müdafiə və mühafizəsində iştirak edib. Mənə müraciət etmiş zabitlərin və əsgərlərin hərbi biletlərini nəzərdən keçirəndə aydın olur ki, bu zabitlər Müdafiə Nazirliyinin şəxsi heyətinə daxil edilib, təyinat aldıqları hərbi hissələrdə döyüş tapşırıqları alıb, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında, Laçının və Qubadlının müdafiə və mühafizəsində iştirak edib, əsgərlərin yüksək döyüş hazırlığının təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamının möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, eləcə də maddi-texniki təminatın təmin olunmasında yaxından iştirak edib. Bu zabitlərin göstərdikləri xidmətin “mənəvi-psixoloji təminat, maddi-texniki təminat” kriteriyalarına uyğun olmasına baxmayaraq, Müdafiə Nazirliyi müharibə başa çatandan sonra özünün imzaladığı 04.03.2021-ci il tarixli əmri ilə N saylı hərbi hissələri “tamamlama mərkəzi” adlandırdığından həmin hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsi faktiki olaraq mümkünsüz olub. Halbuki hərbi sahədə olan qanunvericilik aktlarında “tamamlama” termini barədə bir kəlmə belə yoxdur. Yəni bu N saylı hərbi hissələr döyüşən hərbi hissələrin təminatı üçün yaradılıb və hətta döyüş əməliyyatları üçün vəzifəyə təyin olunub. Bir faktı da qeyd edim ki, zabitlərin arasında səfərbərliklə çağırılıb tibbi təminat göstərən həkim-zabitlər də veteranlıq adını ala bilməyib. Bundan başqa, müharibənin qızğın çağında komandirlərin əmrlərinə tabe olub, ezamiyyə vərəqəsiz döyüş tapşırıqlarını yerinə yetirmiş çoxsaylı zabitlərimiz ezamiyyə vərəqələrini təqdim edə bilmədiklərindən bu gün müharibə veteranı adını ala bilməyib. Belə ki, müharibə dövründə, yəni 27 sentyabr – 10 noyabr tarixlərdə bu zabitlər ezamiyyə vərəqəsiz ön cəbhəyə göndərilsələr də, həmin dövrdə onların ön cəbhədə olduqlarını yeri sənədlə müəyyən etmək mümkün deyil. Buradan bir daha aydın olur ki, bu zabitlər döyüş zonasında olub.

Nəhayət, “Veteranlar haqqında” qanun günümüzün reallıqlarını əks etdirmir və buna görə də təkmilləşdirilməlidir. Təəccüblüdür ki, müharibə veteranı adının verilməsinə dair kriteriyalar bu Qanunda yox, Nazirlər Kabinetinin 420 saylı qərarında yazılıb. Məncə, əksinə olmalı idi. Digər tərəfdən, Qanunda “Müharibə veteranı” anlayışının tərifi verilmədiyindən qeyri-müəyyənlik yaranıb. Belə ki, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara da bu Qanunun 3-cü maddəsində müharibə veteranı adının verilməsi təsbit edilib. Onda sual olunur: Kimlər müharibə veteranı hesab olunur? Qanunun 3-cü maddəsindən belə başa düşülür ki, “müharibə veteranı” adı həm döyüş əməliyyatlarında iştirak etmiş, həm də döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara verilə bilər. Əgər belədirsə, onda mənə müraciət etmiş zabit və əsgərlərə də müharibə veteranı adı verilə bilər. Lakin indiyə kimi onlara belə bir ad verilməyib.

Bu da onların narazılığına səbəb olub. Futbol oyunu üzrə sadə bir məntiq onu deməyə əsas verir ki, 11 nəfərlə meydanda mübarizə aparan komanda sonda qələbə çalıb kuboku qazanırsa, bütün komanda üzvlərinə medal verilir, hətta meydanda oynamayan və əvəzedici heyətdə yer alan oyunçulara da medal və digər fəxri adlar verilir. Yəni baş məşqçi deməyəcək ki, siz əvəzedici heyətdə olduğunuza görə sizə medal və ya başqa fəxri adlar düşmür. Eləcə də mənə müraciət edən zabitlər səfərbərlik dövründə ordu sıralarına cəlb edilərək müharibədə döyüşmək üçün çağırılmışdı. Onlar işini-gücünü atıb vətənin müdafiəsinə qalxmışdılar. Düşmən hər an onları hədəfə ala bilərdi. Bu halda onlar şəhid və ya qazi ola bilərdilər. Müdafiə Nazirliyinin indiki yanaşmasına görə, yenə də onlara heç bir ad verilməzdimi? Bu baxımdan onlara “Müharibə veteranı” adının verilməməsi sadəcə təəssüf və məyusluq doğurur. Bu zabitlərin bir adı var, o da müharibə iştirakçısı adıdır”.

Deputat spikerə müraciət edib: “Hörmətli Sahibə xanım, xahiş edirəm, bu məsələdə həqiqətin və ədalətin zəfər çalması üçün Milli Məclisin də müvafiq komitə və şöbələrinə göstəriş verəsiniz ki, dediyim qanunlar və maddələr üzrə araşdırmalar aparıb məlumat versinlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR