Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev bildirdi ki, 18 oktyabr-Azərbaycanın Müstəqilliyinin Bərpası Günü tariximizin ən şanlı səhifələrindən biridir.
Musavat.com-un məlumatına görə deputat qeyd etdi ki, 1991-ci ildə xalqımız buxovları sındıraraq öz müstəqil dövlətini yenidən bərpa etdi və azadlıq arzusunu gerçəkləşdirdi: “Bu əlamətdar gündə, qəhrəman xalqımızın birliyini, azadlıq sevgisini və qətiyyətini bir daha xatırlayırıq. Müstəqilliyimiz əbədidir!”
R.Nurullayev bildirdi ki, bununla bərabər, bu gün ölkəmizin tam müstəqil siyasət yeritməsi bir çox ölkələrin xoşuna gəlmir: “Mövcud ölkələrin hamısı müstəqil olduğunu bəyan edir, amma onlar doğurdanmı müstəqildirlər? Müstəqillik var ki, o, yalnız kağız üzərində mövcuddur. O cür müstəqilliyi qəbul etmək istəmədiyimiz üçün təzyiqlərlə üzləşirik. Bu gün fəxrlə deyirik ki, biz doğurdan da tam müstəqil dövlətik və tam müstəqil siyasət yürüdə bilirik. Məgər bu xalqımızın əldə etdiyi ən böyük xoşbəxtlik deyilmi? Yaşasın müstəqil və suveren Azərbaycan!”
Deputat sakinləri narahat edən bir məsələdən də bəhs etdi: “Bəzi binalarda, evlərdə təbii qaz yoxdur. Həmin binalar və evlər də hər kəs kimi elektrik enerjisinə görə bərabər tarif ödəyir. Bu məsələ ciddi narazılıq yaradır və xeyli müraciətlər almışam. Elə deputatı olduğum İmişlidə də belə binalar və yerlər var. Səbəb isə binalar tikilən zaman təbii qaz infrastrukturunun nəzərə alınmamasıdır. Amma, bu vətəndaşın günahı deyil ki. Mən araşdırdım və gördüm ki, bir sıra ölkələrdə bunlar nəzərə alınıb və bu tip binalarda yaşayanlara elektrik enerjisi güzəştli tariflərlə satılır. Obyektiv səbəblərdən təbii qazla təmin olunmayan bina və evlərdə yaşayan ailələrin güzəştli şərtlərlə elektrik enerjisi ilə təmin olunmasını təklif edirəm. Qarşıdan qış gəlir və havalar artıq soyuyub. Bu məsələnin tez bir zamanda müzakirəsinin keçirilməsini vacib bilirəm. Həm də aidiyyəti dövlət orqanlarının, o cümlədən Nazirlər Kabinetinin bu məsələ ilə bağlı mövcud durum və planlar haqqında bizə də məlumat verməsini xahiş edirəm”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ