İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə AÇILA BİLƏR

Ekspertlərə görə, COP29 ərəfəsi belə bir qərar verilə bilər, amma ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatedici xeyli məqam da var

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində Azərbaycanın quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-ə qədər növbəti dəfə uzadılıb. Yada salaq ki, apreldə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVİD səbəbi ilə verilib.

“Biz hələ də formal olaraq karantin mərhələsindəyik, eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”, - dövlət başçısı qeyd edib. Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: “Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki yetişməyib”.

Hər karantin müddəti bitməyə yaxın quru sərhədlərinin açılacağı ilə bağlı mövzu aktuallaşır. Bəllidir ki, bu ilin noyabrında  Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

 Natiq Cəfərli

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli quru sərhədlərinin uzun müddətə bağlı qalmasının doğru olmadığını deyib: “Azərbaycanda quru sərhədlər açılmalıdır. Ümid edək ki, quru sərhədlər COP29-dan öncə, oktyabrın 1-dən etibarən açılacaq. Ölkəyə çox sayda qonaqlar gəlməlidir. Başqa ölkələrdən velosipedlə gələnlər olacaq. Buna görə də quru sərhədlərin açılması lazımdır. Quru sərhədlərin açılması Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək, insanların alqışına səbəb olacaq”.

Natiq Cəfərli qeyd edib ki, 2024-cü ilin ilk 6 ayında Gürcüstan 3,1 mln. nəfərə yaxın turist cəlb edib, səfər edən turistlərin 62%-i Gürcüstana quru sərhədlərlə gəlib: “Türkiyə ilə quru sərhəddən 583 min (Sarp), Rusiya ilə quru sərhəddən 423 min (Kazbek), Ermənistanla quru sərhəddən 342 min (Sadaxlı) nəfər turist gəlib.

Gürcüstanın bu ilin ilk yarısında turizm gəlirləri 2 mlrd. dollara yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Yəni qonşu ölkənin quru sərhədlərinin açıq olması Gürcüstana açıq-aşkar üstünlük gətirir, pul qazandırır, yeni iş yerlərinin yaranmasına dəstək olur. Bizdə isə quru sərhədlərin bağlı olması böyük potensialı olan turizm sektorunun inkişafına mane olur. Qapalı sərhədlər ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır, iqtisadiyyata ziyan vurur. Bu məsələnin həlli zamanı çoxdan çatıb".

Dünya mətbuatı Fazil Mustafa haqda nə yazır – İzlər İrana aparır…

Fazil Mustafa

Milli Məclisin Vl çağırış deputatı Fazil Mustafa mövzu ilə bağlı deyib ki, quru sərhədlərin açılması situasiyaya bağlı məsələ də ola bilər: “İstənilən vaxt açıla bilər. Bu hansı mülahizələrlə nəzərdə tutulur?  Birinci növbədə təhlükəsizlik, yaxud hansısa virus riski ilə bağlı məsələ ola bilər. Amma COP29 elə bir tədbirdir ki, bura gəlib-getmək, iştirak etmək, çox sayda insanın bura qatılması nəzərsə tutulan bir tədbir olduğuna görə mümkündür ki, belə bir qərar verilsin. Hələ karantin müddəti oktyabradək uzanıbsa, indidən fikir söyləmək doğru olmaz. Situasiyaya görə qiymətləndirilib, addım atılacaq”.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov 

Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov  da mövzu ilə bağlı mövqeyini bildirib: “Bu barədə  məlumat verilərkən dövlət qurumlarının açıqlaması nəzərə alınmalıdır. Biz artıq dəfələrlə bu cür hadisələrin şahidi oluruq ki, kimlərsə hansısa reytinq xatirinə, kütləvi izləyici toplamaq üçün müəyyən açıqlamaları verirlər. Bu, insanlarda müəyyən fikirayrılığına, anlaşılmazlığa aparıb çıxarır. Bununla bağlı hər bir vətəndaş rəsmi qurumların mövqeyini nəzərə almalıdır.

Bununla bağlı yenilik olarsa, vətəndaşlara məlumat veriləcək. Karantin sadə məsələ deyil. Burada ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran xeyli məqamlar var. Bu gün dünyanın hər yeri qarışıb. Azərbaycan dünyada təhlükəsizlik adasına bənzəyir, bu baxımdan ölkəmiz ilk yerləri tutur. Bu qürurvericidir ki, ölkəmiz bu mövqeyə malikdir. Ölkənin sabitliyinin qorunması hər şeydən önəmlidir. Vətəndaşlar da bunu nəzərə almalı, anlayışla qarşılamalıdır. Zamanla lazım olan qərarlar olacaq. Əsas ölkənin, vətəndaşların təhlükəsizliyidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR