Onlayn ictimai-siyasi qəzet
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
Musavat.com xəbər verir ki, spikerə xitabən son səfərləri barədə Milli Məclisə məlumat verdiyinə və uğurlu səfərlərə görə təşəkkür edib, yeni uğurlar arzulayıb.
Müzakirə olunan məsələ ilə bağlı bildirib ki, əlbəttə, bu, çox xoşdur, amma bunun üzərində ciddi düşünmək lazımdır:
“Ona görə ki, qanuna əlavə etiyimiz 3.3-cü maddədə qeyd edilir ki, “minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanları təhsil, səhiyyə, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün qida rasionu müəyyənləşdirir”.
Hesab edirəm ki, əslində “minimum istehlak səbətinin qida məhsulları” sözü buradan çıxarılmalıdır”.
Q.Həsənquliyev ardınca əhalini narahat edən məsələlər barədə bunları deyib:
“Bəzi hallarda xəstələrin özünə və ya reabilitasiya olunan şəxslərə gücləndirilmiş qida rasionu tətbiq olunmalıdır. Yəni qidalar, o cümlədən qida əlavələri təqdim edilməlidir. Məsələn, bir futbol oyununda bəzən bir idmançı 7 kiloqrama qədər çəki itirir.
Bəzən biz özümüz televiziyada müşahidə edirik ki, məsələn, tennis oyununda idmançılar hətta fasilələrdə belə ya banan yeyir, ya da hansısa qida əlavəsi qəbul edir. Ona görə ki, həddindən artıq enerji itirirlər. Minimum istehlak səbətinə qida məhsullarının siyahısı daxil olsa da, qida əlavələri daxil edilməyib. Bura həm xəstələr, həm də müəyyən təhsil müəssisələri, o cümlədən kursantlar, yaxud internat məktəbləri şamil edilməlidir.
Kursantlar təlimlər zamanı həddindən artıq enerji itirirlər. Onlara çox yemək olmaz. Enerjini bərpa etmək üçün gərək çox yesin. Onda da mədə böyüyür, onun hərəkəti çətinləşir. Amma o, az yeməli və çox güclü qidalanmalıdır.
Onun üçün də qida əlavələrinə ehtiyac yaranır. Bu baxımdan mən hesab edirəm ki, bu siyahıya silahlı qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxlər də daxil edilməlidir. Onların da qidalanması dövlət tərəfindən həyata keçirilir. Yəni bu siyahıya onlar da daxil edilsinlər.
Bir də adətən minimum istehlak səbətinin tərkibi 3 ildən bir müəyyənləşdirilir. Bu da kifayət qədər böyük müddətdir. Yəni bu müddəti ən azı iki ildən bir etmək lazımdır.
Bir daha vurğulayıram ki, bir çox xəstələrə həkimlər elə meyvə növləri tövsiyə edirlər ki, onlar istehlak səbətinə daxil deyil. Məsələn, avokado kifayət qədər bahalı meyvədir. Bu baxımdan bunun üzərində düşünülsə, əhəmiyyətli olar”.
E.Paşasoy,
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ