İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev doğrumu söylədi?

 

Rusiyada baş verən silahlı qiyam cəhdinə Bakının rəsmi mövqeyi yoxdur-bəs, üç deputatın açıqlamalarından hansı nəticələr çıxarmaq olar...

 İyunun 24-də Rusiyada baş verən silahlı qiyam cəhdinə Bakının rəsmi mövqeyi yoxdur. O səbəbdən bu xüsusda üç deputatın səsləndirdiyi fikirlərə istinad etməli olacağıq.

Rusiyada hələ hadisələr davam edərkən, Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bu məsələyə mövqe bildirib. Deputat deyib ki,   Rusiyada əsasən, cinayətkarlardan ibarət silahlı dəstələr qanuni hakimiyyətə qarşı qiyam qaldırıb: “Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimidir. Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur. 1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq, biz qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik - Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsək də. Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Orada 2 milyon azərbaycanlı, türk xalqları, milyonlarla müsəlman yaşayır. Çox istərdim ki, qanuni hökumət qardaş qanı axıtmadan danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərki-silah etsin”.

Q.Həsənquliyev ölkədə tanınmış hüquqşünasdır və o səbəbdən mövqeyini iki mühüm məsələnin üzərində qurub. Əvvəla, Həsənquliyev demək istəyib ki, Azərbaycan Rusiyanın qanuni hakimiyyəti kimi Putini tanıyırsa, təbii ki, bu qiyamda dəstəkləyəcəyi tərəf bəlli olmalıdır. Strateji müttəfiqlik barədə Ukrayna müharibəsindən iki gün əvvəl imzalanmış dövlətlərarası sənəd də hüquqi baxımdan bu məsələyə mövqe bildirməyi ehtiva edir.  İkinci məqam, Rusiyada yaşayan soydaşlarımızla (böyük əksəriyyəti Azərbaycan vətəndaşıdır) bağlı narahatlıqdır ki, bu məqamda da deputat tam haqlıdır. Azərbaycan hökuməti  öz soydaşlarına və vətəndaşlarına görə əlbəttə ki, narahat olmalıdır.

siyavuz_801.jpg (102 KB)

Qüdrət Həsənquliyevin mövqeyinə münasibət bildirən YAP-çı komissiya sədri Siyavuş Novruzov da gərək ki, hüquqşünasdır, amma o məsələyə fərqli prizmadan baxmağın tərəfdarı kimi çıxış edib.      

“Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik” deyən deputat əlavə edib ki, Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur: “Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik. Fərdi şəkildə hər birimiz münasibət bildirə bilərik, amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”.

Azərbaycan ictimai rəyinin əksəriyyətinin Rusiya və onun hakimiyyətinə münasibətinə bəllidir. Siyavuş Novruzov görünür, daha çox bu məqamları da  nəzərə alaraq, mövqeyini belə ümumiləşdirib. Amma zənnimcə, “biz bu məsələyə münasibət bildirə, heç bir dövlətin daxili işinə qarışa bilmərik” fikirlərinin nə hüquqla, nə siyasətlə əlaqəsi var. (Deyim ki, Türkiyədə 2016-cı il qiyamı olanda da, Bakı nədənsə, bir sutka gözləmişdi).

6599247_original.png (4.26 MB)

Əlbəttə,  Rusiya Türkiyə deyil, Putin də Ərdoğan. Belə çıxır ki, Ərdoğan Putinə zəng edib vəziyyəti öyrənməklə, dəstək bildirməklə, Rusiyanın daxili işlərinə qarışıb. Bakının Rusiyada baş verən olaylara rəsmi reaksiya verməməsi o qədər də şişirdiləcək məsələ deyil. Üstəlik, Rusiya xarici işlər nazirinin qiyamdan sonra dedikləri bizə ipucu da verir. Lavrov deyib ki, bir çox ölkələr dəstəklərini bildirsələr də, bunun açıqlanmasını  istəməyiblər. Bakı da bu sıradadırsa, başa düşmək olar. 

Rusiya ilə Azərbaycan hakimiyyətinin münasibətlərini nə təftiş, nə necə deyərlər, arabuluculuğu etməyə ehtiyacı var. Bu təmaslar mütəmadi olaraq Prezidentlər səviyyəsindən tutmuş Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində davam edir. Rusiyada baş verənlərin  Azərbaycana da aidiyyəti olduğunu Qarabağdakı qoşunları və  sərhədlərimizin uzunluğu  da deyir.       

Rusiya ilə Azərbaycan sərhədinin  327,6 km (55,2 km çay, 272,4 km quru) quru , 22,4 km isə dəniz sərhədidir.  Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri ölkəmizin müxtəlif hissələrində yerləşir.

İndi gələk, daha bir deputatın dediklərinə. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu elə iyunun 24-dəki iclasında çox diqqətçəkən  fikir bildirib. Deputat deyib ki, “dünyadan çox həyəcanlı xəbərlər gəlir”.

babaoqlu_210320.jpg (57 KB)

Konkretləşdirməsə də, aydındır ki, deputat Rusiyada baş verənləri nəzərdə tutur və narahatlığını dilə gətirir.  Deputatın diqqət ediləcək sitatı belədir:   “Bir daha aydın oldu ki, cəmi bir neçə gün əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul edib”.

Bu, kifayət qədər ciddi təhlil tələb edən açıqlamadır.  Operativ Qərargahın sərhədlərin oktyabrın 1-dək bağlı qalmasını ehtiva edən qərarı veriləndə Rusiyada qiyam olmamışdı. Amma deputatın dediklərindən bu  nəticə hasil olur ki, sərhədlərin belə uzun müddətə bağlı qalmasının səbəbi və ya səbəblərindən biri məhz mümkün təhlükə ilə bağlıdır.

Bu, əlbəttə ki, yeni rəy deyil. Uzun müddətdir ki, cəmiyyətin ən müxtəlif təbəqələri bu suala cavab tapmağa çalışır və sərhədin təhlükəsizlik məsələsi də  bağlı saxlanıla biləcəyinə ən müxtəlif ekspertlər səviyyəsində münasibət bildirilib. Amma ilk dəfədir ki, bunu parlamentdə  Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini dilə gətirir, həm də “Vaqner”in Rusiyada qiyam qaldırdığı vaxtda...

Bu istiqamətdə bəzi versiyalar irəli sürmək olar, amma zamanı deyil.  Dövlətin təhlükəsizliyi əlbəttə, yeri gələndə vətəndaşın həyatına mənfi təsir də edə bilər, necə ki, 2 ildən çoxdur sərhədlərin bağlı qalması səbəbindən edir də. Amma bunun səbəbini daha infeksionist həkim verməməlidir, çünki onların dediklərini daha cəmiyyət ciddi qəbul etmir, dövlət özü uyğun dildə bunu vətəndaşına izah etməlidir. Vətəndaş da bilməlidir ki, bu hansısa uçan-qaçan şirkətlərin deyil, dövlətin(demək vətəndaşın) təhlükəsizliyi üçün vacibdir.        

yazının sonuna.jpg (149 KB)  

Yuxarıda da qeyd etdiyim kimi, Bakının Rusiyadakı hadisələrə rəsmi münasibəti varsa, bunu tirajlamağa ehtiyacı yoxdursa anlaşılandır.  Əlbəttə ki, Rusiyada baş verən bu hadisənin əks-sədası, təsirləri  hələ bir müddət davam edəcək.  Putinin son iki gündəki davranışlarına diqqət edin. Zəlzələdən sonrakı “avtoşokları” xatırladır.

Biz də  hər mənada hazır olmayıq...

Nazim SABİROĞLU,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR