Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin plenar iclasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev fərqli yanaşmasını ortaya qoydu.
Musavat.com xəbər verir ki, deputat ondan əvvəl çıxış edən komitə sədri Siyavuş Novruzovun təqdimatı ilə bağlı danışdı: “Hörmətli Siyavuş Novruzov qeyd elədi, bundan əvvəl, 1999-cu ildə bələdiyyələr yaradılanda 2736 bələdiyyə olub. Onları bir neçə dəfə birləşdirməklə say 1605-ə düşmüşdü. İndi də təqribən 3 dəfəyə yaxın azaldılır ki, 685-ə endirilir. Bunun üçün biz əvvəl qəbul etdiyimiz qanunlara uyğun olaraq yoxlama aparmalıyıq ki, birləşmələr nə dərəcədə özünü doğruldur. Onun müsbət nəticələri nədən ibarət olub? Hörmətli Əli Məsimov qeyd elədi ki, bələdiyyələrin 50 milyon ümumi büdcəsi var, onun da 10 milyonu xidmətlərə və digər xidmətlərin görülməsinə sərf olunur. Əslində, bələdiyyələr vətəndaşlar və dövlət üçün də bir yükə çevrilib. Hörmətli həmkarımız Elman Nəsirov iclas başlayanda dedi ki, mənim bir arzum var. Mənim də bir arzum var ki, Siyavuş Novruzov tez-tez belə təşəbbüslərlə çıxış eləsin və bələdiyyələrin sayı 1-ə düşsün. Bir gün də bir layihə gətirsin ki, bələdiyyələri ləğv edək”.
Millət vəkili əlavə etdi ki, həqiqətən də bu statusla bələdiyyələr faktiki olaraq bir institut, yerli özünüidarə orqanı kimi özünü doğrultmadı:
“Bələdiyyələr yeni yaradılanda, biz deyirdik ki, zamanla təcrübə toplayacaqlar, onların səlahiyyətləri genişlənəcək. Əksinə, biz onu müşahidə elədik ki, mərkəzi icra hakimiyyəti orqanları hətta yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini özlərinə götürməyə başladılar. Bu gün rayon icra hakimiyyətlərinin belə çox məhdud səlahiyyətləri var. Ona görə də biz bələdiyyələri də inkişaf etmiş Avropa ölkələrindən götürmüşük. Hər kəs internet vasitəsilə bizdə olan bələdiyyələrlə Avropa ölkələri bələdiyyələrinin səlahiyyətlərini qarşılıqlı olaraq müqayisə edə bilər. Ona görə də mən buna səs verəcəyəm. Amma o mənada səs verəcəyəm ki, yəni bunlar axırda yoxa çıxsınlar”.
Deputat qeyd etdi ki, “Nomativ hüquqi aktlar haqqında” konstitusiya qanununun 92-ci maddəsi “normativ hüquqi aktların icrasına nəzarət” adlanır: “Burada qeyd olunur ki, Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir. Yəni qəbul etdiyimiz qanunların icrasına bizim konstitusiya qanunu ilə birbaşa nəzarət hüququmuz var. Bu, bizim həm də vəzifəmizdir, bizim üzərimizə vəzifə kimi qoyulub”.
Q.Həsənquliyev xüsusilə vurğuladı ki, hər bir yaşayış məntəqəsinin öz bələdiyyəsi olmalıdır: “Bələdiyyə o deməkdir ki, bir şəhərdə, hər hansı bir yaşayış məskənində yerli özünü idarəetmə olmalıdır. Səlahiyyət olmadığı üçün səs verəcəyəm. Ümumiyyətlə isə bəzi həmkarlarım dedi ki, bunun fəlsəfəsi düzgün qoyulub. Amma mənim yanaşmam fərqlidir”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ