İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernatorun oğlu rus kəşfiyyatının köməyi ilə qaçıb? - ŞOK DETALLAR

Ötən həftə Milanda ev dustaqlığından qaçan Krasnoyarsk diyarının rəhbərinin oğlu, iş adamı Artyom Uss hələ də İtaliyada ola bilər. İzlər Ussun daşınmaz əmlakının olduğu Sardiniya adasına aparır.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Cagliaripad” nəşri məlumat yayıb.

Ussun ekstradisiyasını ABŞ tələb edir. Ötən həftə İtaliyanın birinci instansiya məhkəməsi onun ekstradisiyası ilə bağlı qərar qəbul edib. Bundan dərhal sonra rus qubernatorunun oğlunun qaçdığı məlum olub.

Artyom Uss qaçarkən şəxsi təyyarədən və saxta sənədlərdən istifadə edə bilərdi. Bununla bağlı “La Repubblica” polisə istinadən məlumat yayıb. Qəzet onun qaçmasına Rusiya xüsusi xidmət orqanlarının kömək göstərdiyini ehtimal edir. Kiçik Uss Milanda mənzildən çıxdıqdan sonra başqa şəxsin idarə etdiyi avtomobilə minib. Bundan əvvəl Uss onun hərəkətini izləyən elektron bilərziyi kəsib.

Artyom Ussun Rusiyaya yüksək texnologiyalı məhsullar gətirən şəbəkəyə bağlı olduğu iddia edilir.

Sardiniya mediasının məlumatına əsasən, Uss Milandan şəxsi təyyarə ilə və çox güman ki, saxta sənədlərlə uçub. Araşdırma nəticəsində məlum olub ki, Artyom Uss Kiprdə bir firma vasitəsilə Sardiniyanın şərq sahillərində hotelləri olan “Luxury Sardinia” şirkətinin səhmdarına çevrilib. Ussun Sardiniya bankında hesabı da var.

ABŞ prokurorlarının təsbitlərinə görə, Artyom Uss Venesueladan yüz milyonlarla barel nefti Rusiya və Çin alıcılarına satıb. Bundan başqa, 41 yaşlı iş adamı silah istehsalında istifadə olunan elektron avadanlıqları Rusiyaya satmaqda ittiham olunur. ABŞ hüquq-mühafizə orqanları Ussun şirkətləri vasitəsilə ən yeni texnologiyaları Rusiyaya göndərdiyini güman edir. Söhbət Rusiyanın qırıcılarında, raket sistemlərində, yüksək dəqiqli döyüş sursatlarında, radarlarda və peyklərdə istifadə olunan müasir yarımkeçiricilər və mikroprosessorlardan gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR