İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun “qızılca” çıxarmaq növbəsi...

 

Bu mövzuda 2016-cı ildə də yazmışam. İndi sitat gətirəcəyim ifadə həmin yazıda da qeyd olunub. Təkrarda fayda var. Çünki siyasət adamlarından daha biri həbs olunub.

İlk dəfə ya mərhum Əbülfəz Elçibəyin, ya da rəhmətlik Tofiq Qasımovun dediyi ifadə belədir: “Həbsxana siyasətçinin qızılcasıdır”.

İfadənin mənası odur ki, hamı əvvəl-axır qızılca çıxardığı kimi, siyasətçi də nə vaxtsa həbsə düşür”.

1988-ci ildə xalq hərəkatının liderləri və fəalları olaraq siyasət meydanına atılan və həbsə düşən siyasət adamlarının siyahısına baxaq.

Siyahı ona görə Əbülfəz Elçibəylə başlayır ki, o, hələ sovet dövründə, ötən əsrin 70-ci illərində siyasi fikir və açıqlamaları üzündən məhbəs həyatı yaşayıb.

Daha sonra o biri hərəkatçılar gəlir: İsa Qəmbər, Pənah Hüseyn, Tofiq Qasımov, Arif Hacılı, Etibar Məmmədov, Rəhim Qazıyev, Xəlil Rza, İsgəndər Həmidov, Rauf Arifoğlu, Sərdar Həmidov, Adil Qeybulla, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Əsgər Əhməd, Tofiq Hüseynov (Qara Tofiq), Mehdi Mehdiyev, Fəhmin Hacıyev, İqbal Ağazadə, Etimad Əsədov, Nemət Pənahlı, Fərəc Quliyev, Leyla Yunus, Arif Yunus, Sərdar Cəlaloğlu, Qurban Məmmədov, İlqar Məmmədov, Tofiq Yaqublu, Qələndər Muxtarlı, Yadigar Sadıqov, Tural Abbaslı, Əli Əliyev, Fuad Qəhrəmanlı və başqaları.

İndi Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli və Qubad İbadoğlu da həmin siyahıya əlavə olunub.

Yuxarıda adı çəkilənlərdən bəziləri həbsə iki dəfə düşüb. Üç dəfə məhbəs həyatı yaşayanlar da var. Ayrıca Nemət Pənahlı son 35 ildə Azərbaycana rəhbərlik edən şəxslərin, Heydər Əliyev xaric, demək olar ki, hamısının dövründə türmədə yatıb.

Bunlardan başqa, bir qədər başqa motivlərlə olsa da, həbsləri siyasətlə bağlı olan iqtidar adamları da olub: Əli İnsanov, Fərhad Əliyev, Rafiq Əliyev, Akif Muradverdiyev, Surət Hüseynov, Nəriman İmranov, Müzamil Abdullayev, Aypara Əliyev, Nüsrət Budaqov, Hüseyn Abdullayev, Eldar Həsənov və başqaları.

Buraya hətta yüksək vəzifə tutan, yüksək rütbə daşıyan şəxslərin, nazir müavinləri və generalların, İH başçılarının adlarını da əlavə etmək olar, amma onların həbsinin siyasətin S-si ilə əlaqəsi o mənada var ki, siyasi postdan yararlanaraq korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğul olublar və onları də içəriyə məhz bu aparıb.

Bunlardan başqa, müstəqillik dövründə həbs olunmuş və məhbəs həyatı yaşamış jurnalistləri (əsasən siyasətdən yazanları) və siyasətə qarışan QHT təmsilçilərini də əlavə etsək, sanballı siyahı alınar.

Qubad İbadoğlunun həbs edilməsi və barəsində cinayət işi açılması isə siyasətlə bağlı məsələdir və gözlənilməz tale deyil.

Azərbaycan tipli ölkələrdə siyasətlə məşğul olmaq, hakimiyyətə gəlmək istəmək, seçkili orqanlarda təmsilçiliyə iddia etmək təhlükəlidir. Bu, təkərinin rezini çıxarılmış velosipedi kanat üzərində sürmək kimi bir şeydir, bir millimetr sağa, bir millimetr sola meyllənmək yerə (içəri) düşməklə nəticələnir, gərək sonra qədər müvazinətini yüzdəyüz qoruyasan.

Onu da deyək ki, məhbəs həyatı yaşayan bu 50 nəfərə yaxın tanınmış şəxsin heç biri səbəbsiz yerə həbs edilməyib. Hamısının cəmiyyətdən təcrid olunmasının səbəbi olub. Bu ölkədə adamı günahsız yerə tuta bilərlər, səbəbsiz isə - əsla. Təqsirsizlik hələ həbs edilməmək üçün səbəb deyil.

Bəzən adamları əslində başqa əməllərinə görə həbs edirlər, amma başqa ittiham verirlər. O vaxt Yadigar Sadıqov, Emin Milli və Adnan Hacızadə xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunaraq məhkum edilmişdilər. Halbuki onların “günahı” başqa idi və heç kəsi döyməmişdilər.

İndi Qubad İbadoğluya qarşı irəli sürülən ittiham (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) da hələlik bir çoxlarına inandırıcı görünmür və bunun sadə səbəbləri var. 1. Dövlətin özünə pul kəsə bilmədiyi bir durumda bir nəfərin pul, özü dı dollar kəsməsi ağlabatan deyil; 2. Söhbət “mütəşəkkil dəstə”dən gedirsə, nədən “dəstə”nin o biri üzvləri həbs edilməyib? (Hərçənd bu gün yayılan xəbərə görə bu işlə bağlı bir nəfər Türkiyədən tutulub gətirilib).

Yox, əgər məsələ “saxta pul kəsmək” yox, “əldə edib satmaq”dırsa, o zaman buna da bir aydınlıq gətirilməlidir.

İbadoğlunun həbsinin əsl səbəbləri isə, məncə, ölkədə heç kəsə sirr deyil. Onun partiyasından ayrılan bəzi partiyadaşların ya könüllü, ya da məcburən verdikləri açıqlamaların ortasında gedən bir ifadə bir çox konturları bəlli edir.

Əslində, real qüvvə kimi siyasi arenaya atılan bütün partiyalar sıraviləri və tərəfdarları təmərküzləşdirmək üçün mütləq “arxa-dayağımız güclüdür, Qərb bizə stavka edir” deyə cazibədar tezisdən istifadə edirlər. Görünür, həmin tezis ciddiyə alınıb.

Uzun sözün kəsəsi, ya yaxın vaxtlarda, ya da bir müddət sonra Qubad İbadoğlu da öz “qızılca”sını çıxaracaq, “sağalıb” azadlığa çıxacaq. Keçid dövrü yaşayan ölkələrdə belə şeylər çox olur.

Bu mövzuda yazanda yazının sonuncu cümləsinin bu cür olması da şərtdir: Allah qapısını açsın!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR