Onlayn ictimai-siyasi qəzet
Vaşinqton onu Paşinyanın əvəzinə ehtiyat variant kimi saxlayır; Təhlükəsizlik Şurasının katibinin Rusiya və Azərbaycanı hədəfə alan ittihamlarına Moskvadan və Bakıdan sərt reaksiyalar var
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son açıqlamasında Moskvanı və Bakını hədəfə alıb. “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu, reallıqdır. Rusiya aldı, mən bunu təsdiq edirəm.
Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi. Bunun müqabilində Rusiyanın Azərbaycandan nə aldığını deyə bilmərəm”, - deyə TŞ sədri bildirib. Qriqoryan deyib ki, Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə enib: “Bu, Rusiyanın qərarı və seçimi idi. Rusiya silah və sursat verməmək qərarına gəldi və bu günə qədər də təmin etmirlər. Onlar mütəmadi olaraq gileylənirlər ki, Ermənistan başqa ölkələrdən silah alır və 2021 və 2022-ci illərdə imzalanmış müqavilələrə əsasən silah vermir”.
Təchizatdan imtinanı necə əsaslandırdıqlarını soruşduqda, Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan əsas səbəbin Ukrayna ilə müharibə olması ilə bağlı izahatları eşidib. “Ancaq 2021-ci ildə imzalanmış müqavilələr də var. Ad çəkmək istəmirəm, amma demək istəyirəm ki, bir dəfə yüksək vəzifəli şəxsə demişdilər ki, Rusiya Ermənistana silah və sursat verərsə, Ermənistanın mövqeyi daha da sərtləşəcək. Onları təmin etməmələrinin səbəbi də budur”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
Ermənistanın TŞ katibinin ABŞ kəşfiyyatına yaxın olduğu barədə iddialar yeni deyil. Tez-tez Vaşinqtonda bağlı qapılar arxasında görüşlər keçirən Qriqoryanın Paşinyanın yerinə hazırlandığı haqda da iddialar var. Onun anti-Rusiya ritorikası aydındır, amma sülh sazişi gündəmdə olduğu vaxtda ABŞ-ın “danışan dili”nin bu cür açıqlamaları diqqət çəkir. Onun Bakıda həbsdə olan erməni separatçıları da “əsir” kimi təqdim etmək cəhdi, bunu sülh prosesində az qala həlledici amil kimi izah etmək cəhdi təkcə Qriqoryanın deyil, həm də erməni lobbisinə seçkilər ərəfəsi “hədiyyə” etmək istəyən Ağ Ev administrasiyasındakı bəzi dairələrin mövqeyidir.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağın itirilməsinə görə Rusiyanı günahlandıraraq öz xalqını aşağılayıb”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə belə reaksiya verib. “Hakimiyyət təmsilçisi kimi bu cür şəxslər öz xalqını aşağılayırlar. Ermənistan vətəndaşları öz ərazilərini (Zaxarova Qarabağı Ermənistan ərazisi hesab edir? - red.) müdafiə etdilər, canlarını verdilər və bunu tarixi əhəmiyyətli hesab etdilər. Ermənistanın bir dövlət kimi uzun illər ideologiyası məhz bu tezislər üzərində qurulub. Onlar bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar? İnsanların öz xalqının tarixi yaddaşına bu qədər alçaldıcı münasibət göstərməsi mənim üçün təəccüblüdür”, - deyə Zaxarova qeyd edib. “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Qarabağı Azərbaycana "təslim etməsi" ilə bağlı dedikləri tamamilə həqiqətə uyğun deyil". Bunu isə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin danışıb. Karasin vurğulayıb ki, Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamaları ilə tanış olmalıdır. “Bu, tamamilə doğru deyil. Erməni siyasi xadimlərinin, o cümlədən yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ittihamlara münasibət bildirib: “Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir”.
Hikmət Hacıyev deyib: “Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub etmiş, mütləq hərbi qələbə qazanmış, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Ermənistan rəhbərliyi ordu sıralarında 10.000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilmiş və Qarabağ tam azad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülmüşdür.
Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik".
Rəsmi Moskva və rəsmi Bakı ittihamlara cavab versələr də, Zaxarovanın fikirləri birmənalı qarşılanmayıb. Xüsusən də “Ermənistan vətəndaşları öz ərazilərini müdafiə etdilər” deməklə Qarabağın kimə aid olduğuna şübhə yaratmağa cəhd edib. “Paşinyan deyir ki, Qarabağ Azərbaycana aiddir və onun ərazi bütövlüyünü tanıyırıq, Qriqoryan isə ittiham edir ki, Dağlıq Qarabağı rus alıb guya bizə verdi. Axı Paşinyan bəyan edib ki, Praqada qəbul edilmiş sənədlər var və Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur. Görünür ki, Armen tarixi tərsinə oxuyub” - bu fikirlərin müəllifi professor Qabil Hüseynlidir. “Yeni Müsavat”a danışan professorun sözlərinə görə, İrəvan Bakıdan 10-cu sülh paketini aldığı bir vaxtda TŞ katibinin yersiz açıqlaması qızışdırıcı xarakter daşıyır. Onun fikrincə, Qriqoriyan anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək üçün daxili auditoriyaya yönəlik belə bəyanatlar verib: “Erməni xalqına demək istəyir ki, Rusiya müttəfiqimiz idi və kömək etmədi. Yəni rus əsgəri erməni hərbçinin yerinə döyüşməli imiş. Demək istəyir ki, Rusiya bizi qorumadı və ondan müttəfiq olmaz, ona görə də KTMT-də nə işimiz var?! Amma yalan danışır. Onun baş naziri etiraf edir ki, bu ərazilər işğal altında olub. Dağlıq Qarabağ nə vaxtdan ermənilərin olub ki, onu rus alıb bizə versin? Əksinə, bizim torpağımızı Birinci Qarabağ müharibəsində ruslar alıb onlara vermişdilər”.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun şərhinə görə, Zaxarova guya Qriqoryanı hədəf alıb, əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib: “Onun sonrakı cümləsi də bundan xəbər verir: "Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?" Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb". Politoloqun zənnincə, Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Karasin də müəmmalı açıqlama verib: “Karasin Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: "Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərin açıqlamaları ilə tanış olmalıdır". Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub? Görünür, Karasin demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst baş nazir Nikol Paşinyan korlayıb".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ