Onlayn ictimai-siyasi qəzet
ABŞ-da aparılan zəlzələ araşdırması qorxunc həqiqəti üzə çıxarıb. Belə ki, Kanadanın Vankuver adasından ABŞ-ın Kaliforniya ştatının şimalına qədər uzanan bölgədə gözlənilən zəlzələ daha böyük və dağıdıcı ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Science Daily” jurnalı məlumat yayıb.
ABŞ Milli Elm Fondunun (NSF) təşəbbüsü ilə aparılan araşdırmada Sakit okeanın şimalında, Kaskadiya subduksiya zonası boyunca dəniz dibinin altında yerləşən bir çox mürəkkəb strukturlar haqqında əhatəli məlumatlar əldə edilib.
Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə ABŞ-ın Vaşinqton və Oreqon ştatları sahillərində aparılan 41 günlük araşdırma nəticəsində əldə edilən məlumatlarda Kaskadiya subduksiya zonasında yer qabığının iki qatının bir-birinə doğru sürüşdüyü müəyyən edilib.
Tədqiqatçılar istifadə etdikləri yeni texnologiyalarla müəyyən ediblər ki, bölgədəki yer qabığının plitələrindəki hərəkət gözləniləndən daha böyük bir zəlzələ meydana gətirmə potensialına malikdir.
Tədqiqatçılar qeyd ediblər ki, güclü zəlzələnin vaxtı barədə proqnoz vermək çox çətindir.
Qeyd olunub ki, bölgədə baş vermə ehtimalı olan zəlzələnin böyüklüyü 9 bal üzərində olacaq.
Kanadalı seysmoloq Con Kassidi "Global News"a verdiyi açıqlamada bildirib ki, son 10 min ildə bölgədə 19 böyük zəlzələ olub.
"Zəlzələnin hər 4-5 əsrdən bir baş verdiyi təxmin edilir", - o deyib.
Seysmoloq bölgədəki son böyük zəlzələnin 1700-cü ilin yanvarında meydana gəldiyinə diqqət çəkib.
Məlumata görə, dünyadakı bütün zəlzələlərin 90 faizi və böyük zəlzələlərin təqribən 80 faizi "atəş halqası" adlanan Sakit Okean seysmik zonasında baş verir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ