İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxmaz İbrahimli: "Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə lazımi hədəflərə nail olacaq"

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran prioritet məsələlərdən biri də uzun illər ərzində ekologiyaya vurulmuş ziyanı aradan qaldırmaq oldu. Zəngin karbohidrat ehtiyatlarına malik torpaqlarımızda və Xəzər dənizində heç bir ekoloji qaydalar qorunmadan istismar olunan neft-qaz sayəsində torpaq, hava və dəniz çox kəskin şəkildə çirklənmişdi.

Xüsusən 1995-ci ildə - Əsrin Müqaviləsi imzalandıqdan sonra dövlətimiz beynəlxalq tərəfdaşlarını da cəlb edərək, çirklənmiş torpaqların təmizlənməsinə böyük yatırımlar etdi. Ölkəmiz hər nə qədər zəngin neft-qaz ehtiyatlarına malik olsa da bunun tükənən ehtiyat olduğu və qloballaşan dünyada iqlim dəyişiklərinin qarşısının alınması, iqlim dəyişikliklərinin zəiflədilməsi ilə bağlı bütün beynəlxalq saziş və protokollara qoşuldu və demək olar hamısını ratifikasiya etdi.

Bunu AZƏRTAC-a müsahibəsində “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

Q.İbrahimlinin sözlərinə görə, zəngin karbohidrat ehtiyatlarına malik olmağımıza rəğmən dövlətimiz qlobal istiləşmədə xüsusi çəkisi olan karbon emissiyasının azaldılmasında alternativ enerjinin istifadə olunmasının vacibliyini xüsusi dəyərləndirdi. Alternativ enerjinin tək istifadəçisi olmaq yox, həm də əhəmiyyətli satıcısına çevrilmək üçün lazım olan bütün tədbirlər həyata keçirilib. 2030, 2050-ci illərə qədər bəlli hədəflərə çataraq böyük həcmdə Günəş, külək və hidroelektrik istehsal edilərək dünya bazarına ixrac etmək üçün böyük yatırımlar edilir.

“Uzun müddət işğal atında olan torpaqlarımız azad edildikdən sonra çox böyük ekoloji terrorun da üstü açıldı. İllərdir formalaşmış erməni lobbisi və diasporunun dünyada tüğyan edən yalanlarına qarşı Azərbaycan dövləti və onun Prezidenti 44 günlük Vətən savaşından sonra inanılmaz işlər gördü. Şuşa şəhərində keçirilən beynəlxalq tədbirlər, işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin səfərləri, BMT missiyasının əraziyə baxış üçün gətirilməsinin təşkili böyük diplomatik uğurlardır. Ekoloji terrorun miqyasını dünyaya tanıdan dövlətimiz bununla kifayətlənmədi. Birinci növbədə ekoloji terrorun nəticələrinin tədricən ortadan qaldırılmasına başlanıldı.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında alternativ, ekoloji təmiz enerjinin istehsalı və gələcəkdə dünya bazarına çıxarılması üçün müxtəlif yerli və xarici şirkətlərin cəlb olunması ilə yeni layihələrə start verildi. Özəlliklə xarici investisiyanın həmin iqtisadi zonalarımıza cəlb olunması həm xarici sərmayənin istifadəsi baxımından, həm də illər ərzində vurulmuş ekoloji ziyanın həcminin təbliği baxımından faydalıdır”, - deyə Q.İbrahimli deyib.

Bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in işə başladığını xatırladan təşkilat sədri böyük nümayəndə heyəti ilə təmsil olunan ölkəmizin orada fürsətin doğru dəyərləndirilməsi, həm iqtisadi, həm ekoloji, həm də diplomatik baxımdan gərəkli işlərin görülə bilməsi üçün qurulmuş geniş pavilyon vasitəsilə lazımi hədəflərə nail olacağını diqqətə çatdırıb. Qeyd olunub ki, alternativ, yaşıl, bərpa olunan enerjinin istehsalı, ixracatı istiqamətində xarici partnyorlarla görülmüş, görülməkdə olan və görüləcək işlər həm də virtual şəkildə iştirakçı ölkələrə və nümayəndə heyətlərinə çatdırılacaq”.

Xatırladaq ki, Dubayda keçiriləcək tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndənin qatılacağı gözlənilir. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan ilk dəfə həmin tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. 254 kvadratmetrlik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar ilə birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR