İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşularla “sıfır problem” əvəzinə danışıqları “sıfırlamaq”? – Bədəli AĞIR olacaq!

Ermənistanda arxiyepiskop Baqrat Srbazyan və onun arxasında duranların siyasi hoqqaları davam edir. Şübhəsiz, bu, kapitulyant ölkədə azlığın etirazıdır. Lap dəqiqi, azlığın azğınlığıdır. Eyni zamanda, son “çırpıntıları”. Müşahidə olunan aşırı aqressivlik sözsüz ki, ən əvvəl bu üzdəndir.

Hər halda erməni toplumunun əksəriyyəti baş verənlərə biganədir. Az-maz ağlını və məntiqini itirməyənlər özünü Baqratın radikal dəstəsinin önündə görməsə də, yanında da təsəvvür eləmir.

Bu da sövq-təbii Nikol Paşinyan iqtidarına meydan oxumağa çalışan “din” xadimi və onu ortaya salıb “kloun” kimi oynadanları qəzəbləndirir. Hansı ki, dünən özünü hətta baş nazirliyə iddiaçı elan edib. Fəqət, heç bir proqramı-platforması yoxdur.

Bir saxta din xadimi, fırıldaqçı-dələduz xalqa nə vəd verəsidir ki. Qabındakı, qafasındakı zatən, ortada...

Sirr deyil ki, Ermənistanda çoxdan siyasi müxalifət mövcud deyil. Onun əvəzinə qatı anti-Türkçü, Qarabağ klanının da daxil olduğu və faşist Njde ideologiyasına sadiq “müharibə partiyası”, “terrorçu zümrə” var. Azlığın “müharibə partiyası”.

Ancaq bəzən ölkədə fəal azlıq elə təhlükəli mübarizə üsuluna əl atır, elə riskli gedişlər edir ki, altını nəinki hakim qüvvə, çoxluq da çəkir. Söhbət özəlliklə siyasi rəqib(lər)ə qarşı zorakı üsullardan, o sırada sui-qəsd, terror ssenarilərindən gedir.

Bu dəqiqə Ermənistan üçün ən pis perspektiv məhz sonuncu variant sayıla bilər. Üstəlik, qonşuların belə şeylərdə “təcrübəsi” böyükdür. 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsini yada salmaq yetər. O vaxt da Azərbaycan və Ermənistan sülh anlaşmasının bir addımlığında idilər...

Odur ki, Paşinyanın mühafizəsi de-fakto milli təhlükəsizlik məsələsi olmalıdır. Özü də təkcə iqtidardan ötrü yox. Daha bir səbəbə: hazırda Ermənistanda Azərbaycanla sülh gündəliyini irəli aparıb axıra çatdıra biləcək yeganə siyasi qüvvə yenə Nikol Paşinyan və onun komandasıdır.

Nikolu devirib yerinə gəlməyə can atan hansısa radikal-revanşist ünsür isə yüzdə yüz pis-yaxşı davam edən kövrək sülh danışıqlarını “sıfırlamaq” istəyəcək. Əks halda, yəni seçkilərlə, legitim yolla yox, zor gücünə hakimiyyət sükanını ələ keçirməyin anlamı qalmır...

Erməni xalqının mənafeyi, rahat və təhlükəsizlik gələcəyi isə Bakı ilə danışıqları “sıfırlamaq” yox, “qonşularla sıfır problem” siyasətini diktə edir. Ermənistanın bölgədə əsas fitnə-fəsad yuvası, müharibə səbəbi olmasından həmişəlik imtinasını zərurətə çevirir.

Bədxah qonşular üçün ayrı xilas düsturu, qurtuluş və ya dinc mövcudluq formulu yoxdur, olmayacaq!..

Politoloq Elxan Şahinoğlu bu xüsusda haqlıdır deyəndə ki, Bakı erməni cəmiyyətinə dəqiq mesaj göndərilməlidir ki, “Paşinyanı devirib sərhəd razılaşmalarından imtina etsələr, bu, onlara baha başa gələcək. “Danışıqların “sıfır nöqtəsi”nə qayıdacağını heç kim ağlından keçirməməlidir” - bunu da politoloq söyləyib.

Əslində belə bir ismarış artıq Bakıdan İrəvana göndərilib. Hər necə olmasa, Prezident İlham Əliyev bir neçə dəfə bəyan edib ki, Ermənistandakı proseslər nəzarətdədir və əgər revansistlər təzədən baş qaldırıb Azərbaycana real təhlükə yaratsa, kimsədən soruşulmadan ən sərt tədbirlər görüləcək.

Bu xəbərdarlıq neçə həftədir populist və nimdaş şüarlarla ortaya düşüb boşboğazlıq edən, Allahına belə asi çıxıb soydaşlarını zorakılığa çağıran, Ermənistanı daha böyük fəlakət zonasına çevirməyi hədəfləyən arxiyepiskop Baqrat kimilərə də aiddir təbii ki...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR