İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal investorlar Çin bazarına yatırdıqları pulları sürətlə geri çəkirlər: “Gəmi” batır?

Qlobal investorlar bu ilin yanvar-iyul aylarında Çinin fond bazarına yatırdıqları vəsaitlərin 77 faizini geri çəkiblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb.

Qəzet yazır ki, Pekinin dünyanın ikinci ən böyük iqtisadiyyatına inamı bərpa etmək səylərinə baxmayaraq, qlobal investorlar yanvar-iyul aylarında Çinin fond bazarında əldə etdikləri 25 milyard dollardan çox dəyərində səhmləri satıblar. Onlar ölkənin COVID-19-a qarşı "sıfır dözümlülük" siyasətindən əl çəkməsindən sonra iqtisadi dirçəliş gözləyərək yanvar ayında Çin səhmlərini rekord sürətlə alıblar. Lakin son aylarda Çinin daşınmaz əmlak sektorunda likvidlik böhranı ilə bağlı artan narahatlıqlar və gözləntilərə uyğun olmayan iqtisadi göstəricilər səbəbindən qoyduqları vəsaitləri sürətlə geri çəkirlər.

Avqustun əvvəlində ölkənin fond bazarına xalis valyuta daxilolmaları Çin hakimiyyətinin iqtisadiyyata daha əhəmiyyətli dəstək vermək vədləri fonunda 235 milyard yuana (32,6 milyard dollar) çatıb. Bununla belə, “Financial Times”ın hesablamalarına görə, bu rəqəm indi 77 faiz azalaraq 54,7 milyard yuana düşüb. Bu, Yaponiya, Cənubi Koreya və Hindistanda əsas bazar göstəricilərində qeydə alınan 8-10 faiz artımla müqayisədə bu il CSI 300 fond indeksinin dollar ifadəsində 11 faizdən çox azalmasına səbəb olub.

“Goldman Sachs” analitikləri bildirirlər ki, bu il Hindistan və Cənubi Koreya bazarlarına xalis daxilolmalar müvafiq olaraq 12,3 milyard və 6,4 milyard dollar təşkil edib.

Bununla belə, analitiklər nikbinlik səviyyələri fərqli olsa da, Çin fond bazarının 2024-cü ildə yaxşılaşacağını gözləyirlər. “Goldman Sachs” korporativ mənfəətin artması səbəbindən gələn ilin sonuna qədər CSI 300-ün indiki səviyyəsindən təxminən 17 faiz artacağını gözləyir.

“Morgan Stanley” mütəxəssisləri yaxın 12 ay ərzində Çin bazarının 7,5 faiz artacağını proqnozlaşdırırlar. Eyni zamanda onlar xəbərdarlıq ediblər ki, əgər ölkə hakimiyyəti iqtisadi artımı daha fəal dəstəkləmək üçün addımlar atmasa, Çindən investisiyaların daha çox axınını istisna edə bilməzlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR