İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca ilə bağlı statistika gizlədilir

TƏBİB-dən "xəstələrin sayı daim dəyişkəndir, məlumat verə bilmirik" deyilir; Professor: ""Epidemik alovlanmaya səbəb qızılcanın yeni ştamıdır" iddiası əsassızdır..."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib. O, bunun mümkün olduğunu bildirib. “Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVİD-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, - ÜST-ün baş direktoru vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma, sadəcə, 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə 2023-cü ilin noyabr ayı ərzində Azərbaycanda 2919 nəfər qızılca xəstəliyinə yoluxub.  Maraqlıdır ki, DSK-nın təqdim etdiyi məlumatla, ÜST-ün verdiyi məlumat arasında kəskin fərq var, lakin hər iki statistikaya görə bu, son 23 il ərzindəki ən yüksək yoluxma olub. Səhiyyə qurumları ölüm sayını açıqlamasa da, son üç ayda yayılan məlumatlar onu göstərir ki, uşaqlar arasında qızılcadan ölüm halları artmaqdadır. Hətta qeyri-rəsmi rəqəmlər bu rəqəmin 20-ni üstələdiyini də deyir.

Qeyd etmək yerinə düşər ki, artıq bir neçə aydır qızılca ilə bağlı modul tipli xəstəxanalara xeyli insanın yerləşdirildiyi bildirilir. Hazırda nə qədər insanın müalicə alır sualı ilə bağlı TƏBİB-ə sorğu ilə müraciət etdik. Qurumdan “Yeni Müsavat”ın sorğusuna belə cavab verildi: “Qızılca xəstələrinin sayı daim dəyişkəndir, bu barədə məlumat verə bilmirik”. 

Xəstələrlə bağlı açıq məlumat verilmədiyindən əhali arasında da təşviş yaranıb, şikayətlər artıb. 

Cəlilabad rayonunda isə qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alındığı bildirilir. (Report) Rayonda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub. Onlardan 18 yaşdan kiçiklər 318 nəfər, böyüklər isə 175 nəfər təşkil edir. Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur. 

MUSA QƏNİYEV. PROFESSOR | Azərbaycan Tibb Ensiklopediyası

 Musa Qəniyev

Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, “qızılcanın patogenlik və letallığı (ölüm törətməsi) yüksək olan yeni ştamı yayılıb” fikrini hazırda bəzi həkimlər də söyləyir: “Elmi əsası olmayan, insanları gərginlik və qorxu altında saxlayan bu cür iddialara aydınlıq gətirmək istəyirəm. 

Qızılca virusunun bütün ştamlarına xas olan xüsusiyyət genom quruluşun 15 894 nukleotid ardıcıllığından ibarət olmasıdır. Virusun A, B, C, D, E, F, G, H adlandırılan 8 qrup ştamı və 15 genotipi (yarımştam) vardır. Müxtəlif dövrlərdə H1 (72), D5 (16), D9 (34), B3 (28), G3 (5) genotiplər qısa müddətli olsa da dominantlıq edib. Lakin əksər dövrlərdə, eləcə də hazırda dominant olanlar D4 (421), D6 (174) və D8 (816) kimi 3 genotipə məxsus ştamlardır. 

Genom analizi bu ştamların nukleid ardıcıllığında heç bir kəmiyyət və ya struktur dəyişikliyi olmadığını təsdiq edir. Yəni hər üç genotipdə 15894 nukleotid sıralanması və amin turşu ardıcıllığı olduğu kimi saxlanılır. Başqa sözlə, virusun bir zəncirli  RNT-sinin əsas zülalları olan NP (nukleokapsid zülal), M (matriks zülal), H (hemaqlyutinin) və hemolizində praktik əhəmiyyət kəsb edən struktur dəyişikliyi yoxdur. Fərqli mutant ştamlarda yalnız virusun hüceyrəyə daxil olmasına xidmət edən F zülalında dəyişiklik (aminturşu əlavəsi, itkisi və ya çarpaz bağlanma) baş verir. Bu əmsal Ro indeksini müəyyənləşdirdiyindən, patoqenlik və letallıq əmsalı ilə heç bir bağlılığı yoxdur. 10/9 nisbətində yoluxdurma əmsalı da olduğu kimi sabit saxlanılır. Odur ki, hazırkı epidemik alovlanmaya səbəb qızılcanın yeni ştamıdır fikri tamamilə yanlış və əsassızdır. Alovlanmaya səbəb hələ iki il əvvəl dəfələrlə söylədiyim və yazdığım kimi, pandemiya dövründə uzunmüddətli sərt karantin, məlum səbəbdən vaksinasiyaya neqativ münasibətin yaranması və uşaqlar arasında qızılcaya qarşı “peyvəndləmə təqviminə” düzgün əməl olunmamasıdır. Çünki qızılca əleyhinə peyvəndin ilkin dozasının 85%-dən aşağı olduğu lokal ərazilərdə qızılca epidemiyasının baş verməsi qaçılmazdır. Halbuki 2022-ci ildə bu rəqəm 83%, keçən il isə daha aşağı faiz nisbətində (71%-dən az) olub. Odur ki, hazırda “peyvənd təqviminə” düzgün əməl edilməyən bütün ölkələrdə, o cümlədən bizim ölkədə də qızılcada müşahidə edilən kəskin artım tamamilə qanunauyğun və gözləniləndir. Buna görə təşvişə və qorxuya düşməyə heç bir əsas yoxdur". 

Professor əlavə edib ki, fevral ayının üçüncü ongünlüyündən başlayaraq vəziyyət normallaşacaq, sporadik yoluxma isə Novruz bayramına qədər davam edəcək: “Qızılcaya yoluxanlara ikincili mikrob infeksiyasının yoluxması təsdiq olunmadığı hallarda antibiotik, antiviral preparat, xüsusən insanlar arasında hazırda çox populyar olan "sistem" vurulması, immun sistemin supressiyası səbəbindən mütləq əks göstərişdir. Yalnız temperatur kritik həddə yüksəldiyi halında, parasetamol və ya ibuprofen kimi preparatlardan yüksək olmayan dozalarda istifadə edilməlidir. 

Bir daha təkrar edirəm, günümüzdə istər qızılca, istərsə də hər hansı bir digər virus infeksiyası ilə  bağlı xüsusi qorxuya səbəb olacaq hal və ya epidemioloji vəziyyət yoxdur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR