İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca azalıb, amma can almaqda davam edir

“Bir həftədən artıq qızdırma davam edirsə...” - həkimdən xəbərdarlıq

Tovuzda azyaşlı qızılcadan ölüb. Rayonun Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif İsmayılov fevralın 4-dən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 10 yaşlı Y.İsmayılov fevralın 5-də dünyasını dəyişib.

“Medicina”nın əldə etdiyi məlumata görə, 10 yaşlı Yusif İsmayılov anadangəlmə serebral iflic xəstəsi və əlil idi. Valideynləri illərlə onu müalicələrlə yaşadırdı.

Ailənin yaxınları bildirib ki, uşaq Tovuz xəstəxanasına yerləşdirilib, amma həkimlər uşağın ağır olduğunu görərək Bakıya təxliyə məqsədilə 113-ə çağırış ediblər. 113 isə saturasiyanın aşağı olduğunu əsas gətirərək, bu vəziyyətdə maşını sürə bilməyəcəyini deyib.

Təxliyə üçün saturasiya azı 95 olmalıdır, bu isə kifayət qədər yaxşı saturasiyadır. Həkimlərin və Tovuz rayon xəstəxanasının həkimlərinin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Həkimlərin bildirdiyinə görə, uşaqda immun çatışmazlığı olduğu üçün bədəni səpkiləri üzə çıxara bilməyib və el arasında deyildiyi bir hal - qızılcanın daxilə keçməsi baş verib.

Yusifin bacısı da qızılca idi və ev şəraitində normal şəkildə keçirib.

Qeyd etmək yerinə düşər ki, qızılca ilə bağlı həkimlər arasında fikir ayrılığı yaranır. Bəziləri bildirir ki, virusun forması dəyişib, ona görə ağırlaşmalara səbəb olur. Bir qisim həkim isə bu fikirlə razılaşmır, bunların şişirdilmiş məlumat olduğunu deyir. Fakt isə ondan ibarətdir ki, peyvənd olunanlar da virusa yoluxur, xəstəliyi ağır keçirir. Eyni zamanda xəstəliyi bir dəfə keçirənlər də qızılcaya yoluxur, onlarda da virus ağır gedişatla özünü göstərir. Bu kimi faktlara görə xəstəliyin qızılca olmadığını iddia edənlər də az deyil...  

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45 dəfə artdığını açıqlayıb. Açıqlamada xaricdən qayıdan səyahətçilərdə yoluxma hallarının qeydə alındığı bildirilib. Bundan əlavə, məlumatda ABŞ və Böyük Britaniya kimi ölkələrdə qızılcanın daha sürətlə yayılması qeyd olunub. Məlumata görə, uşaqların sağlamlığına sarsıdıcı təsir göstərən qızılca bəzi hallarda ölümcül nəticələrə gətirib çıxarır və uşaqların immun sistemlərinin zəifləməsinə səbəb olur, onları bir çox yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.

Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, xəstəliklərin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə payız-qış mövsümündə Azərbaycan ərazisində qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələri daxilində sanitariya-gigiyena tədbirlərinin və qızılcaya qarşı epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım və yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir. Bu barədə TƏBİB-dən mediaya verilən açıqlamaya görə,  qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir. Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məhəmmədi müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib. Eyni zamanda rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində, həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında (uşaqların) da qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır", - deyə əlavə edilib. 

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

HAQQIMIZDA – Hepatit.az

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, virusun klinik gedişindən məlum olur qızılca xəstəliyidir, ya yox: “Bu elə bir xəstəlik deyil ki, başqa viruslarla dəyişik salınsın. 3-4 gün qızdırma olur, sonra səpgi başlayır. Səpgi də mərhələli şəkildə olur, yəni üzdən başlayır, üzü aşağı doğru davam edir. Sinə, yuxarı ətraflar, sonra aşağı ətraflara gedir. Tipik qızılca səpgilərinin xüsusiyyəti bu olur. Xırda səpgilər olur, bunlar birləşib hiperemeniya yaranır, yəni səpgilər ləkəli şəkildə olur. Bir də bunu analizlə də bilmək olur. Analizlərdən baxanda da bunu dəqiqləşdirə bilirik. Burada klinik gediş tam qızılcaya xarakterikdir. Başqa belə xəstəlik olmadığı üçün çox vaxt klinik olaraq bu diaqnoz qoyulur. Yəni heç analizə ehtiyac olmur, amma hər ehtimala qarşı analizə də göndərilir. Ona görə təsdiqini tapır. Biz də müşahidə edirik, qızılca xəstələri bizə müraciət edirlər. Tam xarakterik qızılca əlamətləridir. Bir də qızılcanın letallığı beş faizdir, çoxdur. Yəni koronavirusdan xeyli çoxdur. Koronavirusda letallıq 2-3-dür, burada amma 5 faizdir. Xüsusən də 2 yaşlı uşaqlarda və 20 yaşdan yuxarı şəxslərdə xəstəlik ağır keçir. Bir sözlə, bu, yüngül xəstəlik deyil, ehtiyatlı olmaq lazımdır”. 

İnfeksionist “Amma bəzi pediatrlar bildirir ki, qızılcanın gedişatı indi fərqlidir, misal üçün, səpgilər 3-4 günə bilinirdisə, indi bir həftədən sonra üzə çıxır. Ağırlaşmaların səbəbi bununla bağlıdırmı? İnsanlar müalicə üçün gecikirlərmi” sualına belə cavab verdi: “Bəli, qızılca zamanı 3-4 gün hərarət olur, bəzən iki gün olur. Sonradan səpgi başlayır. Səpgi dövründə də qızdırma olur. Belə deyək, bir həftədən artıq qızdırma davam edirsə, artıq ağırlaşma ehtimalı çoxalır. Səpgi başlayandan sonra iki gün qızdırma olur, düşməlidir. Düşmürsə, artıq ağırlaşma ehtimalı var. Ona görə ehtiyatlı olmaq lazımdır və bir həftədən artıq qızdırma olursa, həkimə göstərmək lazımdır. Bir də valideynlər uşaqlarını soyuğa verməməlidir, ev şəraitində bol maye vermək lazımdır. Evin havası tez-tez dəyişilməlidir. Uşaqların hərarəti tez-tez yoxlanmalıdır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR