Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yanvarda 8 tona yaxın qızıl idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, bu ilin yanvar ayında 689 milyon 947.180 min dollar dəyərində 7 min 950,47 kq qızıl idxal edilib. Ən çox qızıl Avstraliyadan idxal edilib - 2666.5 kq. Digər ölkələr üzrə idxal: Rusiya 995.01 kq, ABŞ 261.14 kq, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 1136.34 kq, Brazliya 324.47 kq, Çin 486.19 kq, İsveçrə 12.57 kq, Kanada 12.97 kq, Meksika 2007.11 kq, İspaniya 48.16 kq.
Ötən il Azərbaycan 3 milyard 313 milyon dollar dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
Azərbaycanda əsas qızıl alışını həyata keçirən ölkənin suveren fondu Dövlət Neft Fondu sayılır. Son məlumatlara əsasən, Fond 2024-cü ildə 44.8 ton qızıl alıb.
Qeyd edək ki, qızıl qlobal iqtisadi qeyri-müəyyənliklər və inflyasiya riskləri fonunda etibarlı sərmayə vasitəsi kimi qəbul edilir. Bu səbəbdən ARDNF qızıl ehtiyatlarını artıraraq, valyuta ehtiyatlarını diversifikasiya edir və potensial maliyyə risklərinə qarşı özünü sığortalayır.
Bundan əlavə, qlobal siyasi sabitsizliklər, münaqişələr və regional böhranlar da qızıla tələbatı artırır. Məsələn, Orta Şərqdəki gərginliklər və Rusiya-Ukrayna münaqişəsi kimi faktorlar investorları qızıla yönəldir.
Ekspertlərə görə, ARDNF-in qızıl alışlarını artırması Azərbaycanın maliyyə dayanıqlığını gücləndirmək və qlobal iqtisadi risklərə qarşı dayanıqlılığını artırmaq məqsədi daşıyır.
Son ildə qızıl idxalını artırmağın səbəbi nədir? Qızıl alışı ölkəmizi hansı risklərdən sığortalamış olur?
İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Son 10 ildə xüsusilə də hökumətlər, ehtiyat fondları, mərkəzi bankların yığım vasitəsi olaraq qızıla investisiya etməsi meylləri daha da güclənib. Bunun 2025-ci ildə də özünü daha qabarıq şəkildə büruzə verməsi başa düşüləndir. Çünki qlobal maliyyə bazarlarında, xüsusilə 2008-ci il böhranından sonra yaranmış situasiya və daha sonrakı dövrlərdə siyasi-iqtisadi münasibətlərdəki tədirginliklər və proqnozlaşdırma imkanlarının məhdudlaşdırması davamlı olaraq ehtiyat, investisiya vasitəsi olaraq qızıla alış istiqamətində meylləri gücləndirdi.
Bu, eyni zamanda dolların orta uzunmüddətli dövrdə gələcəyi ilə bağlı müxtəlif proqnozların, yaxud da ssenarilərin müzakirəyə çevrilməsi nəticəsində daha da gücləndi. Bir sıra hallarda artıq müxtəlif iqtisadi güclər dolların qlobal iqtisadiyyatdakı təsir dairəsini zəiflətməklə bağlı müxtəlif çağırışlar edirlər.
Bununla bağlı müxtəlif yanaşmalar var. Son olaraq BRICS ölkələri tərəfindən yeni valyutanın yaradılması ilə bağlı çağırışlar ortaya çıxdı. Hazırda ticarət müharibələrinin başlaması ilə əlaqədar artıq simptomların ortada olması orta uzunmüddətli dövrdə qlobal iqtisadiyyatda çox ciddi flyuktasiyaların meydana gələcəyinə və bunun digər investisiya alətlərində həm birbaşa, həm də dolayısı ilə kapital qoyuluşlarında səhmlərin, istiqrazların dəyərində öz əksini tapacağını proqnozlaşdırmağa imkan yaradır.
Belə bir şəraitdə mümkün risklərin minimuma endirilməsi məqsədilə itkilərin azaldılması və yığımların qorunması məqsədilə qızıla investisiyalar artır. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar indiki şəraitdə başa düşüləndir”.
İqtisadçı bildirib ki, hazırda qızılın qiyməti çox yüksəkdir. Bu şərtlər daxilində qızıla investisiya edilməsi məsələsi ciddi araşdırılmalıdır:
“Nəzərə alsaq ki, Dövlət Neft Fondu tərəfindən bu alətlərə investisiya edilir, Fondun yığımları uzunmüddətli dövr üzrə proqnzolaşdırılan alətlərdə saxlanıldığı üçün düşünmək olar ki, bu istiqamətdə investisiyanın edilməsinin ciddi riskləri, təhlükəsi olmayacaq. Əksinə, potensial risklərdən qorunmaq üçün müəyyən bir kompensasiya funksiyasını yerinə yetirə bilər”.
Afaq Mirayiq,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ