İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl bazarı da “ölüb”

Zərgərlik mağazaları müştəri qıtlığından dad edir 

Hər il Məhərrəm ayında ən çox zərərçəkən sahələrdən biri şadlıq evləri, digəri isə zərgərlik mağazaları olur. Çünki bu ayda toy şənlikləri keçirilmir, toyların olmaması isə birbaşa olaraq qızıl alış-satışına təsir edir. Əgər ilin digər aylarında gənc cütlüklərin toy hazırlığı ilə əlaqədar olaraq qızıl dəstlərinə ciddi tələbat yaranırsa, Məhərrəm ayında bu göstərici kəskin aşağı düşür.

“Yeni Müsavat”ın əməkdaşı Bakının Nizami rayonu ərazisində fəaliyyət göstərən bir neçə zərgərlik mağazasında müşahidə aparıb, müxtəlif zinət əşyaları ilə bərq vuran mağazalara daxil olub qiymətlərlə maraqlanıb. Satıcıların sözlərinə görə, qızılın qiyməti dünya bazarında müəyyən olunur və yerli bazarda yalnız ona uyğun dəyişiklik baş verir. Yəni Məhərrəm ayının özü qızılın maya dəyərinə təsir göstərmir. Sadəcə olaraq, toyların olmaması nəticəsində, xüsusən də dəstlər və iri həcmli qızıl məmulatlarının satışı zəifləyir.

İlk daxil olduğumuz mağazanın vitrinlərində par-par parıldayan üzük, sırğa, boyunbağı və dəstlər göz oxşayırdı. Qapıdan girərkən bir xanım müştəri sadə üzüklərə baxırdı, amma satıcı ilə söhbətindən hiss olunurdu ki, “sadəcə maraqlanır”, almaq niyyəti yoxdur. Satıcıya yaxınlaşıb, Məhərrəm ayının  qiymətlərə təsir edib-etmədiyini soruşuram. 

"Yox, qızılın qiyməti dünya bazarına görə dəyişir. Bizim burada qiymətləri müəyyən etmək ixtiyarımız yoxdur. Birjada necədirsə, bizdə də elə olur. Məhərrəmlik, sadəcə, satışlara təsir edir. Toy olmayanda əsasən dəstlər alınmır. Tək-tük alıcı gündəlik istifadə üçün üzük, sırğa götürür. Əvvəlki aylarda toy hazırlığı ilə bağlı hər gün dəst soruşurdular, indi isə demək olar ki, yoxdur", - deyə satıcı cavab verir”.

Satıcı söhbətinə davam edərək deyir ki, satışların azalması həm də mağazanın fəaliyyət formasından asılıdır: "Elə dükan var ki, yalnız İnstagram-dan işləyir. Onlar bu vəziyyəti çox hiss etmirlər. Amma ənənəvi mağazalar, yəni vitrinlə satış edənlər üçün bu ay çətin keçir".

Satıcı əlinin işarəsi ilə vitrini göstərərək əlavə edir ki, hazırda 750 əyar qızılın 1 qramını 130-131 manata alırıq (lom qiyməti), satış isə 150-180 manat arası dəyişir: “585 əyarlı qızılın 1 qramı 102 manatdan alınır, satışı 130-150 manat civarındadır. Amma dizaynı fərqli, əlin işçiliyi çox olan zinət əşyalarının qiyməti təbii ki, daha bahalı olur”.

Mağazadan çıxanda bir müştərinin səsi eşidilir: “Toyu yazda planlaşdırırıq, qiymətlər qalxar, ya düşər?”

Satıcı gülümsəyərək cavab verir: “Qızıl son vaxtlar heç ucuzlaşmır, qardaş, ya sabit qalar, ya da qalxar”.

Yaxınlıqda fəaliyyət göstərən lombardların birinə də baş çəkirik. Burada mühit tamam fərqlidir - parıltı, dəbdəbə yoxdur. Sadə şüşə vitrinlərdə cəmi bir neçə sırğa və qolbaq var. Satıcıya yaxınlaşıb qiymətlərlə maraqlanırıq:  “585 əyarlı qızılı 100-101 manata alırıq. Bəzi yerlər 105 manata da alır. Satışı isə 130-140 manat arası dəyişir. 750 əyarlı qızılın alış qiyməti 128-130 manatdır, satış isə 150-160 manat aralığında dəyişir”.

Satıcı əlavə edir ki, lombardda müştərilərin çoxu qızıl almağa yox, ehtiyac üzündən qızıl satmağa gəlir. Onun sözlərinə görə, Məhərrəmlikdə bu proses daha çox müşahidə olunur: “Toy olmayanda insanlar qızıl almaqdan çox, mövcud qızıllarını gətirib satırlar. Ona görə də bizdə alver başqa cür gedir”.

İqtisadçı ekspertlər bildirirlər ki, qızıl bazarı digər mallardan fərqlənir. Qiymətlər daxili bazar şərtlərinə görə deyil, beynəlxalq birjaların diktəsinə uyğun formalaşır. Son aylarda dünya bazarında qızılın unsiyası (təqribən 31 qram) 2 350-2 400 dollar arasında dəyişib. ABŞ-də faiz dərəcələrinin artırılması, dolların möhkəmlənməsi, həmçinin Yaxın Şərqdə gərginlik qızıl qiymətlərinə təsir göstərən əsas amillərdir.

Ekspertlər deyirlər ki, ötən ay dünya bazarında ciddi dəyişiklik olmayıb, qiymətlər sabit qalıb. Bu səbəbdən də Azərbaycanda satış qiymətlərində kəskin bahalaşma və ya ucuzlaşma müşahidə olunmur.

Mağaza sahibləri deyirlər ki, bazarda təqdim olunan qızıl-zinət əşyalarının 60-65 faizi Azərbaycan istehsalıdır. Bununla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və Çindən də məmulatlar gətirilir. İtaliya istehsalı məhsullar keyfiyyət və dizaynına görə daha baha qiymətə satılır, amma müştərilərin əksəriyyəti qiymətinə görə yerli məhsullara üstünlük verir.

Beləliklə, apardığımız müşahidələr göstərir ki, Məhərrəm ayı qızılın qiymətinə təsir etməyib. Qiymətlər beynəlxalq birjaların diktəsi ilə formalaşır. Amma toyların olmaması səbəbindən satışlarda ciddi azalma müşahidə olunur. Zərgərlik mağazaları müştəri itkisi yaşayır, lombardlarda isə vəziyyət fərqli xarakter alır - alıcı yox, satıcı çoxalır. Ekspertlər isə ilin sonuna qədər dünya bazarında müəyyən artımların ola biləcəyini, bu səbəbdən Azərbaycanda da qızıl məmulatlarının qiymətinin bir qədər bahalaşacağını proqnozlaşdırırlar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Fotolar müəllifindir

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR