Onlayn ictimai-siyasi qəzet
İnquşetiyada üç kişi avtomobildə güllələnərək öldürülüb. Qurbanlar rayon paytaxtının girişində pusquya salınıb. Hücum edənlər qaça biliblər. Qətliama qız üstündə başlanan köhnə davanın səbəb olduğu bildirilir.
Rusiya mediası yazır ki, İnquşetiyada ekstremizmlə mübarizə mərkəzinin (“E” mərkəzi) əməkdaşlarının avtomobilinə hücum heç də terrorçular tərəfindən yox, onlarla düşmənçilik aparan klandan olan insanlar tərəfindən həyata keçirilib.
Məlum olur ki, iki inquş teypi (qəbilə, tayfa) bu ilin aprelindən qanlı-bıçaqdır. Bunlar Auşevlər və Barkinxoyevlərdir. Tayfa davasının başlamasının səbəbi o olub ki, Barkinxoyevlər ailəsindən olan 16 yaşlı qızla Auşevlər ailəsindən olan 17 yaşlı oğlanın arasında sevgi münasibəti olub. Guya sonradan oğlan qızı intim video ilə şantaj edib. Bu ilin aprel ayının əvvəlində Barkinxoyev tayfasının adamları həmin gənci qaçırıblar, döyüblər, soyundurublar, başını qırxıblar, üzünə parlaq yaşıl rəng sürtüblər və kamera qarşısında üzr istəməyə məcbur ediblər.
“Başqasının qadınına toxunduğum üçün üzr istəyirəm. Mən bir daha bunu etməyəcəyəm. Mən çox alçaq, qorxaq adamam”, -- videodakı oğlan alt paltarında yerdə çöməltmə oturaraq deyir.
Bu sözlərdən sonra o, naməlum şəhərdə maşından endirilib, yenidən üzr istəməyə məcbur edilib. Bu epizodlar da videoya çəkilib, sonradan internet resurslarına yerləşdirilib və yerli sakinlər arasında geniş yayılıb. Buna cavab olaraq, mayın əvvəlində Auşevlər tayfasının üzvləri Barkinxoyev teypindən olan ortayaşlı kişiyə hücum ediblər.
Qeyd olunur ki, Auşevlərin oğurladığı kişi əvvəlki hadisələrdə iştirak etməyən təsadüfi bir şəxs olub. Buna baxmayaraq, onlar kişini döyüblər, şalvarını çıxarıblar. Daha sonra pnlar kişinin şalvarını alçaltma əlaməti olaraq Qafqaz federal magistralının üstündən asıblar. Bu akt da lentə alınıb.
Tayfa savaşının zərərçəkənləri
İlk videoda başı yaşıl rəngə boyanmış oğlan hücumdan sonra bütün ittihamları rədd edib, Qurana əl basaraq günahsızlığına dair and içib. Tayfa davasına səbəb olan qız isə yoxa çıxıb.
May ayında baş verən ikinci hadisədən sonra tayfalar barışmağa çalışaraq ümumi yığıncaq keçiriblər. Lakin şalvarı magistral yolun üstündən asılmış şəxsin oğulları yığıncaqda iştirak etməyiblər. Onlar atalarının qisasını alacaqlarına söz veriblər.
Tayfaların barışmasından bir müddət sonra tərəflər arasında toqquşma olmayıb. Oktyabrın 11-də axşam saatlarında isə naməlum şəxslər Auşevlər teypindən olan üç kişinin - Əmir, Beslan və İlezin olduğu avtomobili atəşə tutublar. Güllələnən şəxslərin üçü də Barkinxoyevlərdən olan yaşlı kişinin döyülməsində iştirak edənlərdir. Onlar düşmənlərinin qisas almaq istəyəcəklərini düşünərək həmişə qrup halında hərəkət edirmişlər. Onlardan biri İnquşetiyadakı “E” mərkəzinin rəis müavini Adam Xamxoyevin mühafizəçisi olub. Digər ikisi də, görünür, “E” mərkəzində işləyirmiş.
Hücum günü A.Xamxoyev Auşevlərlə eyni maşında gedirmiş. Ona görə də media əvvəlcə hadisəni onun həyatına “uğursuz sui-qəsd cəhdi” adlandırıb. İnquşetiyanın paytaxtının girişində Xamxoyev telefon zənginə cavab vermək üçün maşından düşüb. (Bunun özü də şübhəli hərəkətdir, rəis müavini telefon zənginə maşında da cavab verə bilərdi). O, maşından çıxan kimi gümüşü rəngli, “Lada” markalı avtomobil polisin cip növlü avtomobilinə yaxınlaşıb. “Lada”dan düşən şəxslər Auşevlərin olduğu maşını gülləborana tutublar. Üç qohum hadisə yerindəcə ölüb. İddiaya görə, bir az aralıdakı Xamxoyev atəşə cavab versə də, hücum edənlər qaça biliblər.
Onların iki nəfər olduğu, qətliamdan dərhal sonra avtomobili yandırdıqları və başqa avtomobilə minərək, ya da piyada halda Şimali Osetiyaya doğru getdikləri bildirilir. Yandırılmış avtomobilin yaxınlığında qanlı salfetlər tapılıb və bu, hücum edənlərin yaralanmasının əlaməti sayılır.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd və qanunsuz silah alveri ilə bağlı cinayət işi açılıb. İnquşetiya prokuroru Andrey Vasilçenko istintaqı nəzarətə götürüb.
Ancaq görün, İnquşetiyada kriminogen durum hansı vəziyyətdədir ki, polis işçisi adam oğurluğunda, onun linç edilməsində iştirak edir və buna görə öldürülür.
Araz Altaylı, Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ