Onlayn ictimai-siyasi qəzet
Fərhad Eyyubov: “AYNA-nın mütəxəssisləri ciddi tədbirlər görməlidir”
Bir müddət öncə ictimai nəqliyyatda qiymətlər tənzimlənərkən daşıyıcı şirkətlərin üzərinə xidmət səviyyəsini yüksəltmək tələbi qoyuldu. Ancaq müşahidələr göstərir ki, bir çox marşrutlarda xidmətdə heç bir yenilik yoxdur, 38 dərəcə istidə kondisionersiz, köhnə avtobuslar işləyir, interval bəzən yarım saat olur. Bu arada taksi də bahalaşıb deyə, insanlar ictimai nəqliyyata maraq göstərir. Ancaq ictimai nəqliyyat da bərbad durumdadır. Buna kim və necə əncam çəkməlidir? Məsuliyyət kimindir?
Mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ictimai nəqliyyatda qiyməti 10 qəpik artırmaqla keyfiyyət xidmətini artırmaq mümkün deyil:
“Bundan əvvəl də qiymət artımı olmuşdu, amma onda da qiymət artımı xidmət keyfiyyətini artıra bilməmişdi.
Səbəb nədir? Ümumiyyətlə, sərnişin daşımalarının özünəməxsus xüsusiyyətləri var. Belə ki, ictimai nəqliyyatda sərnişin daşımaları iki cür qiymətləndirilir:
Kəmiyyət qiymətləndirləməsi;
Keyfiyyət qiymətləndirilməsi.
Kəmiyyət qiymətləndirilməsində sərnişinlərin müəyyən bir yerdən yerdəyişməsi nəzərdə tutulur. Burada xidmət o qədər də yüksək rol oynamır. Çünki tələbat çoxdur, nəqliyyat vasitələri azdır, müəyyən məsələlərdə problemlər var. Bu baxımdan heç olmasa insanların bir yerdə qalmaması üçün kəmiyyət məsələsindən istifadə edirlər.
Keyfiyyət qiymətləndirilməsinə gəldikdə, hər bir sərnişinin nəqliyyatdan istifadə etmə zamanı müəyyən tələbatı olur. Həmin tələbatı həm sərnişin, həm də ona xidmət edən marşrut sahibi və ya şirkət qiymətləndirir. Əgər onların qiymətləndirməsi üst-üstə düşürə, onda bu yaxşıdır. Amma çox zaman bu, üst-üstə düşmür.
Ümumiyyətlə, keyfiyyət qiymətləndirilməsinin 4 əsas amili var:
Birincisi, nəqliyyat vasitələrinin müntəzəmliyinə əməl edilməsi. Əməl edilirmi? Xeyr.
İkinci amil avtobuslardan istifadə dərəcəsidir. Yəni avtobusların dolma əmsalından necə istifadə olunur. Əgər sərnişinlər avtobusda basa-basla gedirsə, deməli, heç vaxt keyfiyyətdən söhbət gedə bilməz. Təxminən dolma əmsalı 0,7-dən yuxarı olmamalıdır.
Üçüncü əsas göstərici sərnişinin nəqliyyat vasitəsində getmə müddətidir. Yəni sərnişin evdən çıxır, təyinat yerinə nə zaman çatır və sairə. Bəzən sərnişin 2-3 nəqliyyat vasitəsi dəyişməli olur, yorulur, buna nəqliyyat yorğunluğu deyilir.
Dördüncüsü təhlükəsizlik məsələləridir. Yəni nəqliyyatın sərnişindaşıması zamanı təhlükəsizlik məsələlərinə diqqət edilməlidir.
Bütün bunların hamısının xüsusi əmsalları var. Əmsalların hamısı axırda yekunda bir-biri ilə vurulur və ümumi keyfiyyət xidməti nəzərdə tutulur".
Fərhad Eyyubov
Fərhad Eyyubov qeyd edib ki, xidmət keyfiyyəti nəqliyyat vasitəsindən, daha doğrusu, nəqliyyat vasitəsinin standarta uyğunluğundan asılıdır: “Elə nəqliyyat vasitəsi var ki, onda ümumiyyətlə kondisioner yoxdur.
İkincisi, sürücüdən asılıdır. Yəni sürücünün sərnişinlərə münasibəti, təhlükəsizlik problemlərini həll etməsi, müntəzəmliyə əməl etməsindən asılı olur. Əgər çox sayda tıxac varsa, bu zaman intizama əməl olunmur.
Və nəhayət, məsələ sərnişinin özündən, avtobusa münasibətindən, mədəni səviyyəsindən asılıdır.
Onu da qeyd edim ki, hər bir avtobusun marşrut pasportu var, həmin pasportu tərtib etmək lazımdır. Ona görə də sərnişin daşımaları böyük elmdir, bununla bağlı sərnişin daşımaları ilə məşğul olan AYNA-nın mütəxəssisləri ciddi tədbirlər görməlidir".
Ekspert dünya təcrübəsi ilə bağlı qeyd edib ki, dünya ölkələrində sərnişin daşımalarda rentabel çox da böyük olmur, yəni sərnişindaşımalarda böyük pul, gəlir əldə etmək qeyri-mümkündür, ona görə də rentabellik 5-6-7, hətta 8 faizdən yuxarı qalxmır: "Amma bizdə sahibkarlar istəyir ki, mənfəət əldə etsinlər. Lakin gəlir əldə etməyi nəzərdə tutanda başqa göstəricilər aşağı düşür. Ona görə də bu məsələyə ciddi nəzarət etmək, araşdırmalar etmək lazımdır.
“BakuBus”un avtobuslarında xidmət keyfiyyəti pis deyil, amma ümumi götürəndə şəhərətrafı bəzi marşrutlarda keyfiyyət qiymətləndirilməsindən söhbət gedə bilməz. Bakı qədim şəhərdir, burada nəqliyyat planlaşdırılması bir qədər əvvəldən olmalı idi. Son zamanlar tikilən evlər, yaradılan meydançalar, bəzi binaların, obyektlərin yaratdığı çətinliklər yol hərəkəti qaydalarında problemlərə səbəb olur", - deyə Eyyub Hüseynov vurğulayıb.
Ekspert bugünlərdə taksi xidmətində yaradılan yeni qaydalardan da söz açıb: “Taksi daşımaları ilə bağlı yeniliklər də elmi araşdırma aparılmadan ortaya gətirildi, tələsik oldu. Həmin qaydalar tədricən keçirilməli idi, birdən-birə olmaz. Yəni taksi xidmətinin tələbatını öyrənmədən yeni qaydalar tətbiq etdilər. Qaydaya əsasən əhalisi 1 milyondan çox olan şəhərlərdə sərnişin daşımalarına olan tələbatın 7-8 faizi taksi daşımalarının üzərinə düşməlidir. Bizdə isə taksilərin sayıı azaldıldı ki, bu da bir sıra problemlər yaradır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ