Onlayn ictimai-siyasi qəzet
“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb”.
Bunu politoloq Elxan Şahinoğlu deyib və qeyd edib ki, rəsmi Bakı təxribatları cavabsız qoymayıb:
“Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan dövlət televiziya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.
Bu da növbəti isti fakt. Bir neçə gün öncə İranın molla rejiminin parlament spikeri Məhəmməd-Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə məlumat yayılmışdı.
Bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında bildirmişdi. Lakin diplomatik mənbələrdən Azərbaycan mediasına daxil olan məlumata əsasən, Qalibafın ölkəmizə səfəri İran tərəfindən müvafiq xəbərdarlıq edilmədən, birtərəfli şəkildə ləğv olunub. Bu azmış kimi, spikerin bu günlərdə İrəvana səfər edəcəyi bildirilib.
İslam respublikasının bu qərarı onun bölgə siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Rəsmi Tehran öz qərarı ilə Bakı ilə İrəvan arasındakı seçimdə ikinciyə üstünlük verdiyini təsdiqləyir. Bununla da, cənub qonşumuzun teokratik hakimiyyəti Azərbaycana qarşı münasibətində növbəti dəfə əsl simasını göstərmiş olur.
Azərbaycan və İran arasında gərginlik hazırda heç zaman olmadığı qədər pis vəziyyətdədir. Əlbəttə, Bakı və Tehran arasında soyuq küləklər ilk dəfə əsmir. Ancaq münasibətlər heç bir zaman bu cür dərinə işləyəcək qədər pisləşməyib. İndi hər kəs anlayır ki, siyasi əlaqələrin bərpa olunması aradakı kəskin ritorikanı götürə bilər, amma çox dərinə işləmiş nifaqı ortadan qaldırmaq asan olmayacaq.
Bakı Azərbaycan-Ermənistan qarşıdurması fonunda Tehranın nümayişkaranə şəkildə İrəvanın yanında yer almasını və bunu təzyiq vasitəsi kimi istifadə etməsini İrana bağışlamaq istəmir. Bakıya elçi göndərilməsi planının təxirə salınması, İran telekanallarında Azərbaycan əleyhinə materialların artması onu göstərir ki, heç bir tərəf geri çəkilmək fikrində deyil.
Azərbaycan hakimiyyətinin İrandakı azərbaycanlılara xitab edən çağırışının effektini zəiflətmək üçün rəsmi Tehran Azərbaycanı ideoloji düşmən elan etmək xəttini tutub.
Rəsmi Bakının İrandakı ən böyük etnik azlığa xitab etməsi ölkənin hazırkı vaxtında ciddi risk doğurur və molla rejimi azərbaycanlıların arasında milli zəmində etirazların baş qaldırmasından narahatdır. Belə görünür ki, prezident İlham Əliyevin çağırışından sonra İran hakimiyyəti etnik zəmində fəallığın qarşısını Azərbaycanla gərginliyi artırmaqla zəiflətməyə çalışır.
Bu arada, bəzi media orqanlarında İran ordusunun müharibəyə hazırlaşdığı xəbəri yayılıb. İran ordusunun komandanı general-leytenant Seyid Əbdürrəhim Musəvi cümə axşamı Zahedanda hava hücumundan müdafiə briqadasının mövqelərinə baş çəkib. Həmçinin o, Zahedan hava hücumundan müdafiə briqadasının komandirləri və hərbi heyətinin iclasında iştirak edib.
“İran Ordusu hava hücumundan müdafiə qüvvələri öz ixtiyarında olan fədakar, yaradıcı, düşüncəli və təcrübəli əməkdaşlar digər hərbi qulluqçularla yanaşı, bütün növ müdafiə, radar və raket sistemlərinin layihələndirilməsi, tikintisi və istifadəsi ilə məşğul olur. Zəruri təlim və çoxsaylı təlimlər keçirməklə onların döyüş hazırlığını artırır və hava sərhədlərinin 24 saat mühafizəsi üçün böyük məsuliyyət daşıyır”, – baş komandan bildirib.
General Musəvi İranın bəzi şəhərlərində baş verən son iğtişaşlara da toxunub. “Millətin birlik və bütövlüyü düşmənlərin ümidsizliyinin səbəbidir və siyasi arenada onların məqsədi heç vaxt baş tutmayacaq”, – Musəvi deyib.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Co Baydenin Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı: “narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq” – deməsi dünyada ciddi müzakirələrə səbəb olub.
İranda etirazların şiddətləndiyi bir vaxtda ABŞ prezidentinin bu açıqlaması birmənalı qarşılanmayıb. İranla danışıqlar tərəfdarı olan, nüvə sazişini bərpa etməyə çalışan Baydenin İranda hakimiyyət dəyişikliyi barədə açıqlaması bir sıra səbəblərlə izah olunur. Bəzi ekspertlərə görə, ABŞ prezidenti bunu 4 gün sonra keçiriləcək aralıq seçkiləri öncəsi siyasi xal qazanmaq üçün deyib. Bayden administrasiyasının İranla bağlı yumşaq siyasəti tez-tez tənqid olunur. Mümkündür ki, Bayden seçkilər qabağı mühafizəkar elektoratın dəstəyini qazanmaq üçün belə bir açıqlama verib.
Çünki hər nə qədər bu açıqlama İranda davam edən etirazları körükləməyə xidmət etsə də, Tehranın da əlinə fürsətlər vermiş olacaq. Yəni İran hakimiyyəti Baydenin açıqlamasını ölkədəki etirazların arxasında xarici amillərin dayanması iddialarını sübut edən arqument kimi göstərəcək.
Digər tərəfdən etirazlar davam edir, özü də daha şiddətli formada. Ötən gün etiraz aksiyaları polis və hökumət qüvvələri ilə mitinqçilər arasında toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları ölkənin müxtəlif regionlarında silahlı qrupların ələ keçirildiyini bildirir. Xüsusən də hazırda ən aktiv region cənub-şərqdə Sistan-Bəlucistan, qərbdə isə Kürdüstan bölgəsidir. Belə görünür ki, hər iki regionda etnik amil önə çıxır və proseslərin silahlı toqquşmalara çevrilməsi riski getdikcə daha da artır.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ