Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində açılışı keçirilən Türkiyə–Suriya təbii qaz boru kəməri texniki baxımdan mühüm layihədir, amma onun əsl dəyəri geosiyasi çəkisindədir. Azərbaycan qazının artıq Türkiyə üzərindən Suriyaya çatdırılması bölgədə enerji balansını dəyişdirəcək, yeni siyasi reallıqlar yaradacaq.
Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr qaz nəql olunacaq. Bu qaz Hələb və Homsdakı elektrik stansiyalarında 1 200–1 300 meqavat gücündə enerji istehsalına imkan verəcək. Yəni, Bakı müharibədən əziyyət çəkmiş Suriyanın elektrik təminatında həlledici oyunçuya çevrilir. Suriyanın energetika naziri Məhəmməd Əl Bəşirin sözləri təsadüfi deyil: “Yalnız dost və qardaş ölkələr Suriya xalqının rifahını düşünə bilər”.
Bu, həm təşəkkür, həm də mesajdır – Suriyanın bərpasında Rusiya və İranın illərlə verdiyi vədlərin yerini indi real qaz təchizatı ilə Azərbaycan tutur.
Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov isə məsələyə daha strateji yanaşır:
“Əsas məqsəd müqavilə öhdəliklərinin yerinə yetirilməsi və beynəlxalq nüfuzun möhkəmləndirilməsidir”. Bu mövqenin arxasında sadəcə iqtisadi qazanc yox, Azərbaycanın enerji diplomatiyasının planlı şəkildə genişlənməsi dayanır. Ölkə 2025-ci ilin ilk yarısında 12 milyard 364 milyon kubmetr qaz ixrac edib, bu isə ötən ilin eyni dövrünə görə həcmi üzrə 4,56%, dəyəri üzrə isə 11,62% artım deməkdir.
Türkiyənin energetika naziri Alparslan Bayraktar açılış mərasimində açıq şəkildə bildirdi ki, ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetr-ə qədər qaz göndərilə bilər: “Bu layihə Suriyada həyatın normallaşmasına, insanların geri dönüşünə və rifahın yüksəlməsinə ciddi təsir göstərəcək”. Amma bu sözlərin arxasında daha böyük geosiyasi mənzərə var – Türkiyə öz ərazisini həm Avropa, həm də Yaxın Şərq enerji qovşağına çevirir.
Bu kəmər sadəcə enerji layihəsi deyil, həm də bölgədə təsir uğrunda mübarizənin yeni mərhələsidir. İllərlə Suriya üzərində “təsir aləti” kimi çıxış edən Rusiya və İran indi real enerji təchizatında geri planda qalır. Rusiya Ukrayna müharibəsi ilə zəifləyib, İran isə beynəlxalq sanksiyalar altında manevr imkanlarını itirib. Azərbaycan isə Türkiyə ilə birlikdə Suriyanın enerji təminatında əsas aktora çevrilir.
Qərb üçün də bu layihənin mesajı var. Avropa illərdir ki, Azərbaycan qazını alternativ enerji mənbəyi kimi görür. İndi isə Bakı sübut edir ki, təkcə Avropaya yox, Yaxın Şərqə də real enerji alternativi təqdim edə bilər. Bu, Azərbaycanın siyasi çəkisini artırır və onu qlobal enerji strategiyalarında əvəzolunmaz oyunçu edir.
Eyni zamanda, bu layihə Azərbaycanın ixrac coğrafiyasını şaxələndirir. Bu, sadəcə bazar payının genişlənməsi deyil – bu, ölkənin xarici siyasətində “enerji kartı”nı həm Qərbə, həm də Yaxın Şərqə qarşı istifadə etmə imkanlarını artırır. Bakı indi təkcə Avropa üçün deyil, həm də Suriyanın, gələcəkdə isə İordaniya, Livan və bəlkə də Misir üçün enerji təminatçısı roluna namizəddir.
Bu marşrut həm də İranın bölgədəki planlarına zərbədir. Tehran uzun illər Suriya ilə enerji sahəsində əməkdaşlıqdan danışsa da, nə qaz, nə də elektrik ötürülməsi istiqamətində real nəticə ortaya qoya bilmədi. Azərbaycan isə bir neçə ay ərzində texniki hazırlığı tamamladı, müqavilələri bağladı və qazı Suriya sərhədinə çatdırdı. Bu, siyasi baxımdan da mühüm mesajdır: bölgədə söz verən çoxdur, amma sözünü yerinə yetirən azdır.
Türkiyə–Suriya qaz kəməri Azərbaycanın enerji diplomatiyasının yeni silahıdır. O, yalnız gəlir gətirməyəcək – həm də ölkəmizin siyasi təsirini, beynəlxalq mövqeyini, dost və tərəfdaş ölkələrlə strateji bağlarını gücləndirəcək. Qaz indi təkcə yanacaq deyil – bu, Azərbaycanın bölgədəki nüfuzunun və gücünün real ifadəsidir.
Şahanə Rəhimli,
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ