Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda tibbə müasir texnologiyalar tətbiq etmək niyyətində olduqlarını açıqlayıblar - söhbət robotların cərrahiyyədə istifadəsindən gedir.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə nümayəndə heyətinin Çinə səfərindən sonra Qırğızıstan Dövlət Tibb Akademiyasının travmatologiya və ortopediya kafedrasının müdiri Sabirbek Cumabekov məlumat verib.
Onun sözlərinə görə, qırğızıstanlı mütəxəssislər Çin klinikalarının işi ilə tanış olublar və real şəraitdə cərrahi robotlardan necə istifadə edildiyini görüblər. Cumabekov qeyd edib ki, ortopediya və travmatologiya sahəsində texnologiyalar xüsusilə təsiredicidir.
“Robot cərrahların necə işlədiyini öz gözlərimizlə gördük, nazir müavinləri ilə söhbət etdik, çoxlu faydalı məlumatlar aldıq. Təbii ki, insan faktoru hələ də önəmlidir, lakin robotların əməliyyatlarda iştirakı zamanın tələbidir”, - deyə o, izah edib.
Mütəxəssisin qeyd etdiyi kimi, Qırğızıstan yaxın vaxtlarda bu texnologiyaların tətbiqinə başlamağı planlaşdırır. Robot cərrahiyyə avadanlığı ilə bağlı ilk əməliyyatlar çox tezliklə həyata keçirilə bilər.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ