İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzadan görünən fişəng

Yaxud Saitovanı niyə istəməliyik?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras-əl-Hayma əmirliyində Yeni il atəşfəşanlığı iki kateqoriya üzrə - su üzərində və səmada ən uzun atəşfəşanlıq xəttinə görə “Ginnesin Rekordlar Kitabı”na düşmüşdür. Bu barədə əmirliyin Turizmin İnkişafı Departamentindən xəbər verilib. Bildirilir ki, Ras əl-Hayma Yeni ili heyranedici səkkiz dəqiqəlik atəşfəşanlıq və dron şousu ilə açıb. 1050 pirotexniki dron, su atəşfəşanlığı və akrobatikadan ibarət atəşfəşanlıq əmirliyin təbiət möcüzələrini - səhra, dəniz, dağları simvolizə etmişdir. Sitatın sonu.

Əslində bu, ərəb qərdeşlərimizin ilk atəşfışfışalıq rekordu deyildir. Orada belə şeylər davamlı olur. Hər dəvə belinə düşən rekord sayına görə BƏƏ dünyada liderdir. Kinoda Həsən ağanın sözü olmasın, buna görə gəl min boynuma. Məsələn, internet bizə xəbər verir ki, 2013 bitib 2014-ə girən ili Dubayda 450 min fişəng fırıldadıblar, bu hadisə 6 dəqiqə çəkmişdir, fişənglər 100 kilometr məsafədə 400 nöqtədən asimana bülənd olmuşdur.

Və hələ durun, bu rekordun əsas detalı nədir, bilirsinizmi? Küveytli ərəblərin 2012-ci ildəki rekordunu ötməkləri! Pah. Fısqırıq.

Sən də özünü parçalayırsan, deyirsən İsrail Qəzzanı bombaladı, ərəb-müsəlman qərdeşlərimiz kullən-kuf oldu, ah-vay, ay aman, ey dadi-bidad və sairə. Ərəblərin heç özünün vecinə deyil ki. Camaat bayramını keçirdir. Ağlaşma quran elə türklərdir. Ya Anadoluda, ya Qafqazda. Məncə katoliklərin bəxti gətiribdir ki, biz xristian olmamışıq. Yoxsa hər gün papanın yerinə ağlaşma qurmuşduq. Yazıq kişini bezdirib Vatikandan didərgin salardıq.

Əlbəttə, BƏƏ-dəki əsl müsəlmanlar deyil. Həri. Ümumiyyətlə, ərəblər müqəddəs kitabı o qədər də yaxşı başa düşməyibdir. Dünya üzrə islamın mahiyyətini anlamış 3 nöqtə vardır. Bunlardan biri İstanbulda yerləşir. İkimincisi İranın Qum şəhrindədir. Üçümüncüsü bizim əziz Nardaran obamızdır. Dördüncü də Pensilvaniyada yaşayan ağ paltarlı, ağ atlı bir kişidir, qabaqlar “Samanyolu” kanalı vasitəsiylə arvad-uşağın yuxusuna girib qeyb aləmindən xəbər verərdi, sonra nəsə fıs çıxdı, atın nalını sökdülər. 

Üç demişdim, dörd oldu, ancaq varlığa nə darlıq? Təki ümmətimiz var olsun. Fişəng çox olarsa, basılmaz vətən. Şəmistan müəllim demişkən, tanrı türkə yar olsun.

Bəlkə elə bizi haqq dünyasından fişəngimizin yekəliyinə nisbətdə görürlər? Yoxsa bəzi dövlətlər var, zırpaket atır, düşünür yaradana xoş gedəcəkdir. Elə şey yoxdur. 450 min fişəng atmalısan.

Hərçənd, bu yeni il işləri çox qəlizdir, Türkiyədə bir qəzetəçi keçən ay yazmışdı ki, Santa Klaus pedofildir, 12 yaşlı uşaqlarla evlənir. Əslində 2-ci hissəni bir az ayrı cür yazmışdı, ancaq fərqi nədir? Əsas odur Klaus müəllim ifşa olunub. Tüpürəsən bunun ağ saqqalına. Utanmıxdan ölmür.  

Ta mövzu açılıb, məni keçən ildən düşündürən bir vacib məsələni də burda yazım. Yəqin xəbəriniz vardır, dünyada hazırda türk xalqlarının birliyi yolunda çoxlu işlər görülür. Bu işlərin liderlərindən biri Türkiyədirsə, o biri də Azərbaycandır. Lakin nədənsə bu iki lider dövlət başqırd xalqının cəsur qızı Ramilə Saitovanın həbsinə heç bir reaksiya vermədi. Saitova uzun illərdir türkçü mövqeyi ilə tanınır, 44 günlük savaş vaxtı da Azərbaycanın lehinə xəbərlər, efirlər yayıb. Başqırdıstanın ekologiyası uğrunda mübarizəsinə görə putinçilər, onun yerli naibi Xabirovun adamları (Xabirovun arvadı, təəccüblü deyil ki, ermənidir) Ramilə Saitovanı 2020-ci ilin noyabrında bir dəfə şərləyib həbs etdirmişdilər. 2023-ün 22 dekabrında isə Saitova 5 illik növbəti həbs cəzası alıb. Nəyə görə? Başqırd türk oğullarını Ukraynaya gedib Putin üçün ölməməyə çağırdığı üçün. Başqırd ananın ən təbii çağırışı 5 il həbslə cəzalanıb.

Əgər biz həqiqətən türkçüyüksə, Saitova kimilərinin dəstəyi olmalıyıq. Ən azı, qapalı görüşlərdə Ərdoğan və Əliyev Putindən Saitovanı azadlığa buraxmağı istəyə bilər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR