Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi ölkədə martın 20-dən aprelin 1-dək - yəni 12 gün ardıcıl qeyri-iş günü olacaq. Belə ki,
2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir.
Martın 8-i və 23-ü şənbə, 24-ü və 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u, 25-i, 26-sı və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü, martın 25-i və 26-sı qeyri-iş günü hesab ediləcək.
Əlbəttə bu uzunmüddətli istirahət günləri insanlara dincəlmək, ailəsinə və özünə vaxt ayırmaq üçün fürsət yaradır. Lakin bu qərar hamının ürəyincə deyil.
Belə ki, sosial şəbəkələrdə bu mövzu ilə bağlı paylaşımlarda müxtəlif fikirlər səslənir. Bir qrup insanlar bu qədər istirahət günlərindən məmnun olduqlarını bildirir, bəziləri isə bunun işlərinə mane olduğunu, gəlirlərinin azaldığını və planlarının pozulduğunu vurğulayır.
Bəs uzun bayram tətilləri istirahət üçün fürsətdir, yoxsa iqtisadi geriləmə riskidir?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Musavat.com-a danışıb:
'Bayram günlərinin, tətillərin bu qədər uzadılması iqtisadiyyata sözsüz ki, mənfi təsir göstərir, müəyyən sektorların fəaliyyətində məhdudiyyətlər yaranır. Bir tərəfdən, özəl sektorda bəzən insanların hüquqları pozulur, bayramlarda da insanlar çalışdırılır və buna görə
əmək məcəlləsinə əsasən onlara ikiqat ödəniş ödənməlidir, lakin əksərən bu ödəniş həyata keçirilmir.
Digər tərəfdən, biz kiçik sahibkarları da düşünməliyik. Bəzən kiçik sahibkar əməkdaşını işə çağıranda ona bayram günləri üçün ikiqat maaş ödəyə bilmir və bu da sahibkarların yükünü artırır. Bəzi hallarda tətillə bağlı müəyyən xidmət sektorlarında fəaliyyət zəifləyir. Baxmayaraq ki, regionlarda bəzi xidmət sektorları aktivləşir və turizm imkanları genişlənir, biz paytaxtda müəyyən xidmət sahələrində geriləmə və dövriyyənin azalmasını müşahidə edirik. Çünki insanların çoxu bayram günlərində paytaxtı tərk edir.
Eyyub Kərimli
Bundan əlavə, bəzi bank xidmətlərinə çıxış mümkün olmur, dövriyyə və köçürmələr həyata keçirilmir. Bu da təkcə kiçik sahibkarlara deyil, böyük şirkətlərə və biznes subyektlərinə də ciddi problemlər yaradır. Uzun müddət ərzində dövlət xidmətlərindən istifadə etmək çətinləşir. Məsələn, təcili bir sənəd üçün bələdiyyəyə və ya pasport şöbəsinə müraciət lazım olanda, 12 gün davam edən bayram tətillərinə görə proses dayandırılır və bu da müəyyən çətinliklərə səbəb olur.
Sözsüz ki, tətil yaxşıdır, amma bu qədər uzun olması iqtisadi aktivliyin aşağı düşməsinə gətirib çıxarır. Bu cür uzun tətillər daha çox dövlət sektorunda çalışanlara sərf edir, çünki onlar bayram günlərində də maaşlarını alırlar və əmək məcəlləsinə dövlət sektorunda daha çox əməl olunur".
Xalidə Gəray
Musavat.com
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ