İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin hərbi gücü Rusiyanın sülh vasitəçiliyinə qarşı

NATO baş katibinin nümayəndəsi bəyan edib ki, sülh danışıqlarında ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirlər, amma əsas olan sondakı nəticədir; Akif Nağı: “Bu güclər tərəfsiz arbitr ola bilməzlər, ona görə də...”

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. “Yeni Müsavat” xatırladır ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bunu da deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında indiyədək razılaşdırılmış prinsiplər dəyişdirilməməlidir. Baş katibin xüsusi nümayəndəsi qeyd edib ki, İrəvanda keçirdiyi yüksək səviyyəli görüşlərdə regional kontekstdə vəziyyət və Azərbaycanla sülh danışıqları müzakirə olunub: “Siyasi mövqeyimiz çox aydındır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmadığı təqdirdə, tərəfdaşlarımız arasında tərəf tutmuruq. Ona görə də mesajımız çox aydındır: istərdik ki, tərəflər arasında sülh danışıqları mümkün qədər tez bərpa olunsun. Bilirik ki, müxtəlif treklər var, ikitərəfli, ABŞ vasitəçiliyi ilə, Aİ vasitəçiliyi ilə. Bizim üçün ən vacib olan sondakı nəticədir, dayanıqlı sülhün mövcudluğudur. Çünki bu, Qafqazın sabitliyi üçün çox vacibdir. Dayanıqlı sülhə aparan münasibətlərin normallaşdırılması prosesi bu gün əsas elementdir. Biz iki xalqı belə bir sənədə imza atmağa vadar edən hər şeyi dəstəkləyəcəyik. Biz ABŞ-ın vasitəçiliyini, Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirik”.

X.Kolomina vurğulayıb ki, NATO-nun siyasi cəhətdən Cənubi Qafqaz regionunda mövcudluğu var: “Bu, üç ölkə, Gürcüstan, Ermənistan və Azərbaycan, lakin xüsusilə Ermənistan və Azərbaycan kontekstində mövcuddur. Bundan əlavə, biz həmişə tərəfdaşlarımızdan nə gözlədiyimizi çox açıq şəkildə bildirmişik. Razılaşdırılmış prinsiplər əsasında münasibətlərin normallaşmasını gözləyirik. Bu prinsiplərdən bəziləri suverenlik və ərazi bütövlüyü kimi prinsiplərdir, onlar Vaşinqton müqaviləsində və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərdir və biz münasibətlərin normallaşması üçün bu xətti dəstəkləməyə davam edəcəyik”. 

Göründüyü kimi, bütün bu bəyanatın məğzi ondan ibarətdir ki, NATO sülh danışıqlarında Rusiya vasitəçiliyinə qarşıdır və ABŞ-la Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. Halbuki açıqlamada “bizim üçün ən vacib olan sondakı nəticədir, dayanıqlı sülhün mövcudluğudur” kimi cümlələr də yer alır. Şübhəsiz ki, NATO rəsmisi belə də deməliydi. Amma sülh sənədinin Qərb platformasında imzalanması Rusiyadan başqa hamının istəyinə uyğundur. Bakı da Vaşinqton və Brüssel masalarının əleyhinə olmayıb, sadəcə, ABŞ və Aİ-nin son vaxtlarda tutduğu mövqe prosesi pozub. Yəni özlərinin qərəzli bəyanatları və davranışları ucbatından Qərbin moderatorluğuna inam sarsılıb. Yeri gəlmişkən, “Atlas” Araşdırmalar Mərkəzi millət vəkilləri, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib. Məlum olub ki, danışıqları Brüsselin aparmasının tərəfdarı kimsə olmayıb və 0 faiz səs qeydə alınıb. Vaşinqtonun vasitəçiliyinə isə 3.2 faiz dəstək verilib. Rusiyanın iştirakını cəmi 1 faiz sorğu iştirakçısı dəstəkləyib, amma 91.6 faiz hesab edir ki, danışıqlar birbaşa aparılmalıdır. Bu baxımdan Kolominanın nə deməsindən asılı olmayaraq, ikili formatda, vasitəçisiz müzakirələr üstün tutulur. Hazırda müsbət bir dinamika müşahidə olunmaqdadır və Azərbaycan Ermənistanla sülh mətni üzərində məktublaşmanı davam etdirir. 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a Qərbin özünün vasitəçilik missiyasını qabartmağa çalışdığını açıqladı. Partiya sədri Rusiyanın da geri çəkilmədiyini və Zaxarova səviyyəsində bir mesaj verildiyini xatırlatdı: “Moskva bəyan etdi ki, problemlər üçtərəfli sənədin razılaşmaları əsasında həllini tapmalıdır. Yeganə sənəd hələ ki 10 noyabr bəyanatıdır. Hazırda təşəbbüs uğrunda rəqabət gedir. Lakin Azərbaycan moderatorsuz müzakirələrin tərəfdarıdır. Sonda Bakının bu mövqeyinin qəbul ediləcəyini gözləyirəm. Çünki Rusiya da qeyri-obyektivlik nümayiş etdirir. Adi bir məsələni Rusiya reallaşdıra bilmirsə, nəqliyyat kommunikasiyaları barədə götürülən öhdəliyin icrasını həyata keçirmirsə, Moskva İrəvana heç nə edə bilmirsə, onun vasitəçiliyinin də bir nəticəsi olmayacaq. Digər tərəfdən isə Qərbin rolu dalana dirənib. Avropanın qərəzli yanaşması davam edir və bu da Qərbin vasitəçiliyinə şübhə yaradır. Ona görə bu güclər tərəfsiz arbitr ola bilməzlər”. A.Nağı qeyd etdi ki, bu mənada məsələ vasitəçisiz danışıqlara qalır: “Azərbaycan bu istiqamətdə müəyyən addımlar atıb, əsir mübadiləsi reallaşıb, sərhəddə görüşlər vasitəçisiz olub, bu da sülh sənədinin də moderator olmadan imzalanmasına ümidlər yaradır. Hazırda sülh mətnini razılaşdırmaq üçün ikitərəfli yazışma gedir. Bu də nə vaxtsa vasitəçisiz sülh müqaviləsi, yaxud çərçivə sənədinin imzalanması ilə nəticələnə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR