Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xalqı ABŞ başda olmaqla Qərbin “ikili standart” siyasətinə (sadə dildə siyasi riyakarlığına) çoxdan öyrəncəlidir. O dərəcədə öyrəncəlidir ki, Prezident İlham Əliyevin təbirincə desək, təsadüfdən “ikili standartlar”la üzləşməyəndə təəccüblənirik.
Təəssüf ki, erməni işğalı dövründəki yanaşma indinin özündə də davam edir. Bunun ən bariz təzahürü ərazi bütövlüyümüz və suverenliyimizin bərpasının Qərbdə yaratdığı və bitmək bilməyən qıcıq, “qaşınma”, təlaşdır. Halbuki Azərbaycan yalnızca beynəlxalq hüquqdan, BMT Nizamnaməsindən qaynaqlanan halal haqqını təsbit edib.
Hansı işlə ki, hazırda Ukrayna məşğuldur və nə qədər qəribə də olsa, kollektiv Qərb öz maliyyəsi, silahı ilə bütünlüklə Ukrayna xalqının yanındadır. Azərbaycan-türk xalqına gələndə isə “valı” o saat dəyişirlər. Yoxsa 30 illik işğal dövründə təcavüzkar Ermənistana heç olmasa, bircə dəfə göz ağardardılar.
Biz hələ İrəvana tətbiq edilməli olan sanksiyaları demirik. Hansıların sayı ki, Ukraynaya təcavüz səbəbindən Rusiyaya qarşı minlərlədir. Amma işğalçı erməniyə bircəciyini tətbiq etmədilər. Əksinə, onun başını tumarladılar, ona hər cür qayğı və kömək göstərdilər. Azərbaycanı isə işğalla barışdırmaq istədilər...
Qısası, qadağaları, məhdudiyyətləri işğalçı Ermənistana deyil, işğal nəticəsində ərazisinin 20%-ni itirən, 1 milyon qaçqını olan, etnik təmizləmələrə və soyqırımlarına (Xocalı, Meşəli, Başlıbel və s.) məruz qalan Azərbaycana münasibətdə gördük. Bu günədək ləğv edilməyən bədnam “907-ci düzəliş” də ki, öz yerində.
Son vaxtlar kapitulyant ölkənin sürətlə silahlandırılmasında tək səbəb də təbii ki, bölgədə sülh, əmin-amanlıq, yaxud Bakı ilə İrəvan arasında sülh sazişi yox, ərazi bütövlüyü bərpa etmiş Azərbaycanın güclənməsinə və regionun açar dövləti kimi həlledici söz sahibliyinə əngəl yaratmaqdır...
Aydındır ki, Azərbaycan xristian, Ermənistan müsəlman ölkəsi olsaydı, diametral əks bir yanaşmanı və mənzərəni müşahidə edəcəkdik. Bu da növbəti fakt.
Bu gün Avropa Komissiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi Piter Stano Rusiyanın Kursk vilayətində gedən döyüşləri şərh edərkən bildirib ki, Avropa İttifaqı Ukrayna qüvvələrinin Kursk vilayətində hərəkətlərinə qarşı deyil və “Ukraynanın özünü müdafiə etmək üçün qanuni hüququnu, o cümlədən təcavüzkara öz ərazisində zərbə endirmək hüququnu tanıyır”.
Beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanan məntiqli və normal yanaşma. Sözsüz ki, hər bir ölkənin özünümüdafiə hüququ var və bu, təcavüzkarın ərazisinə müvəqqəti girməyi də özündə ehtiva edir. Bəs işğala məruz qalmış Azərbaycana münasibətdə bu haqq niyə tanınmadı?..
Yada salaq, on illər torpaqlarımız işğal altında ola-ola Avropa, ABŞ bizə yalnız danışıqlar yolunu “təlqin edir”, utanmazcasına birtərəfli güzəştlərə getməyi təklif edirdi. Bu zaman özlərinin qəbul etdiyi BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yaxına belə buraxmırdılar.
Ancaq Azərbaycan həmin qətnamələri təkbaşına reallaşdıran kimi qarğa-quzğun kimi üstümüzə düşdülər. Fransa parlamenti, Avropa Parlamenti sanki sözləşiblər kimi, ölkəmiz əleyhinə ard-arda, beynəlxalq hüququ ələ salan, ona meydan oxuyan qərəzli və absurd qətnamələr qəbul etdi. Üstəlik, Azərbaycana qarşı sanksiya çağırışları edildi və rəsmi Paris bunu hətta BMT TŞ səviyyəsində (!) reallaşdırmağa 3 dəfə həyasız cəhdlər göstərdi...
Bu cəhdlər bitməyib. Çünki öz ərazi bütövlüyünü təkbaşına bərpa edən müsəlman Azərbaycan, başı əzilən işğalçı isə xristian Ermənistan idi.
Əsas sual da budur ki, nədən beynəlxalq hüquq məhz Ukrayna məsələsində Avropa İttifaqının, Qərbin yadına düşür? Məgər Azərbaycan beynəlxalq birliyin üzvü deyil ki? İndi təsəvvürə gətirin ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu Ermənistan ərazisinə girsəydi, hansı şivəni qoparardılar...
Siyasət şöbəsi,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ