İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan üzrə xüsusi nümayəndə təklifi

BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi

Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb.

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb:

“Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb”.

Q.Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb:

“Eyni zamanda istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib”.

O, bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varislərinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını qeyd edib: "Həmçinin 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub".

Baş Prokurorluq rəsmisi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin istintaqının bir əhəmiyyəti də müxtəlif sübutlar və tədqiqat nümunələrinin ayrı-ayrı qurumlardan, tarixçilərdən və ya araşdırmaçılardan toplanmasıdır.

Q.Məmmədov söyləyib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş əməllər üzrə deyil, o cümlədən əsrin əvvəllərində törədilmiş əməllər üzrə xarici ölkələrin mətbuat qurumlarında dərc olunmuş ermənilərin qərbi azərbaycanlılara qarşı törətdikləri cinayətləri özündə əks etdirən mötəbər sübutlar iş materiallarına əlavə olunub:

“Bu istiqamətdə istintaq tədbirləri davam etdirilir və gələcəkdə də ictimaiyyət məlumatlandırılacaq”.

Toplantıda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun xüsusi nümayəndələrinin təyin edilməsi təklif edilib. Bu təkliflə parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmə zamanı deputat Azay Quliyev çıxış edib.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.

“Fikrimcə, Təşəbbüs Qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir. Eyni zamanda Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni, beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür”, - A.Quliyev qeyd edib.

Yada salaq ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması da təmsilçi statusunda idi. İcma 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk Qrupu təsis edilərkən azərbaycanlı və  erməni icmasına aparılan danışıqlarda maraqlı tərəf kimi mandat vermişdi. Bu mənada  azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında  qeydiyyata alınmışdır. İcmanın yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 20 aprel 2021-ci ildə ləğv edilib.

E-huquq | Yusif Bağırzadə prezidentliyə namizəd oldu

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun xüsusi nümayəndələrinin təyin edilməsi işin faydasına olar. Qərbi Azərbaycanla bağlı həqiqətlərin, törədilən vandalizm cinayətlərinin, insanlarımızın zorla öz dədə-baba yurdlarından qovulmasının, eləcə də mülkiyyət hüquqları ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırmaq olduqca vacibdir: “Sevindirici haldır ki, Qərbi Azərbaycan İcması bu istiqamətdə olduqca məhsuldar şəkildə fəaliyyət göstərir. Bu məsələdə hər kəsin əlindən gələni etməsi olduqca vacibdir. İstər QHT-lər, istər beynəlxalq təşkilatlarda təmsil olunan siyasi partiyalar, istər parlament komissiyaları olsun, Qərbi Azərbaycan məsələsini hər zaman diqqət mərkəzində saxlamalıdırlar. Əgər qeyd olunan məsələlərin beynəlxalq qurumların müzakirəsinə çıxarılması və ümumiyyətlə, beynəlxalq ictimaiyyətə çatıdırılması üçün məruzəçi və ya xüsusi nümayəndənin təyin edilməsinə ehtiyac varsa, bu da öz həllini tapmalıdır. Düşünürəm ki, bu, ümumi işin ancaq xeyrinə ola bilər. Çünki yenə təkrar edirəm, bu məsələ ilə bağlı məşğul olan qurumların, insanların, səlahiyyətli şəxslərin sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Təbii ki, bütün bunlar koordinasiyalı şəkildə, vahid proqram əsasında həyata keçirilməlidir. Çünki bu məsələdə sistemsizliyə yol vermək olmaz”.

Bugünlərdə Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövri məruzəsinə baxış keçirilir.

Dekabrın 2-də baxışın ilk günündə komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanları məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR