İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Zəngəzur dəhlizini niyə bloklayır: Ermənistan blokadaya və səfalətə məhkum edilir

ABŞ və Qərb öz geopolitik maraqları naminə əslində, Ermənistanın gələcək taleyini, inkişaf şansını güdaza verməkdədir... Ermənistanın öz geopolitik səhvini etiraf edərək, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmağa məcbur qalandasa, rəsmi Bakının şərtləri indikindən daha ağır olacaq...

ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazda geopolitik manevrlərin istiqamətlərinə yenidən baxıb, müəyyən düzəlişlər etməyə başlayıblar. Əsas səbəb isə Qərbin Azərbaycana qarşı təzyiq mexanizmlərinin effektiv təsirdən uzaq qalması ilə birbaşa bağlıdır. Çünki rəsmi Bakı bir tərəfdən xarici təzyiqlərə qarşı müdafiə immunitetinin yüksək olduğunu artıq sübuta yetirməyə nail olub. Digər tərəfdənsə, Azərbaycan özünə qarşı təzyiq mexanizmlərini Qərbin əsas probleminə çevirmək qabiliyyətini də göstərə bilib. Və bu, Qərbi Azərbaycanın regional liderliyi ilə hesablaşmaq məcburiyyətində buraxır.

Maraqlıdır ki, Avropa Birliyinin rəsmi təmsilçiləri son vaxtlar Ermənistanla qarşılıqlı münasibətlərin məzmununa müəyyən mənada, aydınlıq gətirməyə də çalışırlar. Onların dediyinə görə, Avropa Birliyi Ermənistana hərbi yardım göstərmək niyyətində deyil. Çünki bu qurum hərbi alyans deyil, siyasi və iqtisadi dəyərlər ətrafında formalaşmış birlikdir. Və bu səbəbdən də, Avropa Birliyi regionda hərbi proseslərin ön plana keçəcəyi təqdirdə, Ermənistana dəstək verilə biləcəyi ilə bağlı ehtimallardan elə indidən uzaqlaşmağa üstünlük verir.

Digər tərəfdən, Fransanın da Cənubi Qafqazda dünya nəhəngi statusunda davranmaq cəhdləri iflasa uğramış kimi görünür. Belə ki, Fransa Ermənistan cəmiyyətinin gözləntilərini qarşılamaqda açıq-aşkar çətinlik çəkir. Erməni politoloqlar hesab edirlər ki, rəsmi Parisin hərbi dəstəyi Ermənistanın təhlükəsizlik maraqları üçün yetərli deyil.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB) 

Üstəlik, Fransa növbəti savaşda Ermənistanı müdafiə edə bilməyəcəyinə dolayısı eyhamlar da vurur. Erməni diasporunun təmsilçiləri vurğulayıblar ki, rəsmi Paris onlara Fransanın Ermənistanda geopolitik maraqlarının olmadığını bildiriblər. Fransanın Ermənistana köhnə modelli silahlar göndərməsi isə Makron hökumətinin erməni diasporu ilə münasibətlərini pozitiv müstəvidə saxlamaq məqsədinə xidmət edir.

Belə anlaşılır ki, həm rəsmi İrəvanın, həm də Ermənistan cəmiyyətinin ABŞ, Fransa və Avropa Birliyinə olan ümidləri reallıqdan uzaqdır. Hərbi qarşıdurma vəziyyətində Qərb Ermənistanı müdafiə etməyəcək və daha çox öz geopolitik maraqlarına uyğun davranacaq. ABŞ və Qərbin geopolitik maraqları isə daha çox Azərbaycanın siyasi iradəsindən birbaşa asılı vəziyyətə düşüb. Və rəsmi İrəvanın bu situasiyanı dəyişmək imkanları mövcud deyil.

Bütün bunlar onu göstərir ki, Qərbin manipulyativ vədləri hazırda Ermənistanı böyük təhlükə qarşısında buraxmaqdadır. Hər halda, Ermənistan Qərbdən aldığı vədlərə sığınaraq, Azərbaycanla qarşıdurmanı davam etdirir. Rəsmi İrəvan Ermənistanın maraqlarına zərbə vura biləcək mövqe ilə bəzi önəmli layihələri bloklayır. Xüsusilə də, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə təmsilçisi Jozef Borrelin "Ermənistanda olduqca ağır vəziyyət yaranıb və bu, Avropa Birliyinin qətiyyətli dəstəyinə ehtiyac yaradır" məzmunlu açıqlamalarına bənzər vədlər rəsmi İrəvanı reallıqdan uzaqlaşdırır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvana Qərbin yerinə yetirilməyəcək bu vədləri daha çox özəl maraqlardan qaynaqlanır. Hər halda, ABŞ və Qərbin Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqazda Rusiyanı bütün geopolitik, geoiqtisadi və geostrateji layihələrdən kənarda tutmağa çalışdığı qətiyyən şübhə doğurmur. Ona görə də, hazırda ABŞ və Qərb əsas diqqətini Zəngəzur dəhlizinə nəzarət məsələsinə fokuslaşdırıb. Və rəsmi İrəvanı bu məsələnin tənzimlənməsində xüsusi rol oynaya biləcək üçtərəfli anlaşmaların hüquqi qüvvədən salınmasına istiqamətləndirir.

 685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Təbii ki, ABŞ və Qərbin təlimatları ilə hərəkət edən Ermənistanın davranışları Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarına yenidən baxmasına ehtiyac yaradır. Düzdür, rəsmi Bakı tərəfdən Zəngəzur dəhlizi gündəmdən tamamilə çıxarılmayıb. Ancaq hər halda, indi bu marşrut nisbətən ikinci plana keçirilmiş kimi görünür.

Rəsmi Bakı Zəngəzur dəhlizinin məhz Ermənistanın birbaşa nəzarəti altında açılmasında qətiyyən maraqlı deyil. Yəni, Azərbaycanın vətəndaşlarının və daşınan yüklərin Ermənistan tərəfindən yoxlanılması yolverilməz hesab olunur. Ona görə də, rəsmi Bakı hazırda alternativ variant olaraq, İran ərazisindən marşrutun açılmasını mümkün hesab edir. Halbuki Paşinyan hakimiyyəti hesab edirdi ki, Azərbaycan Zəngəzur dəhlizinə möhtacdır və Ermənistanın bütün şərtlərini qəbul etmək məcburiyyətində qalacaq.

Ancaq sonrakı proseslər onu göstərir ki, Ermənistanın hesablamaları növbəti dəfə boşa çıxmaq üzrədir. Rəsmi İrəvan Ermənistanı bu dəfə də Cənubi Qafqazda böyük əhəmiyyət daşıyan geoiqtisadi layihədən kənarda qoymaq üzrədir. Ona görə də, Azərbaycanın İranla anlaşması Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb.

Paşinyan hakimiyyəti bu vəziyyətdən çıxış yolu kimi, "Dünyanın kəsişməsi" adlı absurd bir layihə uydurub, təqdim etdi. Ancaq bu absurd layihə hələlik heç kimin diqqətini çəkmir. Çünki pozitiv nəticə verəcəyinə təminat olmayan belə layihələrə investisiya yatırmağa heç kim risk etməz. Üstəlik, Azərbaycanın iştirakı olmadan Ermənistan heç bir regional layihəni reallaşdıra bilməz.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB) 

Rəsmi Bakı isə Ermənistana Azərbaycanın maraqlarına uyğun olmayan hər hansı layihənin reallaşdırılmasına imkan verməz. Bu baxımdan, Ermənistanın regional layihələrdə iştirakı üçün yeganə şansı Zəngəzur dəhlizinin açılmasına bağlıdır. Bu dəhliz açılmazsa, Ermənistanın mövcud vəziyyəti dəyişməyəcək, bu ölkə indiki kimi blokada şəraitində qalmaqda davam edəcək.

Çünki Zəngəzur dəhlizi olmazsa, Azərbaycan Ermənistanla heç bir nəqliyyat-kommunikasiya xəttini açmayacaq. Ona görə də, Ermənistan bütün manipulyasiyaları bir kənara buraxıb, Azərbaycanın şərtləri daxilində Zəngəzur dəhlizinin açılması barədə düşünməlidir. Əks halda, Ermənistan öz sərhədləri daxilində həbs olunmuş ölkə olaraq qalacaq.

Hətta elə bir vəziyyət yarana bilər ki, Ermənistanın öz geopolitik səhvini etiraf edərək, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmaq məcburiyyətində qalması da tamamilə mümkündür. Bu halda isə Ermənistan üçün Azərbaycanın şərtləri indikindən daha ağır olacaq. Ona görə də, Ermənistan gələcəyi düşünürsə, Zəngəzur dəhlizinə müqavimət göstərmək əvəzinə, onun açılması üçün artıq tələsməlidir.

Göründüyü kimi, ABŞ və Qərb əslində, öz geopolitik maraqları naminə Ermənistanın gələcək taleyini güdaza verməkdədir. Qərbin Zəngəzur dəhlizi ilə bağlı maraqları və planları müəyyən mənada, Ermənistanın blokada şəraitində qalma müddətinin uzanmasına yol almaqdadır. Bu baxımdan, Qərbin reallıqdan uzaq vədlərlə Ermənistanın inkişaf şansını bloklayaraq, bu ölkəni yaxın gələcək üçün səfalətə sürüklədiyini də iddia etmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR