Onlayn ictimai-siyasi qəzet
Brüsseldəki üçtərəfli görüşdə Paşinyanın alternativ olaraq irəli sürdüyü “Sülh qovşağı” ABŞ və Aİ tərəfindən alqışlandı; ekspertlərin fikrincə, gerçəkləşməsi nonsensdir, çünki...
ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinin regiona sülh və sabitlik deyil, böyük problemlər, qarşıdurmalar gətirəcəyi haqda proqnozlar gerçəkləşə bilər.
“Yeni Müsavat” yada salır ki, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüssel görüşü öncəsi Azərbaycan Prezidentinə zəng edib əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Görüşdə baş nazir Nikol Paşinyanın təklif etdiyi “Sülh qovşağı” layihəsi alqışlanıb və dəstəklənib. Məlumdur ki, Paşinyanın bu layihəsi əslində Zəngəzur dəhlizinə alternativ kimi irəli sürüb. Ermənistanın “Sülh qovşağı” layihəsi Azərbaycan tərəfinin səsləndirdiyi marşrutdan çox da fərqlənmir. “Sülh qovşağı” xəritəsi layihəsində Ermənistanın - Qara, Aralıq, Xəzər dənizləri və İran körfəzinə çıxış imkanları göstərilir. Xəritədə Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərində yol infrastrukturu üçün 7, dəmir yolu infrastrukturu üçün isə 5 sərhəd-keçid məntəqəsinin quraşdırılması nəzərdə tutulur.
Layihədə təklif edilir ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyaları altında fəaliyyət göstərsin. O cümlədən, hər bir ölkə öz ərazisindəki aidiyyəti dövlət qurumları vasitəsilə nəqliyyat vasitələrinin, yüklərin və insanların öz ərazisindən keçidi də daxil olmaqla, sərhəd, gömrük nəzarəti və bütün infrastrukturların təhlükəsizliyini təmin etsin. Sirr deyil ki, Qərb Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasının əleyhinədir. Qərb istəmir ki, Rusiya Güney Qafqazın ərazindən sıxışdırılana qədər dəhliz açılsın. Brüsseldə “Sülh qovşağı”nın dəstəklənməsi Qərbin Zəngəzur dəhlizinə qarşı olduğunu deməyə əsas hesab oluna bilərmi? Ermənistanın uzun illərdir apardığı işğalçı siyasət ölkəni regiondakı bir sıra nəqliyyat layihələrindən kənar qoyub. Bu səbəbdən də baş nazir Nikol Paşinyan Tiflisdə keçirilən “İpək Yolu” forumunda çıxışı zamanı “Sülh kəsişməsi” layihəsini ortaya atıb. Əslində bu layihə uzun müddətdir heç kəsin üzünə belə baxmadığı “erməni qovşağı”nın adı dəyişdirilmiş formasıdır. Paşinyan komandası layihənin reallaşa bilmə analizini aparmaqdansa, onun reklamı ilə məşğul olmağı üstün tutub.
Ermənistan regionda həmin bu dəhliz vasitəsilə Azərbaycan üzərindən Xəzər dənizinə çıxış əldə etməyi hədəfləyir. Digər bir istiqamət Gürcüstan və onun üzərindən Qara dənizə çıxışı ehtiva edirdi. Bir tərəfdə də, təbii ki, Türkiyə ilə sərhədin açılması üçün ora gedən dəhliz - quru yoludur. Nəzərə alsaq ki, Ermənistan coğrafi baxımdan qapalı ölkədir, onun Xəzərə, ya Qara dənizə çıxışı yalnız qonşu ölkələr vasitəsilə mümkündür. Ermənistanın belə bir qərar verməsinə təsir edən digər bir amil Azərbaycanla İranın Zəngilandan başlayan quru yolla bir tranzit dəhlizinin əsasını qoymasıdır.
Murad Sadəddinov
Politoloq Murad Sadəddinovun sözlərinə görə, Orta dəhlizə qarşı gedən qüvvələr Paşinyanın layihəsini dəstəkləyirlər: “Amma Zəngəzur koridoru ilə "Sülh qovşağı" müqayisə oluna bilməz. Çünki Orta dəhlizdə Mərkəzi Asiyadan Avropaya qədər logistika nəzərdə tutulur. “Sülh qovşağı” isə guya Ermənistandan gələcək, Gürcüstana gedəcək, hətta İrandan da keçəcək... İrəvan bu məsələni on illərdir danışır, fəqət gerçəkləşmir. Heç kim Ermənistandan qovşaq keçməsinə razı olmayacaq. Sadəcə, Azərbaycana, eləcə də Orta dəhlizdə marağı olan Çinə təzyiq etmək üçün Paşinyanın layihəsinə dəstək ifadə edirlər". Politoloq əmindir ki, regionda Türkiyə və Azərbaycanın maraqları nəzərə alınmadan heç bir kommunikasiya layihəsi həyata keçə bilməz, ona görə bu layihənin perspektivini görmür. M.Sadəddinovun sözlərinə görə, noyabrda ABŞ-da seçkidir və Blinken erməni lobbisinin maraqlarını ifadə etməyə çalışır: “Onların səsvermədə imkanlarından yararlanmaq niyyəti güdülür. Ancaq reallıqda bu projeni Azərbaycanın layihəsi ilə müqayisə etmək olmaz. Çünki Ermənistan dağlıq relyefi olan ərazidir, oradan dəmiryolları, qovşaqlar çəkmək çətin olacaq. Ermənistandan Gürcüstana, oradan Qara dənizə yollar çıxarmaq ağırlaşdırıcı hallardır. Ona görə logistika şirkətləri Azərbaycanın irəli sürdüyü təklifləri dəstəkləyir”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, “sülh kəsişməsi”nin niyyəti dəhlizə alternativ irəli sürməkdir, lakin gerçəkləşməsi nonsensdir. Siyasi şərhçinin fikrincə, Ermənistanın bu qovşaqda yerləşməsi üçün qonşularla münasibətləri normallaşmalıdır: “Ermənistan isə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, düşmənçilik edir, üstəlik, aşağıda İran yerləşir. Bu şəraitdə Ermənistan necə "sülh qovşağı" ola bilər?" Ekspertin fikrincə, əgər İran sülh qovşağında yer alacaqsa, onda Qərb Tehrandakı rejimə niyə sanksiyalar tətbiq edir, oradakı hakimiyyətə təzyiqlər göstərir: “Sadəcə, Ermənistanı yola gətirmək lazımdır ki, Zəngəzur dəhlizi işə düşsün. Brüssel görüşünün nəyə hesablandığı hamımıza bəllidir. Hər üçü - Paşinyan, Blinken və Leyen "Dağlıq Qarabağ" ifadəsini dilə gətirdilər. Burada da onların regiona baxışı məlum olur. Ümumiyyətlə, onlar Cənubi Qafqaz deyəndə Ermənistanı nəzərdə tuturlar. Yəni Ermənistanın inkişafını, təhlükəsizliyini Cənubi Qafqazın inkişafı kimi görürlər. Bu da absurd bir yanaşmadır. Ona görə də “sülh qovşağı” Paşinyanın uydurma ifadəsidir və beynəlxalq ictimaiyyətə sırımaq istəkləridir. Düşünürəm ki, sadaladığım səbəblərdən Ermənistan “sülh qovşağı” ola bilməz". X.Bəşirov hesab edir ki, İrəvan götürdüyü öhdəlikləri yerinə yetirməli, blokadada olan kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmaları icra etməlidir, nəinki bəhanələr axtarmalı, müxtəlif pozuculuq əməlləri ilə məşğul olmalıdır.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ