Onlayn ictimai-siyasi qəzet
Pentaqon Tiflislə hərbi təlimləri təxirə saldı, AB inteqrasiyanı dayandırdı, əvəzində amerikalı əsgərlər erməni hərbçilərlə təlim keçəcək - regionda yeni forpost var
Bu günlərdə məlum oldu ki, ABŞ Gürcüstanla planlaşdırdığı hərbi təlimləri təxirə salıb. Amma Ermənistanla analoji təlimləri keçirməyə hazırlaşır. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 15-24-də kapitulyant ölkə ərazisində “Qartal tərəfdaşlığı-2024" ("Eagle Partner 2024") birgə təlimləri keçiriləcək.
Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbi qulluqçularının cəlb olunacağı bildirilir. Bundan az öncə Pentaqon Gürcüstanda planlaşdırılan birgə təlimlərin rəsmi Tiflisin anti-Amerika ritorikasına görə təxirə salındığını açıqlamışdı. Hərgah daha sonra idarədən dəqiqləşdirilib ki, planlaşdırılan təlimlər tam ləğv edilməyib, iyulun 25-dən avqustun 6-dək təxirə salınıb.
Xatırladaq ki, son vaxtlar İrəvana amerikalı yüksək çinli siyasi və hərbi emissarların axını gözgörəsi güclənib. Təbii ki, ermənipərəst konqresmenlər də daxil olmaqla. Nə baş verir? ABŞ doğrudanmı bölgədə öz forpostunu dəyişir və Gürcüstanı Ermənistanla əvəzləyir? O Ermənistan ki, “ikili” oyunlara rəğmən, hələ də de-fakto Rusiyanın hərbi qalasıdır, KTMT üzvüdür, onun Türkiyə və İranla sərhədlərini rus hərbçilər qoruyur, Azərbaycan və Gürcüstandan fərqli olaraq, ərazisində Rusiya hərbi bazaları var və 2047-ci ilədək qüvvədə olacaq hərbi-strateji müttəfiqlik müqaviləsi imzalayıb.
Yeri gəlmişkən, Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi də dayandırılıb. Bunu Avropa Şurasının sammitindən sonra AB liderləri çox aydın şəkildə bəyan ediblər. AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski belə deyib. “Mövcud Gürcüstan hökumətinin niyyətləri AB liderləri üçün aydın deyil. "Xarici təsirin şəffaflığı haqqında" qanun açıq-aşkar geriyə addımdır. Təəssüf ki, hazırda Gürcüstanın AB-yə qəbulu prosesi dayandırılıb", - o deyib və əlavə edib ki, AB “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub və hökumətə birbaşa yardımı azaltmaq, eyni zamanda media və mülki qurumlara yardımı artırmaq niyyətindədir.
“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni yaradılmış hökumət nə olursa-olsun, yenidən AB-yə inteqrasiya istiqamətində ciddi işə başlayacaq və biz Gürcüstanın gələcək genişlənmənin bir hissəsi olmasını təmin edə biləcəyik”. Əvəzində isə Ermənistan rəsmiləri Aİ-yə üzv olmaq haqda həvəsli danışırlar. Hətta Danimarkada keçirilən “demokratiya sammiti”ndə Paşinyan demişdi ki, elə bu il AB üzvü olmağı arzu edərdilər. Bir sözlə, həm ABŞ, həm AB Cənubi Qafqazda “əl dəyişirlər”, - Gerçinski vurğulayıb.
Bu arada Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Vaşinqton oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək. Məlumatda qeyd edilib ki, Ağ Ev artıq hakim “Gürcü arzusu” partiyasını gözdən salmaq üçün kampaniya hazırlayıb.
“Əsas rolu ABŞ mediasına müsahibə verən Gürcüstan prezidenti Salome Zurabişvili oynayacaq. O, hökuməti Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları deqradasiyaya uğratmaqda günahlandıracaq. O, həmçinin "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri" barədə xəbərdarlıq edəcək", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən qeyd edilib.
Göründüyü kimi, Cənubi Qafqaz uğrunda mübarizə güclənir. Bəs Qərb hər iki ölkəni forposta çevirməyi bacaracaqmı?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, payızda Gürcüstan qarışa bilər: “Qərb Gürcüstan və Ermənistanı əldən vermək istəmir. Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda amansız strateji mübarizə gedir. Ukrayna müharibəsi Rusiyanın strateji gücünü azaltmağa yönəlib, amma bizim regionda nüfuz savaşı davam etməkdədir. Ona görə də Qərb bir yandan Tiflisi sıxışdırır, digər tərəfdən İrəvanı tumarlayır. Hər iki addımda məqsəd iki Qafqaz ölkəsini öz nəzarətində saxlamaqdır. Ona görə mən oktyabr seçkilərində Gürcüstanda böyük qarşıdurmalar gözləyirəm. ABŞ Tiflisdə hakimiyyəti dəyişməyə məcburdur ki, qrant qanunu işləməsin, eləcə də təxirə salınan təlimlərdən tutmuş digər sahələrdə inteqrasiyaya qədər əlaqələr inkişaf etdirilsin. Ermənistana gəlincə, hələlik bu ölkə Vaşinqtonun nəvazişindən xoşhal olmaqdadır. Amma Nikol Paşinyan komandasının bəzi hallarda "iki stulda" oturmaq siyasətini də görmək olar".
Professor hesab edir ki, Gürcüstanda Rusiyanın, Ermənistanda ABŞ-ın təsirləri getdikcə artır: “Moskva Paşinyanı devirə bilmədi və hələlik onunla əməkdaşlığın davam etdirilməsi məqbul sayılır. Qərb isə İvanişvilini devirmək planlarını üzü payıza saxlayıb. Təbii ki, Rusiya mövcud gürcü hökumətinə dəstək verməyə çalışacaq. Yəni biz regionda çox ciddi, kəskin toqquşmaların şahidi olacağıq. Bölgə uğrunda mübarizə qızışır və həlledici mərhələyə yaxınlaşır. Odur ki, Gürcüstanla hərbi təlimləri təxirə salıb, Ermənistanla həyata keçirməklə bir mesaj verirlər - İrəvan bizimlədir...”
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, Ermənistanın baş naziri Nikol Paşinyan həm yaxın, həm də uzaq perspektivdə Rusiyadan uzaqlaşmağa çalışır: “Yaxın perspektiv Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub. İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Nikol Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa necə olacaq?”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ