İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbirdə çıxış edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda keçirilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbirdə çıxış edib.

Musavat.com xəbər verir ki, Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində keçirilən tədbir “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq gerçəkləşib.

Q.Paşayeva Ümummilli liderin zəngin həyat yolundan, xalqa, dövlətə həsr olunmuş parlaq ömründən, ölkəmizin çiçəklənməsinə xidmət edən, Heydər Əliyevin müəllifi olduğu tarixi hadisələrdən söz açıb.

Böyük şəxsiyyətin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladan Q.Paşayeva, onun azərbaycançılıq məfkurəsindən geniş bəhs edib, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrildiyini vurğulayıb. Müstəqil, qüdrətli Azərbaycan Respublikasının ideya-siyasi əsasına çevrilmiş azərbaycançılıq ideologiyasını Heydər Əliyevin mühüm tarixi xidmətlərindən biri kimi xarakterizə edib.

Q.Paşayeva Ümummilli liderin respublikamıza istər birinci, istərsə ikinci rəhbərliyi dönəmində ölkəmiz üçün həyata keçirdiyi böyük və əvəzsiz xidmətlərindən, o cümlədən ölkədə təhsil, səhiyyə, iqtisadiyyat və digər əməli fəaliyyət sahələrinin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Türkçülük, çağdaşlıq və islamçılığı üzvi surətdə birləşdirən dövlət bayrağının ən ümumi məzmunu olan azərbaycançılıq ideologiyasının inkişafı üçün Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açan Q.Paşayeva Heydər Əliyev ilə bağlı xatirələrini diqqətə çatdırıb.

Sözünə davam edən komitə sədri deyib: “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ulu öndər ölkəmizi sabitlik ünvanına çevirdi, sonra, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, dünyanın dörd tərəfinə çoxsaylı səfərlər edərək, həqiqətlərimizi yaydı, beynəlxalq aləmi, necə deyərlər, ayıltdı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən idrak etməyə, dəyərləndirməyə başladı. Dostluqlar bərpa olundu, yeni əlaqələr quruldu, bədxahlar mümkün olduğunca neytrallaşdırıldı və s.

Gəlin, bu vurğuladığımız məqamlara daha geniş diqqət yetirək. –

Ulu öndər bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, siyasi sabitlik, güclü iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı.

Ulu öndərin ən çox sevdiyi şeirin misraları ilə desək, o, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə tərənnüm etdiyi, candan, könüldən bağlı olduğu ölkəmizə, doğma xalqımıza, öz Prezident andına sadiq qaldı. Heydər Əliyev rəsmi andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ulu öndərin həyata keçirdiyi digər böyük işləri yada salan Q.Paşayeva fikirlərini bir neçə əməli fəaliyyət sahəsi üzrə davam etdirib:

- 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durdu. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar nəhayətdə, respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi.
Ulu öndərin təşəbbüsü ilə KİV-lər üzərində senzura da aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə önəmli addımlar atıldı.

- İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması Heydər Əliyevin böyük xidmətləri sırasındadır;

- Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi;

- Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü, üfüqügeniş nəhəng siyasətçi, dövlət xadimi, realist insan olması hər çətin anda, mürəkkəb məqamda alternativlərin ən yaxşısını bulmağı təmin edirdi. Heç təsadüfi deyil ki, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlığa görə akademik çevrələr, dünya liderləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi adlarla tərənnüm edir, ona heyranlıqlarını gizlətmirdilər;

- Heydər Əliyevin siyasi iradəsi, səmimiyyəti, polad xarakteri, uzaqgörənliyi, dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri, onunla təmasda olanları valeh edir, necə deyərlər, onunla hesablaşamağa vadar edirdi;

- Milli ideologiyanın yaradılması Heydər Əliyevin dövlət quruculuğu siyasətinin çox mühüm tərkib hissəsi kimi qəbul gördü;

- Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək özəllikləri ilə seçilirdi. Ümummilli Lider bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi;

- Ümummilli Lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və bu yöndə önəmli islahatlara başladı.

- Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin yorulmaz carçısı idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə ağırlıqlı şəkildə gətirən məhz Heydər Əliyev oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Heydər Əliyev bir çox dövlət başçısı, beynəlxalq təşkilatların rəhbərləri ilə bu mövzuda danışıqlar apararaq, beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.

Çıxışımın sonunda tariximizin ən önəmli günlərindən birinə və həmin gün deyilmiş undulmaz sözlərə diqqət yetirmənizi istəyirəm: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! – Bu sözləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi ilə bağlı Xalqa müraciətində deyib. Ata vəsiyyətinin ali ifadəsi, o vəsiyyətə layiqincə əməl edilməsinin təntənəsi olan bu sözlərlə çıxışıma yekun vurarkən, Ulu öndərimizi bir daha dərin ehtiramla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlət başçımıza – Müzəffər Ali Baş Komandan İlham Əliyevə yeni zəfərlər diləyirəm”!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR