İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edib.

Komitə sədri bu tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası olduğunu vurğulayıb: “İştirakçıların Şuşada düşmən barbarlığını görmələri vacib idi. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayacaqlar.

Çox təəsüflər ki, bu qədər barbarlıq faktları – dağıdılmış ibadətgahlar, viran edilmiş mədəniyyət ocaqları, soyqırım aktları bəlliykən, bir çox dövlətlər hələ də barbarlıq törədənləri müdafiə edir. Özü də, həmin dövlətlər özlərini mədəniyyətin, demokratiyanın, insan haqlarının müdafiəçisi kimi qələmə verir.

Biz isə həmişə insanlara, ölkələrə din, dil, mədəniyyət ayrımı aparmadan yanaşmışıq. Ermənistan Qarabağda, Şərqi Zəngəzurda yalnız Azərbaycan, Türk-İslam mədəniyyət abidələrini dağıtmayıb, onlar bununla bəşər mədəniyyətinə zərbə vurub, insanlığa zərər verib.
Ümidvaram, xarici qonaqlarımız aydın şəkildə görmüş oldu ki, ermənilərin dəhşətli barbarlığına qarşı Azərbaycanın qurucu mədəniyyəti iqtisadi sferada da öz əksini tapmaqdadır. Sürətli və keyfiyyətli infrastruktur layihələri, mədəniyyətin iqtisadiyyatla birgə Qarabağa, Zəngəzura qayıtmasını göstərməkdədir.

Zəngilanda, Ağdamda, işğaldan azad olunmuş digər Azərbaycan şəhər və kəndlərində milli özünəməxsuluğu, tarixi hadisələri, bəşər mədəniyyətinin ən ümdə texnoloji, mədəni uğurlarını üzvi surətdə birləşdirən yaşayış məntqələri, ağıllı kəndlər, şəhərlər tikilir. Zəngilanın “ağıllı kənd”i Ağalı artıq öz sakinlərini qoynuna alıb. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji, başqa sözlə, yaşıl mədəniyyət ünvanına dönüşür. Bunlar həm mədəniyyətdir, həm iqtisadiyyatdır, həm özünəməxsuluq həm də beynəlxalq trendlərə cavab vermə gücünün təntənəsidir...

İşğaldan azad edilmiş ərazilərdə, o torpaqların həqiqi sahibləri olan Azərbaycanlılar tərəfindən qısa zaman zərfində aparılmış bərpa, quruculuq işləri beynəlxalq aləmdə də tanınmağı haqq edir. Ümidvarıq, bu tanınma, bu konfrans və irəli sürülən fikirlər, təkliflər Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni və yaradıcı sənayelərin inkişafına da təsirsiz ötüşməyəcəkdir.

Azərbaycan Respublikasının, özəlliklə paytaxt Bakının, son iki il içində isə Şuşanın multikulturalizm siyasəti, sivilizasiyalar və mədəniyətlərarası dialoqun ünvanına, deyərdim, ocağına çevrildiyini qürurla söyləyə bilərik. Fərqli mədəniyyətlərə öz qoynunda yüzillər boyu sərbəst inkişaf meydanı vermiş Azərbaycan üçün mədəniyyətlərin dialoqu, sivilizasiyaların harmoniyası, liberal istisadiyyat, azad ticarət imkanı kimi mövzular nəinki yeni deyil, ürəklə deyə bilərik ki, ənənəvidir, xarakterikdir.

Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxılmamalıdır. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli liderin siyasətini, mədəniyyətin inkişafı xəttini uğurla davam etdirir, yeni nailiyyətlərə imza atır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin, necə deyərlər, biləvasitə himayəçisidir.

Azərbaycanda musiqi, xalçaçılıq, mətbəx və sənətkarlıqla bağlı mövzu üzrə yetərincə məqamları, hadisələri qeyd edə bilərik. Məsələn, Azərbaycan qədim mətbəxinin ən çağdaş formada təqdimatına aid onlarla örnək var. Azərbaycan xalçaları dünyanın harasında nümayiş olunsa da, hansısa ən çağdaş mövzuya həsr olunsa da, öz ilmələri, rəng simmetriyası və istinad etdiyi xalçaçılıq məktəbi etibarı ilə milli ruhu yansıdır, bir Azərbaycan əsəri olaraq görünür. Yaxud ABAD layihələri işləyiş, təqdimat şəkli ilə həm yeni trendlərə cavab verir, həm milli özünəməxsuluğumuzu təcalla etdirir.

Ümidvaram, mədəniyyət iqtisadiyyatı, yaradıcı sənayelərlə bağlı güncəl məsələlərin müzakirəsi, bu yöndə təkliflərin verilməsi yalnız mədəniyət və iqtisadiyyat sahələri üçün deyil, necə deyərlər, ümumi işin xeyrinə olacaqdır. Nəticə etibarı ilə həm qonaqlarımız bizim həqiqətlərimizi öyrənmiş oldu həm də bizim mütəxəssislər xarici təcrübəni əxz etmiş olacaq.

Əlbəttə, mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərin müzakirəsi çox yaxşı haldır. İnanıram ki, bütün bunlar, müzakirə olunan sahəyə ictimai marağın təşviqinə təkan verəcək. Mədəniyyətin iqtisadiyyatı, yaradıcı sənayelər idarəetmə mədəniyyəti, intellektual mədəniyyətlə sıx bağlıdır. Belə hesab edirəm ki, uşaqlarımız orta məktəb illərindən yaradıcılığa həvəsləndirilməli, onların istedadı, qabiliyyəti üzə çıxarılmalı, dəstək görməlidir. Bu sahədə uyğun proqramlar işlənməlidir. Mədəniyyət, Təhsil, Vergi, Gömrük və digər əlaqədar dövlət orqanları yaradıcı sənayelərin inkişafı üçün birgə çalışmalı, səyləri birləşdirməlidir.

Sonda bir daha, Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat İnstitutunun rəhbərliyinə, konfransın təşkilində əməyi keçən hər kəsə, konfransın bütün məruzəçilərinə könül dolusu təşəkkürlərimi yetirirəm.

Şuşadan inkişaf impulsları verilə bilməsi üçün bizə tarixi Zəfər yaşatmış, barbarlığı Şuşadan, digər şəhər və rayonlarımızdan qovmuş şəhidlərimizi dərin ehtiramla anır, yaralı qazilərimizə acil şəfalar diləyirəm!
Diqqətiniz üçün sağ olun”!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR