İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın “Kaşaqan” neftinin Azərbaycan üzərindən nəqli başlandı

Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Azərbaycan üzərindən Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlanır.

Musavat.com SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin təxminən 6 min tonluq ilk partiyası yanvarın 27-də Səngəçal terminalına çatıb. Buradan xammal BTC vasitəsilə Ceyhan limanına daşınacaq.

İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.

2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış saziş ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdə tutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb.

SOCAR-da hesab edirlər ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, 2024-cü ildə BTC ilə 1,4 milyon ton “Tengiz” nefti daşınıb. Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, bu il üçün BTC ilə neft ötürülməsi planı 1,5 milyon ton təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR