Onlayn ictimai-siyasi qəzet
Astana və İrəvan yaxınlaşır; Tokayevdən sülh mesajları, Bakıdan reaksiyalar
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana rəsmi səfər edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Səfər çərçivəsində o, baş nazir Nikol Paşinyanla görüşəcək. Qazaxıstan prezidentinin Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) önəmli üzvüdür. Eyni zamanda “Rus NATO-su” kimi tanınan KTMT-də və Avrasiya İqtisadi Birliyində təmsil olunur. Hansılarda ki, Ermənistan da təmsil olunur. Hərçənd Qazaxıstan KTMT-də daha çox Azərbaycanın dost-müttəfiqi kimi tanınır, nəinki Ermənistanın. Bəs hazırda Astana-İrəvan münasibətləri hansı sferada və nə dərəcədə strateji mahiyyət kəsb edir? Səfərlə bağlı rəsmi Bakının hər hansı gözləntisi varmı? Məsələn, Tokayevin ziyarəti Ermənistanın Azərbaycanla sülh anlaşması yönündə səylərə təkan verə, prosesi sürətləndirə bilərmi? 1991-ci ildə də Qazaxıstanın təşəbbüsləri olmuşdu, nəticə vermədi. Hətta 20 noyabr terroru baş verdi.
Yazı çapa hazırlanarkən artıq səfər və keçirilən görüşlərlə bağlı ilkin məlumatlar yayılmağa başladı. Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə onu Azərbaycanla münasibətlərin normallaşması prosesinin gedişatı barədə məlumatlandırıb.
“Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır”. Musavat.com xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. “Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - deyə Tokayev əlavə edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb. İrəvan mətbuatı xəbər verir ki, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.
Qazaxıstan prezidenti və Ermənistanın baş naziri tərəfindən bəyanatlar, miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, avtomobil nəqliyyatı haqqında 2006-cı il sazişinə dəyişikliklər haqqında protokol və aviasiya sahəsində əməkdaşlıq haqqında memorandum, Armavir və Manqistau regionları arasında əməkdaşlıq haqqında memorandum, Vanadzor və Şikment arasında əməkdaşlıq və qardaşlaşma haqqında memorandum, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, İrəvan və Astana arasında yüksək texnologiyalar, əməkdaşlıq və qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli səfərlə bağlı detallı məlumatların olmadığını güman edir: “Qazaxıstan prezidentinin Ermənistana səfəri çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi açıqlansa da, qənaətimə görə, Tokayev İrəvana həm də rəsmi Moskva üçün də əhəmiyyət kəsb edən bir neçə məsələyə aydınlıq gətirilməsi üçün səfər edib. Bunlardan birincisi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı son mövqeyinin nədən ibarət olduğuna aydınlıq gətirməkdən ibarətdir. Bu xüsusda Ermənistanın Avrasiya İqtisadi İttifaqında və MDB-də iştirakı ilə bağlı məsələlər barədə də fikir mübadiləsinin aparıldığı ehtimalı var. Qazaxıstanın öz ərazisini Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma kimi təqdim etməsinə, Tokayevin Ermənistanı "qardaş ölkə" adlandırmasına gəldikdə isə burada ciddi bir problem görmürəm. Çünki Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyi aydındır və Ermənistanla münasibətlərin yumşaldılmasına xidmət edən hansısa ifadələr bu mövqeyə təsir göstərə bilməz. Bütün hallarda Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində yer almaq niyyətinə müsbət yanaşmaq lazımdır. Əslində Ermənistanın yeganə xilas yolu, paradoksal olsa da, türk dövlətləri ilə əməkdaşlıqdan keçir. Bu əməkdaşlıq çərçivəsində Ermənistan özünün iqtisadi inkişafını və təhlükəsizliyini təmin edə bilər". Qazaxıstanın 1991-ci ildə göstərdiyi cəhdin uğursuzluğa düçar olmasına gəldikdə isə siyasi analitik qeyd etdi ki, indi zaman da, reallıqlar da dəyişib: “Azərbaycan qalib ölkədir, diqtə edən tərəfdir və deməli, Astananın da bu prosesdə "əli güclüdür". Digər tərəfdən, 1991-ci ildə Azərbaycan-Qazaxıstan münasibətlərinin indiki səviyyəsini, Türk Dövlətləri Təşkilatının indiki statusda mövcudluğunu ən yaxşı halda arzulamaq mümkün idi. Bu baxımdan, cənab Tokayevin İrəvandakı açıqlama və təşəbbüslərinin reallıqlara söykəndiyini və istisnasız olaraq, Azərbaycanla razılaşdırıldığını düşünürəm". Amma E.Mirzəbəyli bildirdi ki, bütün bu cəhdlərin rəsmi İrəvanın siyasi kursunda dəyişikliklərə səbəb ola biləcəyinə inamım təəssüf ki, çox deyil: “Ehtimal var, şübhəsiz, amma azdır. Nikol Paşinyanın Brüssel görüşündən sonrakı davranışları, daha öncə səsləndirdiyi konstruktiv fikirlərdən geri çəkilməsi belə düşünməyə əsas verir. Digər tərəfdən, Qazaxıstan prezidentinin Ermənistana səfərini və İrəvanda səsləndirdiyi bəyanatları bu ölkəyə verilən son şans kimi də dəyərləndirmək olar”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir günlük səfərin detalları barədə hər hansı məlumat verilmir: “Bununla belə, Qazaxstanla Ermənistan arasında hər hansı iqtisadi və ya siyasi məzmuna malik sənədin imzalanacağı da gözlənilmir. Ola bilər yalnız birgə bəyanat verilsin və ya heç o da olmasın. Hər halda, həm Qazaxıstan, həm Ermənistan, həm də Rusiya mənbələrinin açıqlamalarında səfərin məqsədi haqqında heç bir açıqlama verilməyib. Qazaxıstan MDB-dən əlavə, Avrasiya İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla birgə üzvdür və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur”.
S.Məmmədov yaxın keçmişə dair olduqca vacib bir faktı xatırlatdı: “Qazaxıstan hadisələri zamanı Ermənistan KTMT-yə sədrlik edən ölkə olaraq Qazaxıstana göndərilən birgə qoşun birləşmələrinə formal olaraq rəhbərlik edirdi və kontingentin içərisində Ermənistan silahlı qüvvələrinin təmsilçiləri də var idi”.
Ekspert qeyd etdi ki, bununla belə, səfərə bir neçə platformada, o cümlədən hərbi sahədə müttəfiq olan iki dövlətdən birinin rəhbərinin sıradan bir səfəri kimi baxmaq mümkün deyil: “Rusiya prezidenti hazırda Ermənistana səfər edə bilməz. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinın Statutuna qoşulmaqla üzərinə götürdüyü öhdəliklərdən biri kimi Rusiya prezidentinə qarşı qaldırılmış cinayət işi üzrə elan olunmuş axtarışla bağlı vəzifəni icra etməlidir. Əlbəttə, Ermənistanın bunu etməyə cürəti çatmaz. Amma bütün hallarda Ermənistan Rusiya prezidentini Ermənistana səfərə gəlmək imkanından hüquqi baxımdan məhrum edib. Həmçinin "gözqamaşdırıcı" Brüssel səfərindən sonra Paşinyanın da Moskvaya səfəri real görünmür. Çox güman ki, Qazaxıstan prezidenti Ermənistan rəhbərliyinə müəyyən mesajlar verəcək və bu mesajlar yalnız Qazaxıstanın mesajları olmayacaq. Bu səfərin məqsədlərindən ən azı biri Ermənistan siyasi rəhbərliyinə qapıldığı eyforiyadan çıxmaq və reallığa qayıtmaq təklifi ola bilər".
S.Məmmədov istisna etmədi ki, görüş zamanı Ermənistanla Azərbaycan arasında uzun müddət davam edən, amma Brüssel görüşündən sonra növbəti dəfə səngiyən sülh danışıqları ilə bağlı məsələlər də müzakirə oluna bilər: “Ehtimal edirəm ki, Qazaxıstan öz müttəfiqlərini, o cümlədən Azərbaycanı diplomatik kanallarla görüşlə bağlı məlumatlandırıb. Mən, əlbəttə, Qazaxıstanın Ermənistanla Azərbaycanın dövlət mənafelərinə zidd olan hər hansı əməkdaşlığa gedəcəyini düşünmürəm. Amma qeyd etdiyim kimi, hələ ki Ermənistan ən azı Avrasiya İqtisadi Birliyində, həmin birliyin Gömrük İttifaqında, həmçinin hərbi ittifaqda Qazaxıstanla bir yerdədir. Azərbaycanın gözləntilərinə gəldikdə, düşünürəm ki, yuxarıda qeyd etdiyim kimi, ən azı Azərbaycanın gözləntisi o ola bilər ki, Qazaxıstan Azərbaycan əleyhinə və Azərbaycanın milli maraqlarına zərər gətirən hər hansı siyasi, hərbi və ya iqtisadi xarakterli addımlar atmayacaq. Vaxtilə Qazaxıstanın əvvəlki prezidenti Nazarbayev və Rusiya prezidenti Yeltsinin Ermənistanla Azərbaycan arasında sülh yaratma missiyasının uğursuzluğuna gəldikdə isə onu deyə bilərəm ki, hazırda şərait köklü surətdə dəyişib və Qazaxıstan tərəfindən hər hansı vasitəçilik təşəbbüsü olarsa, ABŞ və Avropa İttifaqının təşəbbüslərindən fərqli olaraq onun sülh proseslərinə ziyanı olmaz, amma faydası ola bilər”.
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ