İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanı təmsil edən MMA döyüşçüsü: "Atam bakılıdır, bir neçə dəfə orada olmuşam"

"Atam bakılıdır, bir neçə dəfə orada olmuşam".

Bunu "Report"a açıqlamasında Qazaxıstanı təmsil edən MMA döyüşçüsü Rafail Abbasov Azərbaycanla bağlılığı haqqında danışarkən deyib.

32 yaşlı idmançı qohumlarının Bakıda yaşadığını bildirib: "Fürsət düşdükcə, Azərbaycana gəlməyə, yaxınlarımıza baş çəkməyə çalışıram. Səhv etmirəmsə, sonuncu dəfə 2019-cu ildə orada olmuşam".

O, gələcəkdə beynəlxalq arenada Qazaxıstanla yanaşı, Azərbaycanı da təmsil etməyə hazır olduğunu bildirib: "Amma hələlik ata vətənimdən bununla bağlı mənə təklif gəlməyib. Nə vaxt dəvət olsa, o zaman bu barədə danışa bilərik".

Abbasov son illər müxtəlif ölkələrin şərəfini qoruyan idmançıların Azərbaycan bayrağı altında döyüşmək istəmələrinə də toxunub: "Azərbaycan hər zaman öz idmançılarını dəstəkləyir. Çoxları bunu bilir və Azərbaycanı təmsil etmək istəyir".

"Metis" ləqəbli idmançı bu adın ona yaxınları tərəfindən verildiyini söyləyib: "Mənası qarışıq qan deməkdir".

O, bəzi azərbaycanlı idmançılarla yaxşı münasibətlərinin olduğunu vurğulayıb: "Çox yaxın olduğumuzu deyə bilmərəm. Amma Emil Novruzov və Kamran Şahsuvarlı kimi bir çox idmançı ilə isti münasibətlərim var".

Abbasov Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin Castin Geyci ilə döyüşünü izlədiyini bildirib: "Fiziyevin karyerası hələ qabaqdadır. Geyci əbəs yerə ən yaxşı döyüşçülərdən biri deyil. Mənə elə gəlir ki, Fiziyev rəqibinə yalnız təcrübədə uduzdu".

Qeyd edək ki, Rafail Abbasov indiyədək peşəkar səviyyədə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR