Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Afrika Respublikasında mərhum teoloq və politoloq Heydər Camalın oğlu, tanınmış jurnalist Orxan Camal qətlə yetirilib. Artıq hadisənin bəzi detalları da məlum olub.İlkin məlumata görə, Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlamaq üçün MAR-a yollanan çəkiliş qrupunun üzvlərini 10 nəfər tutub.
Onlar ərəb dilində danışıblar:
“Çəkiliş qrupu axşam saat 19:00 radələrində şəhərdən çıxıb. Təhlükəsizlik qüvvələri artıq qaranlıq olduğu üçün onlara şəhərdən çıxmamağı tövsiyə edib, lakin qulaq asmayıblar. Onlara Sibyu şəhərindən 23 km uzaqlıqda hücum edilib. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar".
Bəs qətlə yetirilən Orxan Camal hansı məşhur nəslin oğludur?
Femida.az xəbər verir ki, O, şərqşünas-islamşünas yazar Heydər Camalın oğludur. Heydər Camal 1947-ci ilin 6 iyun Moskva şəhərində anadan olub. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Şuşaya - ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub.
1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparır, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edir. Əhmədin ölümündən sonra İranın yüksəkçinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.
Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləyib. Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat edib. Vəsiyyətinə əsasən Alma-Atada dəfn edilib.
1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. Orxan Camal Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, “Zdorovye” (“Sağlamlıq”) kimi məşhur teleproqramının rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş O.Camal 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası “Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi “qaynar nöqtələr”də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün “Beşgünlük müharibənin xronikası” (2008) kitabında əks etdirib.
2000-ci ildə O.Camal Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında “Tədqiqat komitəsi” jurnalist araşdırmaları Agentliyinin təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, O.Camal 2003-cü ildə “Travel” janrında ən yaşı jurnalist adı qazanıb. Xanımı İrina Qordienko da qələm sahibidir.
Oxu24.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ