İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı ermənilər gerçəkdən tərk-silah edilir, yoxsa hayların blefidir?

Ekspert: “Bu qanunsuz silahlı dəstələrin tərk-silah edilməsinin bir yolu var, o da...”

10 noyabr üçtərəfli bəyanatdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan indiyədək kapitulyasiya aktında üzərinə düşən öhdəliklərin bir çoxunu yerinə yetirməyib. Xüsusilə Qarabağda - ermənilərin yaşadıqları, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki erməni silahlı dəstələrin ləğvi məsələsini qulaqardına vururlar.

Əslində Qarabağı qanunsuz silahlı birləşmələrdən təmizləmək sülhməramlıların da vəzifəsidir. Ancaq onlar silahlı dəstələrə göz yumurlar və nəticədə  mütəmadi olaraq Qarabağda təxribatlar törədilir.

Azərbaycan Prezidenti sonuncu Soçi görüşündə, habelə Şuşanın azadlığının ildönümündə bəyan etdi ki, əgər bu qanunsuz silahlı birləşmələr Qarabağdan çıxarılmasa, Azərbaycan adekvat tədbirlər görəcək.

Bundan sonra deyəsən, Ermənistan bu yöndə hansısa bir proses başladıb.

“Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir”.

Bunu Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb: “Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.

Nəzərə çatdıraq ki, 2021-ci ilin payızında da Azərbaycanın müəyyən əməliyyatlarından sonra erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmağa başlaması haqda məlumatlar yayılmışdı. Sanki Ermənistan Azərbaycanın antiterror əməliyyatlarına başlamaması üçün hərəkətə keçdiyini göstərməyə çalışırdı.

Ancaq bir müddət sonra bəlli oldu ki, müəyyən bir qism qanunsuz silahlılar Qarabağdan köçürülsə də, hələ xeylisi qalmaqdadır.  Azərbaycanın son xəbərdarlığından sonra erməni silahlı birləşmələrinin ləğvi haqda məlumatların gəlməsi 2 kontekstdə şərh olunur. Bir qism bunun gerçək bir proses olduğunu bildirir. Bir qism isə hesab edir ki, Ermənistan yenə də baş qatmaq, Azərbaycanın antiterror əməliyyatlarına başlamasını önləmək üçün görüntü yaradır. Bu variantlardan hansı daha inandırıcıdır? Ermənistan yenə də blef edir, yoxsa bu dəfə qanunsuz silahlı dəstələri çıxaracaqlar? Çıxarmasalar, nə olacaq?

Ermənilər vahimədə, yeni təxribata hazırlıq var? – Alp Arslan İmamqulu  “Canlı debat”da

Alp Arslan İmamqulu 

Hərbi ekspert, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu “Yeni Müsavat”a deyib ki, sülhməramlı qüvvələrin cavabdehliyi sahəsində baş verənlər onu göstərir ki, vəziyyət qənaətbəxş deyil: “Düşmənin yetərincə dərs almadığı görünür. Ali Baş Komandanın dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, mütəmadi olaraq Ermənistanla Azərbaycan arasındakı şərti sərhədlərdə atəşkəs rejimi pozulur. Təbii ki, hər dəfə düşmənə adekvat cavab verilir. Amma bu məsələlərin köklü həlli üçün daha ciddi addımların atılması bir zərurətdir. Xüsusən də Laçın yolunun bağlanması, Azərbaycanın sərhədləri daxilində bütün qanunsuz silahlı dəstələrin tərk-silah olunması və zərərsizləşdirilməsinə xüsusi zərurət yaranıb. Haqqımız olan qaydada delimitasiya və demarkasiya mərhələsinin yekunlaşdırılması yolu ilə bölgədə sülhə nail olmaq olar. Bunda maraqlı olmayan tərəflər var. Xüsusən də Rusiya və Qərb dövlətləri, o cümlədən İran mütəmadi olaraq işğalçı Ermənistandan yana bəyanatlar səsləndirir. Buna görə də Azərbaycan öz müttəfiqləri ilə birgə hərəkət etməlidir”.

Hərbi ekspert deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olan bütün qanunsuz silahlı birləşmələrlə bağlı yaxın zamanlarda gərəkli addımlar atılacaq: “Ermənilərin özünü tərk-silah edəcəyini düşünmürəm. Bu, sadəcə, informasiya müharibəsinin növbəti bir detalıdır. İstənilən halda Qarabağdakı qanunsuz silahlı dəstələrin tərk-silah edilməsinin bir yolu var, bu da antiterror əməliyyatı keçirib əlində silah olan hər kəsin zərərsizləşdirilməsidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR