İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda tullantılar çay yataqlarına tökülməyəcək

İşğaldan azad olunan ərazilərdə tullantıların müasir dünya təcrübəsinə uyğun idarə olunması siyasəti yürüdüləcək

Azərbaycanda bərk tullantıların toplanması, təkrar emalı və utilizasiyası sahəsində problemlər uzun illərdir aradan qaldırılmır. Ölkə ərazisində yalnız Bakı şəhərində əmələ gələn bərk tullantıların toplanaraq çeşidlənməsi, təkrar emalı həyata keçirilir. Bu proses paytaxtda yaranan tullantıların hamısını əhatə etmir. Regionlarda isə tullantılarla bağlı vəziyyət çox kəskin olaraq qalır: kəndlərdə, rayonlarda tullantılar açıq şəkildə torpağa atılır. May-iyun aylarında çay daşmaları zamanı yaranan mənzərə regionlarda tullantılarla bağlı vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə ortaya qoydu.

Dünya təcrübəsində tullantıların təkrar emalı kifayət qədər gəlirli bir sahə kimi önə çıxmaqdadır. İnkişaf etmiş ölkələrdə bu sahədə yeni texnologiyaların tətbiqi ilə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda isə tullantıların idarə olunması sahəsində ciddi uğurun əldə olunduğunu söyləmək mümkün deyil.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib. Bunun 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Rəsmi statistikanın açıqladığı rəqəmləri əksər ekspertlər real hesab etmirlər, çünki regionlarda yaranan tullantıların idarə olunması vəziyyəti acınacaqlıdır. 

Təqdirəlayiq haldır ki, işğaldan azad olunmuş ərazilərdə bu sahəyə xüsusi diqqət yetirilir. Həmin ərazilərdə tullantıların idarə olunması Prezident İlham Əliyevin sərəncamı ilə “Təmiz Şəhər” ASC-yə həvalə edilib. Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ona tapşırılıb. 

ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun verdiyi məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tullantıların idarə edilməsi üzrə strategiyanın hazırlanması istiqamətində iş aparılır: “Bu sənəd ölkə üzrə artıq hazırlanıb, 8 regional poliqonun, 38 yükləmə-boşaltma məntəqəsinin yaradılmasını nəzərdə tutur. Bununla belə, işğal altında olan ərazilər azad olunduqdan sonra hökümətə müraciət olundu və Baş nazirin sərəncamı ilə komissiya yaradıldı. Həmin komissiya çərçivəsində də qeyd olunan ərazilər üzrə kiçik plan hazırlanıb. İşğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üzrə strategiyanın hazırlanması məqsədi ilə monitorinqin aparılması və vəziyyətin qiymətləndirilməsi üçün məsləhətçi şirkət seçilib. Gələcəkdə həmin strategiyanın ölkə üzrə ümumi strategiyaya inteqrasiyası nəzərdə tutulur, bu istiqamətdə də iş aparılır”.

O qeyd edib ki, hazırda qarşıya qoyulan əsas hədəf tullantıları minimuma endirməkdir: “Tullantılarla bağlı həyata keçirilən fəaliyyət ucuz xammalı əldə etməyə şərait yaradır. Bu sahədə 1100-dək yeni iş yeri açılıb. Eyni zamanda, Balaxanı Sənaye Parkına marağı artırmaq üçün xüsusi güzəştlər təyin olunub. Hazırda işğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması ilə bağlı yeni infrastruktur qurulur”.

Bir neçə gün öncə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib ki, Qarabağda müasir tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı infrastrukturunun yaradılması məqsədilə Regional Strategiya hazırlanıb. Onun sözlərinə görə, istehsal müəssisələrinin də tullantıların düzgün idarə edilməsində böyük məsuliyyəti var: “İstehsalçının genişləndirilmiş məsuliyyəti (İGM) konsepsiyası, məhsulun həyat dövrünün bütün mərhələlərində istehsalçının məsuliyyətini əhatə edir. Bu, məhsulun dizaynı, istehsalı, istifadəsi və son olaraq, tullantı kimi idarə olunmasını nəzərdə tutur. Azərbaycanda bu mexanizmin tətbiqi məqsədilə qanunvericilik bazası təkmilləşdirilir”.

M.Babayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal şəkildə iş aparılır: “Bu, yenidənqurma prosesinin vacib bir hissəsidir. Qarabağda müasir tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı infrastrukturunun yaradılması bizim əsas prioritetlərimizdəndir. Bu məqsədlə Regional Strategiya hazırlanıb”.

Nazir vurğulayıb ki, işğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb: “Bu tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in dəstəyini xüsusilə qeyd etmək istərdik”.

Açıqlamalardan görünür ki, işğaldan azad olunan ərazilərdə tullantıların müasir dünya təcrübəsinə uyğun idarə olunması siyasəti yürüdüləcək. Bu isə hər şeydən əvvəl bölgədə yüzlərlə yeni iş yeri deməkdir. Ümid etmək olar ki, Qarabağda yaradılan mexanizm digər bölgələrə də tətbiq olunacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR