Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.
Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi zamanı bildirib ki, müharibə olmaya bilərdi:
“Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər”.
Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin ATƏT-in sədri İan Borqla görüşü bir sıra yeni fikirləri də ortaya çıxarıb:
“Məsələn, Avropada sülhün və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan təşkilat bu gün Avropada baş verən real müharibələrdə ciddi mövqe sərgiləyə bilmir. Bu, Qarabağ müharibəsində də belə oldu. ATƏT Rusiya-Ukrayna münasibətlərində və sonra müharibəyə çevrilmiş formatdakı əlaqələrdə də eyni missiyanı davam etdirməyə başladı. “Soyuq müharibə”dən fərqli olaraq hazırda Avropada müharibə sülhün və demokratiyanın qat-qat önündə dayanan bir faktordur. İkincisi, regional təşkilatlar beynəlxalq hüquqa hörmət göstərirsə, onun prinsiplərinin reallaşmasına dəstək göstərirsə, birinci növbədə həqiqətən ATƏT “Soyuq müharibə” qalığı olan bəzi fəaliyyət proqramlarından imtina etməlidir. Konkret olaraq bunlara baxış ortaya qoymalıdır – 1) Müharibələrdən qaçmağın ən yaxşı yolu ədalətin bərpa olunmasıdır. Niyə ATƏT ədaləti görməzdən gəldi? Qarabağ müharibəsinin həlli kontekstində ciddi addımlar ata bilmədi. 2) Azərbaycan ərazi bütövlüyünü təmin edib. “Böyük Qayıdış” və bərpa prosesində niyə ATƏT-in hansısa rolunu, mövqeyini görmədik? O presedenti yaratmaq olmazdımı ki, ATƏT bu gün həmin addımları ataydı. 3) ATƏT real, amma müvəqqəti monitorinqlə bölgədə digər qurumların Ermənistanın nöqteyi-nəzərindən etdiyi çıxışı rahat şəkildə təkzib edəcək addımlar ata bilərdi. Bu, niyə mövcud deyil? Bu kimi məsələlər var”.
Ekspert ATƏT-in Minsk qrupunun vaxtilə göstərdiyi diplomatik turizm fəaliyyətindən, yeyib-içmək məclislərindən də xatırlatma edib:
“Bilirsiniz ki, ATƏT-ə üzv dövlətlər bu qurumun həyati fəaliyyətinə görə üzvlük haqqı ödəyirlər. Çox təəssüf ki, ATƏT sözün əsl mənasında yeyib-içmək, kabab məclisləri ilə, Azərbaycanın işğal altında olmuş ərazilərinin səfalı guşələrində kef məclislərilə yadda qaldı.
30 il ərzində ATƏT-dən söz düşəndə biz ancaq sanki turist proqramları çərçivəsində gəlib-gedən, hazır yeyən obrazlı diplomatlardan başqa kimsələri görmədik”.
Aytən Novruz
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ