İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ səmasında ilk şəhidimiz: Onun vurulması ilə düşmənin yeri aşkarlandı – REPORTAJ, FOTOLAR

Vətən müharibəsində qələbə tarixi yazan igidlərimizdən biri də Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımovdur. O, sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan ilk pilot olub. Ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Musavat.com-un əməkdaşı Vətən səmasını Şahin tək qoruyan qəhrəmanın evində olub, ailəsi ilə söhbətləşib.

Şəhidin anası Kifayət Qasımova oğlunun 1986-cı il martın 17-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Mehmandar kəndində anadan olduğunu və 1988-ci ildə ermənilər tərəfindən deportasiya edildikdən sonra Bakıya köçdüklərini deyib.

“Onun dünyaya gəlişi həyatımın ən gözəl hadisəsi idi. Sevinirdim ki, oğul anası olmuşam. O, 3 yaşına qədər xəstə oldu. Heç ilin 3 ayını evdə olmurduq.  Həyatımız xəstəxanalarda keçirdi. Allah onu həyatda saxladı ki, vətənini qorusun. Oğlumun 4 yaşı olanda taleyinə qaçqınlıq yazıldı. Yurdumuzu tərk edib Bakıya sığındıq. Sanki uşaqlıqdan Abbasın taleyinə Qarabağ yazılmışdı. Atası onu hələ kiçik yaşlarından qucağında Azadlıq meydanındakı mitinqlərə aparırdı. Əmiləri və atası ilə gecə yarısına kimi orada olurdu. Həmişə qışqırırdı ki, Qarabağ bizimdir. 4-5 yaşında mitinqlərə qatılan uşaq 35 yaşında Qarabağı azad etdi və şəhid oldu.   

Abbas atasını çox erkən, 6 yaşı olanda itirib. Həmişə onun həsrəti ilə yaşayıb. MTN-nin (İndiki DTX-red) Akademiyasında oxuyanda ona daha çox ehtiyac hiss edib. Deyirdi, atam olsaydı, hər həftə yanıma gələrdi. İstər məktəbdə, istərsə də akademiyada təhsil alanda heç vaxt məni incitməyib. Bildirirdi ki, haçansa ondan şikayət gələrsə, buna görə əzab çəkər. Oğlum akademiyanın sərhəd qoşunları fakültəsini seçmişdi. Qusar rayonunda 6 il zastava rəisi işlədi. Daha sonra Milli Aviasiya Akademiyasında bir illik kurs keçdi. Qüsursuz xidmətinə görə iki dəfə medalla təltif edilib. Həmişə məsuliyyətlə xidmət göstərirdi ki, ondan şikayət olunmasın. Xidmət etdiyi 20 il ərzində bir dəfə töhməti olmadı”.



Abbas Qasımov Siddiqə xanımla 7 il evli olub. Onların Əli Rza və Hüseyn adlı iki oğul övladları var.

Şəhidin xanımı: “Uşaqlarına çox bağlı insan idi. İstəyirdi ki, oğlanları savadlı olsun. Hətta onlara saymağı da birinci dəfə ataları öyrətmişdi. Deyirdi, hansı peşəni seçmələrindən asılı olmayaraq, qoy öz işlərinin peşəkarı olsunlar. Oğlumuz Rzanı ilk dərs günü məktəbə özü aparmaq istəyirdi. Ancaq işi ilə əlaqədar icazə alıb gələ bilmədi. Ona oğlumun məktəbli formasında şəkillərini çəkib göndərdim. Çox sevindi, dedi, evə qayıdan kimi özü onu dərsə aparacaq”.

Şəhidin anası Kifayət Qasımova:  “Mənə çox bağlı idi. Həm yaxşı övlad idi, həm də yaxşı ata. Qohumcanlı insan olub. Şən, zarafatcıl, gülərüz insan idi. Anası ola-ola bilmirdim ki, uşağım belə xeyirsevər imiş. Şəhid olandan sonra yoldaşları gəlib onun haqqında danışırlar.

Müharibənin olacağını deməmişdi. Heç ağlımıza da gətirməzdik ki, müharibə başlayar. Oğlunu sentyabrın 15-i məktəbə aparmağı arzulayırdı. Ancaq icazə ala bilmədi. Çünki müharibəyə hazırlaşırdılar. Dedi  ki, ana, mənim əvəzimdən Rzanı sən məktəbə apar.

Özü atasızlıq görmüşdü deyə istəyirdi ki, balaları ata qayğısı görsün. Lakin tale elə gətirdi ki, övladları da atasızlığı gördülər. Böyük oğlu dərk edir, heç nə demir. Amma balaca oğlu atasını çox arzulayır.

Abbas sonuncu dəfə sentyabrın 26-sı gəlib bizimlə görüşdü və getdi. Həmin gün axşam zəng edib dedi ki,  ana, bizə dua et. Nə baş verdiyini soruşdum. Cavab vermədi.  Səhərə qədər namaz qıldım, dua etdim. Səhəri günü Abbasdan heç bir xəbər ala bilmədik. Sentyabrın 28-i isə tabutunu gətirdilər. Mən ana, ata, yoldaş itirmişəm. Amma heç biri Abbas kimi məni yandırmadı. Sentyabr ayı girəndə elə bilirəm ki, boğuluram. Bir bu ayı, bir də bayramları istəmirəm”.

Siddiqə Qasımova: “Axır vaxtlar çox qəmgin idi, elə bil, əvvəlki deyib-gülən adam deyildi. Bəlkə də ürəyində gəzdirdiyi yük var imiş, bizə heç nə demirdi.

Ayın 27-si telefonuna zəng çatmadı. Abbasdan başqa bütün iş yoldaşları evlərinə zəng etmişdi. Təşviş içində idik. Dedilər, narahat olmayın, sağdır, orada internet tutmur. Ondan sonra rahat olduq. Sentyabrın 28-i səhər şəhid xəbərini, günorta isə bayrağa bükülmüş tabutu çiyinlərdə gəldi.

Təyyarə hədəfə doğru gedirmiş. Abbas və pilot yoldaşı Xalid Gözəlov həmin vaxt paraşütlə düşərkən snayper ilə vurulub. Hər ikisi göydə şəhid olublar. Onların vurulması ilə Ordumuz düşmənin mövqelərini aşkarlayıb, məhv ediblər”.

Şəhidin anası deyir ki, balaca nəvəsi eynən oğluna bənzəyir:

“Balaca nəvəm oğlumun etdiyi hərəkətləri edir. Gecə yatmağa gedəndə Hüseyn atasının dediyi sözləri mənə deyir. Məni gah “nənə”, gah da Abbasın dili ilə “mama”, “arvad” deyə çağırır.

Abbas həmişə işə gedəndə səhərlər gəlib məni oyadıb gedirdi. Mən də ayağa durmurdum ki, qoy yoldaşı yola salsın. Həmişə pəncərədən durub arxasınca baxırdım və dua oxuyurdum. Sonuncu dəfə də dua etdim. Gəlib uşaqlarını öpüb sağollaşdı. Heç inanmazdım ki, belə müharibə olar...”. 

Siddiqə xanım: “Uşaqlarım atalarını özlərini dərk etdiyi bir vaxtda itirdilər. Onların xatirələri olubsa da, indi çox qalmayıb. Daha çox böyük oğlum Abbası xatırlayır. Onlar üçün ən ali varlıq atadır. Bəzən evdə söhbət edəndə deyirlər ki, evdə ən böyük atadır.

Mən yoldaşımı şəhidlikdən sonra daha çox tanıdım. Dostu gəlib onun etdiyi xeyirxahlıqlardan danışırdı. Kiminin aliment pulunu ödəyib, kiminin müalicəsinə yardım edib. Bizim isə indiyə kimi bundan xəbərimiz olmamışdı. Sağlığında Abbas bu barədə bir kəlmə də danışmazdı. Bəlkə də belə ürəyinə görə Allah onu yanına tez apardı.

Səhər-səhər özüm yola saldım. Düşündüm ki, axşam qayıdıb gələcək. Nə bilərdim ki, belə olacaq”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR