İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ məsələsi bitməyib”sə, müharibə də bitməyib! – Ermənistanın sonu yaxınlaşır

Ermənistan rəhbərliyinin sülh boşboğazlığı yəqin ki, hələ bir müddət davam edəcək. Yəni bölgə üzərindən barıt qoxusu tezliklə çəkilməyəcək. Əgər bu zay toplum və onun geydirmə dövləti təzə-təzə “qucaq” dəyişibsə, indi də Qərbin “masaşı”na çevrilibsə, Azərbaycanla sülh anlaşmasının yaxında olduğunu söyləmək üçün gərək ifrat optimist olasan. Keçək mətləbə.

Axır vaxtlar uzaq havadarlarının boş vədlərindən və anti-Azərbaycan ritorikasından ruhlanan İrəvan rəsmiləri xüsusən də gorbagor olmuş “artsax məsələsi”ni böyük həvəs və cəsarətlə beynəlxalq güdəmə daşımağa çalışırlar. İki fakt.

“Qarabağ məsələsi hələ həll olunmayıb, o, havadan asılı durumdadır”.

Bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

Ardı daha maraqlıdır. “Vaxtilə Kosovo da “azad edilmişdi” (Qarabağdan erməni köçünə işarə edilir – red.), 1,5 milyon insan oradan çıxarılmışdı, lakin sonra onlar geri qaytarıldı və Kosovonun müstəqilliyi tanındı. İndi dünya deyir ki, “artsax” xalqı sərbəst şəkildə Qarabağa qayıda bilməlidir. Bakı isə bildirir ki, onlara kim demişdi çıxıb getsinlər?”, - Melkonyan havalı şəkildə bildirib.

Əliyev strateji hədəfləri elan etdi: Cənubi Qafqaz dəyişəcək, erməni  terrorizminin sonu yaxınlaşır

İştahalarına bax! Diqqət edin, bu sayıqlama hansısa radikal erməni revanşistin yox, Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını gecə-gündüz bəyan edən Nikol Paşinyanın komanda üzvünün ağzından çıxır. Deməli, İrəvan hələ də Bakı ilə sülh müqaviləsini hansısa “artsax” bəndi ilə birgə təsəvvür edir. “Bəlkə də qaytardılar” xəyalı ilə yaşayır. “Miatsum” mərəzi hələ də canlarından çıxmayıb...

Bəs münaqişə başlayanda öz ata-baba torpaqlarından qovulan 300 minə yaxın qərbi azərbaycanlı? Niyə onlar üçün də “Kosovo variantı” məqbul sayılmasın? Hər halda etnik azlıqlarla bağlı situasiya artıq bərabərləşib. Necə deyərlər, ilahi ədalət gec də olsa, yerini tapıb.

Amma görün Paşinyanın başqa bir yüksək çinli məmuru – xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bu xüsusda nə sarsaqlayır. Sitat: “Azərbaycanlıların Ermənistana qaytarılması məsələsi sülh müqaviləsi üzrə danışıqlara daxil edilməyib. Biz dəfələrlə vurğulamışıq ki, bu problem Azərbaycanın bir sıra qeyri-konstruktiv yanaşmalarından biridir”.

Soydaşlarımızın öz təməl haqlarına istinad edib yurd yerlərinə qayıtmaq istəyi “qeyri-konstruktiv yanaşma” imiş! Xeyir ola, qərbi azərbaycanlıları məgər ana doğmayıb, ya bəlkə Qarabağın keçmiş erməni sakinləri köynəkdə dünyaya gəlib və ya göydən zənbillə endiriliblər?

Əslində bu erməni rəsmisinin tər-təmiz irqçi, faşist yanaşmasıdır. Ona görə ki, universal insan haqları milliyyətindən, dinindən asılı olmayaraq bütün insanlara və xalqlara şamil olunur. Ancaq yada salanda ki, yarandığı ilk gündən Ermənistan bir terrorçu dövlətdir və orada iqtidarlar dəyişsə də, onun xisləti dəyişməyib, təəccübə, tərəddüdə yer qalmır...

Paşinyan Cənubi Qafqazı Yaxın Şərqlə müqayisə etdi

Hələ guya Paşinyan bunların ən böyük demokrat lideridir. Amma İrəvanda “İmezis” terrorçularına məhz onun hakimiyyəti dövründə - bu ilin aprelində abidə-kompleks ucaldılıb. O terrorçu-şərəfsizlər ki, onlar ötən əsrdə Türkiyə və Azərbaycanın bir sıra ictimai-siyasi xadimlərini və diplomatlarını qətlə yetiriblər.

Səfəryanın sözündən belə çıxır ki, Qarabağda yaşamış bir ovuc köçmən erməniyə qərbi azərbaycanlılarla eyni status verilə bilməz. “Ac toyuğun yuxuda darı görməsi” misalı. Daha xəbərləri yox ki, qatar çoxdan gedib...

Cənab haylar, indi sizin üçün 80-ci illər deyil. Yuxarıda yazdıq, situasiya tam bərabərləşib - 50:50-yə. Yəni güzgü effekti: ya soydaşlarımızı mərifətli şəkildə, ağıllı-başlı qəbul edib onlara eyni statusu, eyni haqqı tanıyacaqsınız, təhlükəsizliklərini bal kimi təmin edəcəksiniz, ya da qulağınızın dibini görəndə ermənilərə də Qarabağda status görərsiniz!

Sonda “Qafqaz qaraçıları” bunu da unutmasın ki, “Qarabağ məsələsi bitməyib”sə, müharibə də bitməyib. Əcəba, daha bir savaşmı arzulayırsınız? O zaman onu alacaqsınız – bütün dəhşətli nəticələri ilə birgə!

Ona da şəkk-şübhə yox ki, əgər Paşinyan bu minvalla odla oyunu davam etdirsə, bir azdan həqiqətən Güney Qafqazın üç ölkəsindən biri yoxa çıxacaq. Bizdən xəbərdarlıq eləmək...

Siyasət şöbəsi,
Musavat.om

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR