İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri İrəvan ermənilərinə qarşı - köhnə konflikt alovlanır

Hələ sovet dövründə qalma  narazılıq yenidən üzə çıxdı

30 illik işğaldan sonra Laçının yaşayış məntəqələrinin Azərbaycanın nəzarəti altına qaytarılması Xankəndi erməniləri ilə İrəvan arasında gərginliyi daha da artırıb. Son həftələr gərginlik o həddə çatıb ki, Xankəndindəki separatçı qurumun “ərazi idarəetmə naziri” Ayk Xanumyan kifayət qədər emosional bəyanatla çıxış edib. O, İrəvan ermənilərini oğurluq, qarət və yalanda ittiham edib.

O, “Facebook” səhifəsində yazıb ki, avqustun ortalarında yerli yarımstansiyadan Zabux və Laçına elektrik enerjisinin verilməsi dayandırılıb və bu yaşayış məntəqələri elektrik enerjisini Xankəndidən yeni xətlə almağa başlayıblar. Bir neçə gündən sonra yanğın bu yeni elektrikötürücü xəttini məhv edib. Bundan sonra İrəvandan gələn ermənilər Laçındakı yarımstansiyadan transformatorun yağını, Zabuxda isə optik-lif kabelini oğurlayıblar və Qarabağda internet kəsilib. Sonra oğrular rabitə qülləsini talan edərək onları metal qırıntılarına çeviriblər.

Bu, Qarabağ “hakimiyyəti”nin evləri yandırmamaq və infrastrukturu talan etməməkə bağlı yerli əhaliyə çağırışına baxmayaraq, baş verib. Xanumyan Ermənistandan gəlib Laçında yanğınlar törədən saxta vətənpərvərləri Qarabağ “hakimiyyəti”ni gözdən salmaqda və ermənilərin maraqlarına zərbə vuran dezinformasiyanın yayılmasında ittiham edib.

Qeyd edək ki, avqustun 12-də dövlət televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev bu məsələ barədə maraqlı fikirlər bildirib. “Digər nəticə ondan ibarətdir ki, - mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”.

Xanumyanın Ermənistandan gələn ermənilərin Laçındakı əməlləri haqda dedikləri də təsdiq edir ki, ermənilər arasında nifaq artıq böyüməkdədir. Daha bir nüans: Qarabağ erməniləri ilə Ermənistandakı ermənilər arasında əslində hələ sovet dövründə daima narazılıq olub. Ermənistan erməniləri Qarabağda məskunlaşanlara “ikinci sort” ermənilər kimi baxıblar. Bu münasibətlərin indilikdə daha da pisləşməsini Bakı öz xeyrinə necə çevirə bilər? Qarabağ erməniləriilə İrəvan erməniləri arasında konfliktin dərinləşməsi ehtimalı varmı? Bu, Azərbaycanın xeyrinədirmi?

Qarabağda nə baş verir - Mühüm AÇIQLAMA Manset.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki,  Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında gərgin münasibətlər, fikir ayrılıqları Qarabağ klanı hakimiyyətdə olduğu zamanlardan kəskinləşməyə başlayıb. 44 günlük müharibədə və müharibədən sonrakı müddətdə isə dərinləşib. İrəvan erməniləri artıq yavaş-yavaş dərk etməyə başlayır ki, Qarabağ məsələsi, Qarabağ klanı onlara ancaq fəlakət gətirir. Qarabağ erməniləri isə Ermənistan ermənilərini onların taleyi ilə oynamaqda günahlandırırlar: “Qarabağdan olan ermənilər, onların Ermənistanda siyasətdə, hərbidə olan nümayəndələri daim xarici qüvvələrin yardımı, diktəsi ilə hərəkət ediblər və bu siyasətdən öz maraqları üçün bəhrələniblər. Ermənistan erməniləri isə bu siyasətin nəticəsində övladlarını itiriblər, səfalət vəziyyətinə düşüblər. 44 günlük müharibədən əvvəl Qarabağdakı ermənilərin durumu ilə indiki durumları çox fərqlidir, onlara Ermənistan ermənilərinin də münasibəti daha da mənfiyə dəyişib. Müharibənin nəticələri onların arasında ziddiyyətlərin artmasına gətirib çıxardı. İndi də Laçın şəhəri və digər ərazilərin Azərbaycana geri qaytarılması ermənilər arasında yanan alova benzin tökülməsi təsirini yaratmış olub. Yayılan xəbərlərdən və ermənilərin özlərinin yazdıqlarından belə aydın olur ki, bir-birilərini ittiham edirlər, artıq günahkar kimi bir-birilərini göstərirlər, bir-birilərinin cinayətlərini ifşa edirlər, bir-birilərini cinayətkar, oğru adlandırırlar. 30 ildən artıq aparılan ”Miatsum" siyasətinin iflasa uğraması hər gün hiss olunur".

Bakının bu vəziyyətdən öz xeyrinə necə istifadə etməsi məsələsinə gəldikdə, politoloq qeyd etdi ki, Azərbaycan torpaqlarını azad etmək istiqamətində, Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətini, siyasətini davam etdirməlidir: “Azərbaycanın bu istiqamətdə hər bir uğuru Qarabağ erməniləri ilə İrəvan ermənilərinin arasında münasibətləri daha da alovlandırcaq. Bu isə Ermənistanın daha da zəifləməsinə, separatçı ermənilərin də paralel olaraq çöküşünə təsirini göstərəcək. Son nəticədə Qarabağdakı Azərbaycan vətəndaşı sayılan ermənilərin üzərində Azərbaycanın təsirinin artacağını qaçılmaz edəcək. Azərbaycan Prezidenti də bəyan edib ki, zaman keçdikcə Qarabağdakı ermənilərə Ermənistanın təsiri zəifləyəcək, Azərbaycanın təsiri isə artacaq. Azərbaycanın təsiri artıqdan sonra Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərin güzəranı get-gedə yaxşılaşacaq. Bunu ermənilər dərk etməlidirlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR